Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Yasamal rayonu üzrə 1 saylı, Suraxanı rayonu üzrə 5 saylı tibbi-sosial ekspert komissiyalarının yeni inzibati binalarının açılışı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov digər sahələrdə olduğu kimi, tibbi-sosial ekspertiza xidməti sahəsində də aparılan işlərin təkmilləşdirildiyini vurğulayıb. Nazir müavini bildirib ki, əvvəllər tibbi-sosial ekspert komissiyalarının daimi inzibati binaları olmadığından müxtəlif ünvanlarda, ayrı-ayrı qurumların balansında olan binalarda pərakəndə şəkildə yerləşərək qeyri-münasib şəraitdə fəaliyyət göstərirdilər. “Bu da vətəndaşların qəbulunda, komissiyanın normal fəaliyyətində, ekspertiza müayinələrinin aparılmasında çətinliklər yaradırdı”.
Nazir müavinin sözlərinə görə, bu çətinliklər aradan qaldırılır.