Müsavat Partiyası seçkilərdə iştirak edən müşahidçilərinə istinadən 10 saylı Binəqədi üçüncü seçki dairəsinin 7 və 8 saylı seçki məntəqələrinə “karusel” metodu ilə seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışıldığına dair məlumat yayıb. Partiyanın yaydığı məlumatda bildirilir ki, eyni adamların bir neçə dəfə səs verdiyi müşahidə edilib və bu barədə məntəqə seçki komissiyasının sədrinə məlumat verilib.
Aznews.az saytı isə Müsavat Partiyasının bu iddiası ilə bağlı maraqlı xəbər yayıb. Xəbərə görə, adıçəkilən məntəqələrdə müşahidə aparan Müsavat Partiyasının müşahidəçiləri - Əzizov Əliş Təyyar oğlu və Hacıyev Sabit Ziyəddin oğlu heç bir qanun pozuntusunun baş vermədiyini bildirdiyi halda partiyanın yaydığı bəyanatda onların dedikləri tam əksinə verilib: “Əslində partiyanın müşahidəçiləri mərkəzi qərargaha seçkilərin normal keçdiyi ilə bağlı məlumat veriblər. Müsavat Partiyasının “bu məntəqələrdə həyata keçirilən “karusel” metodu nəticəsində seçicilərin aktivliyinin artırılmasına nail olmağa çalışması” barədə xəbəri bu partiyanın öz müşahidəçilərinin də təəccübünə səbəb olub”. Sayt müsavatçılar arasındakı telefon danışığının səsini əldə edib.
Lent.az həmin danışığın səs yazısını təqdim edir.