Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini: “13-14 yaşlı məktəblilər arasında narkotik istifadəçiləri artır”
24 iyun 2014 18:30 (UTC +04:00)

Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini: “13-14 yaşlı məktəblilər arasında narkotik istifadəçiləri artır”

“Azərbaycanda narkomaniya cavanlaşır. Artıq 13-14 yaşlı məktəblilər arasında da narkotik istifadəçilərinin sayı artır”. Bu fikirləri APA TV-də yayımlanan “Sosium” verilişinin qonağı, Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib.

Onun sözlərinə görə, vəziyyətin ciddiliyini nəzərə alaraq orta məktəblərdə müəllim və şagirdlər üçün vahid kurikulum hazırlanıb: "Bu kurikulumlar vasitəsi ilə təbliğat imkanlarını genişləndirmək lazımdır. Bu gün narkobiznes məktəblərə ayaq açmaqdadır. Xüsusi kitabçalar hazırlanır. Gələcəkdə plan var ki, bu kitabçalar dərs şəklində tədris olunsun. Əvvəlcə müəllimlərə təbliğat materialları izah olunacaq. Onlar da dərslərdə bunu uşaqlara çatdıracaqlar".

Leyla Yolçiyevanın sözlərinə görə, daha bir narahatlıq doğuran məqam məktəblilərlə yanaşı qadınlar arasında da narkotik istifadəçilərinin sayının artmasıdır: “Ötən il Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı 393-dən 516 nəfərə çatıb. Bu rəqəmlər dövlət müəssisələrinə göndərilən sorğular əsasında tərtib edilib. Narkotacirlər artıq uşaqlar və qadınlar da cəlb edir. Narkotik maddələr sadə insanlara əvvəlcə pulsuz paylanır. Çətini tora salana kimidir. Araşdırmalara görə tora düşənlər daha çox subay xanımlardır. Amma belə insanlar arasında ailəli qadınların da sayı az deyil. Elə olur ki, qadınları bu yola narkoman ərlər vadar edir. Bütün bunlar hamısı məlumatsızlıqdan irəli gəlir”.

Mütəxəssis hesab edir ki, Azərbaycanda narkomaniyaya qarşı təbliğat prosesi pərakəndə şəkildə həyata keçirildiyi üçün nəticə zəifdir. Bu səbəbdən də milli konsepsiyanın hazırlanması nəzərdə tutulur: "Milli konsepsiya işlənməlidir. Narkotiklərə qarşı mübarizə tədbirləri vahid mərkəzdən idarə olunmalıdır. QHT-lər və dövlətin birgə layihəsi olmalı və işçi qrup yaradılmalıdır . Düzdür, müxtəlif qurumlar müxtəlif üsullarla təbliğat aparırlar. Amma bu təbliğat birgə mübarizəyə çevrilməsə, ciddi irəliləyişə nail ola bilməyəcəyik. Faktiki olaraq hər il Azərbaycanda narkotik istifadəçilərinin sayı artır. Deməli indiyə kimi aparılan təbliğat nəticə vermir. Ona görə ki, bu təbliğat pərakəndə şəkildə gedir".

Bəs yaxınlarımızın narkoticarətin qurbanına çevrilmək üzrə olduğunu necə öyrənmək olar? Narkomaniyaya qurşanmaqda olan şəxsdə hansı ilkin əlamətlər müşahidə olunur? Leyla Yolçiyeva deyib ki, bir balaca məlumatlı və diqqətli olan adamlar bunu ilk baxışdan müəyyənləşdirə bilər: “Ən azı şübhələnmək olar. Adətən, ilkin əlamətlər belə olur. Narkomanların gözləri axır, üzlərinin rəngi dəyişir, ağızları elə olur ki, əyilir. Bəzən soyuqda istilənir, istidə üşüyürlər. Bu əlamətləri görən adamlar yaxınlarının vəziyyəti ilə əlaqədar narkoloji dispanserlərə və ya həkimlərə müraciət etməlidirlər. Başlanğıcda geri dönüş mümkündür. 5-6 ildən çox istifadə edənlərin müalicəsi isə çox çətindir".

Narkotiklərə Qarşı Mili Təbliğat Ofisinin müdir müavini Leyla Yolçiyeva bildirib ki, ötən ilin yekunlarına görə, Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 367 nəfərdir. Onlardan 22 min nəfəri dispanser, 6 minə yaxını profilaktik qeydiyyatdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724
avatar

Oxşar yazılar