Lent.az “Əyalətdə kim var, kim yox?” rubrikasında silsilə yazıları davam etdirir. Rubrikanın aparıcısı tanınmış yazar, şair Murad Köhnəqaladır. Bu rubrikada ölkəmizin müxtəlif bölgələrində yaşayan maraqlı, öz istedadı və qəribəliyi ilə seçilən adamlarla müsahibələr və reportajlar yer alır.
Murad Köhnəqala bu dəfə Tovuzdan yazır...
Bizdə ona “kümbəzi” deyirlər. Ancaq bilirəm ki, bu “günbəz” sözünün təhrif olunmuş formasıdı.
Kəndimizin qəbiristanlığında bir günbəz var. Eni beş metr, uzunu isə altı metr olan bu qədim tikilinin üstü Misir piramidaları formasında örtülüb. Günbəzin aşağı hörgüsündə qara daş və kərpicdən istifadə olunub. Piramidaya bənzər dam örtüyü isə kündə şəklində olan xüsusi seçilmiş qara daşdan hörülüb. Yastı qara daşları böyük ustalıqla üst-üstə düzərək günbəzə örtük qoyublar. Piramidanın zirvəsində isə quş yuvasına bənzər oyuq var.
Uşaq vaxtı qəbiristanlığın günbəz yerləşən bu köhnə tərəfində futbol, “alman-sovet” oynayardıq. Futbol oynayarkən qədimi iri baş daşları qapıları əvəz edərdi. Qəbiristanlığın bu qədimi tərəfi geniş və yaşıllıq olduğundan başımız elə bu yanda qarışar, aşağılarda təzə dəfn olunanların qəbirlərinə yaxın getməzdik. Əcdadlarımızın iri və ağ sal qəbir daşları bizimlə dostluq edər, heç bir vahimə yaratmazdı. “Alman-sovet” oynayanda isə ən axıra qalan “partizan” mütləq günbəzdə gizlənərdi. Günbəzin içərisində balaca başdaşı olan qəbir vardı.
Biz hərdən günbəzin üstünə də dırmaşıb, özümüzü günə verərdik.
Günbəzin yaranma tarixini öyrənmək üçün kəndimizin yaşlı sakinlərindən sayılan fizika-riyaziyyat müəllimim İslam Kamranovu ziyarətə getdim. İslam müəllimin söylədiyinə görə, kəndimizdən axan Zəyəm çayının üst sahilindəki torpaqlarda Alı bəy adlı varlı adam yaşayırmış. Alı bəy erməni qızı ilə evlənir və bir gün islam dinini arvadına qəbul elətdirdiyini camaata danışır. Bəyin bu xəbərinə görə ona yeni torpaq və suvarma üçün arx yeri bağışlayırlar. Bu hadisədən sonra Alı bəy daha da zənginləşir.
Həmin vaxtlarda kənddə biri-birini sevən iki gənc varmış. Deyilənə görə, sevənlərin hər ikisi gözəl və yaraşıqlı imiş. Günlərin bir günü Alı bəy qızı görür və ona gözü düşür. Söhbət bütün kəndə yayılır. Sevgililərin Alı bəyə gücləri çatmadığından biri-birinə qoşulub qaçmaq qərarına gəlirlər. Bu işdə onlara oğlanın bacısının əri, yəni yeznəsi və bir neçə yaxın dostu yardımçı olur. Əhvalatı eşidən Alı bəy başının dəstəsi ilə sevgililəri axtarmağa çıxır. Onlar “Tatar yeri” deyilən tərəfdə yemək aparan bir adamı təsadüfən tutur və işgəncə verərək sevgililərin gizləndiyi yeri öyrənirlər. Azğınlaşmış dəstə üzvləri oğlanın özünü, yeznəsini və onları qorumağa gələn dostlarını öldürərək sevgilisini götürüb gedirlər. Bu hadisədən sonra həmin yerə “Qanlı dərə” deyirlər.
Alı bəyin bu hərəkətini nifrətlə qarşılayan kənd camaatının gücü yalnız öldürülənləri dəfn etməyə çatır. Sevən oğlanın bacısı isə qardaşı ilə ərinin xatirəsini yaşatmaq üçün onların qəbirlərinin üstündə bu günbəzi tikdirir. Deyilənlərə inansaq, o vaxtlar sement olmadığına görə, günbəzin hörgüsündə qoyun südü ilə yumurtanın qarışığından istifadə edilib.
Bu tarixçənin sonu isə qisasla bitir. Demək, az keçməmiş, günbəzi tikdirən xanımın bir oğlu dünyaya gəlir. Oğul atasının və dayısının qanlı tarixçəsini eşitdikdən sonra Alı bəydən qisas almaq fikrinə düşür.
Deyirlər, bir gün oğlan at belinə zorla qalxan Alı bəyi görüb fikirləşir, onu indi öldürməsəm öz əcəli ilə ölə bilər və öcüm onda qalar. İllərdi intiqam hissi ilə yaşayan oğlan həmin gecə girib külafirəngidə yatan Alı bəyi qətlə yetirir.
Başqa bir versiyada isə deyilir ki, anasının gəncliyini məhv elədiyinə görə, Alı bəyi zorla qaçırdığı həmin qızdan olan oğlu öldürür.
Müəllimimin dediyinə görə, günbəzin bu tarixçəsini ona uşaq vaxtı dayısı danışıbmış.
Lakin günbəzin arxitekturası və söylənilən tarixçəsinin bəzi detallarından bilmək olur ki, abidənin tarixi çox qədim, əhvalatı isə tamam fərqlidi.
Birincisi, günbəzin zirvəsində düzəldilmiş daş yuva nə vaxtsa orda yağ ocağı qalanmasından xəbər verir. İkincisi, abidənin tikintisində istifadə olunan süd və yumurta söhbəti bu tarixi lap uzaqlara aparır. Üçüncüsü, Ali bəy adlı adamın arvadının erməni olması heç də inandırıcı səslənmir. Çünki erməni qızının şəninə torpaq sahəsi, yaxud arx yeri verməzdilər. Söhbət tarixin daha dərinliklərinə, xristian türk tayfalarının mövcud olduğu zamanlara gedib çıxır. Dördüncüsü, tarixçəsi lap yaxınlara çəkilmiş bu əfsanədə iddia olunduğu kimi, günbəzin içində iki yox, tək qəbir vardı. Sözsüz ki, söylədiyim versiyalarda yanlışlıqlar ola bilər. Mütəxəssislər maraqlansa, araşdırıb abidənin tikilmə səbəbini və tarixini dəqiqliyi ilə ortaya çıxara bilərlər.
Lakin günbəzin tarixçəsi təkcə bunlarla bitmir.
1978-ci ildə əsgərlikdə olarkən mənə günbəzlə bağlı kəndimizdə baş verən qanlı olay haqda yazıb göndərmişdilər. Demək, Sabirabad rayonundan qohumunun dəfninə gəlmiş biri günbəzlə maraqlanır. O, tikili haqda tam məlumat almaq üçün bir neçə gündən sonra özü ilə qədim abidələrdən başı çıxan bir “mütəxəssis” gətirir. “Mütəxəssis” günbəzin içindəki qəbirdə qızıl olduğuna iddia edir. Həmin gün qonaqlar kənddəki dostları Aydının evində gecələyir və bir neçə gündən sonra qəbri qazıb açmağa gələcəklərini bildirirlər. Sabirabadlı qonaqlar getdikdən sonra Aydın bu əhvalatı onuncu sinifdə oxuyan dostu Xaliqə danışır. Xaliq bu sirri evdə nənəsinə və babasına danışır. Kənddə sələmə pul buraxan Cəvahir nənə növbəti gecə qoca əri Əli kişini və nəvəsi Xaliqi götürüb, günbəzi qazmağa gedir. Fağır Əli kişi arvadın hökmü ilə içəridəki qəbri qazaraq altını üstünə çevirir.
Bir neçə gündən sonra sabirabadlı, “Ağ Ayı” ləqəbli qonaq öz dəstəsi ilə qəbiri qazmağa gəlir. Qəbri qazılmış vəziyyətdə görən dəstə qəzəblənərək Aydının üstünə dirənir ki, qızılları sən aparmısan. Onu gözləyən işgəncələri gözünün qarşısına gətirən Aydın əhvalatı Xaliq adlı dostuna dediyini bildirir. “Ağ Ayı”nın dəstəsi Aydını çöldə qarovulçu qoyub gecəyarı Xaliqgilə soxulur və evdəkilərdən “qızılları” tələb edirlər. Evdə dörd nəfər olur: Xaliq, nənəsi, babası və azyaşlı bacısı. Onlar saatlarla ağır işgəncələr altında qızıl soruşurlar. Ev sahibləri and-aman eləyirlər ki, qəbirdə qızılabənzər heç nə olmayıb. Gələnlər səhərə yaxın evdəkilərin hamısını öldürüb aradan çıxırlar. Azyaşlı qızı da bıçaqla vurduqdan sonra ölmüş bilib evin bir küncünə atırlar. Quldurlar getdikdən sonra yaralı uşaq özünə gələrək sürünə-sürünə küçəyə, ordan da qonşuya gəlir. Qanlı hadisə kəndə, az keçməmiş rayona yayılır. Hüquq mühafizə orqanları kənddə günlərlə fövqəladə vəziyyət yaradır. İy bilən təlim itləri ilə hər yanı yoxlayırlar. Şübhələndikləri adamı polis şöbəsinə aparıb döyərək sorğu-sual edirlərmiş. Sonunda, qətlə yetirilmiş Xaliqin dostu sayılan Aydını da ifadə verməyə aparırlar. Bir-iki şillədən sonra Aydın hər şeyi danışır. Sən demə, evdəkiləri qətlə yetirən quldurlar iz itirmək üçün Aydıngilə axar çayla gediblərmiş.
Ciddi axtarışlardan sonra cinayətkarları bir ay ərzində tutub müttəhim kürsüsünə əyləşdirirlər. Dəstənin üç ən qanlı üzvünü ömürlük həbs cəzası ilə Rusiyanın müxtəlif türmələrinə göndərirlər. Aydına isə on üç il iş verirlər. On üç il həbs cəzası çəkdikdən sonra azadlığa çıxacağı gün Aydını, qumarda çoxlu borcu olduğuna görə, bayıra bir addım atmamış, elə içəridəcə öldürürlər.
Onda “Ağ Ayı”nın ömürlük həbs cəzası almış dəstəsinin “öldü” xəbəri çoxdan yayılmışdı...