2014-cü ildə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 milyard 113 milyon 622,4 min manat vəsait daxil olub. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, proqnoza 100,2 faiz əməl edilib. Bu məbləğin 32,4 faizi mənfəət vergisinin, 28,8 faizi əlavə dəyər vergisinin, 13,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15 faizi isə digər vergilərin payına düşür.
Qeyri neft-qaz sektoru üzrə büdcəyə 4 milyard 306 milyon 486,5 min manat vəsait daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 14,5 faiz çoxdur.
Hesabat dövründə respublika üzrə 82 688 vergi ödəyicisi qeydiyyata alınıb. Yanvarın 1-i 2015-ci il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 609 742 olmuşdur ki, bu da 2014-cü ilin 1 yanvar tarixinə qeydiyyatda olan vergi ödəyicilərinin sayından 13,4 faiz çoxdur.
2014-cü ildə respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,2 faiz təşkil edib.