(VI yazı)
Şaiq danışırdı ki, Lal Mumunun cəsədini qucağına sıxaraq irəlidə gedir, mən də bel çiynimdə onun arxasınca irəliləyirdim. Belinə yağış döyən Lalın düz qaməti əyilmiş, keçən bu bircə gündə elə bil xeyli qocalmışdı.
Biz yay aylarında çimdiyimiz balaca gölün ətrafındakı meşəliyə girdik. Mən önümdə gedən bu kədər daşıyıcısını dayandırmır, “qoy, harda istəyir orda da basdırsın öz Mumusunu” deyə, düşünürdüm.
Nəhayət, Lal iri bir ağacın yanında dayanaraq dönüb mənə nəsə mızıldandı. Sonra o, Mumunun cəsədini xəzəllərin üstünə qoyub qarşımızdakı iri gövdəli ağacla öz dilində söhbət etdikdən sonra qəfil onu qucaqlayıb hönkürdü. Lalın göstərdiyi bu ayini heç bir yerdə görməsəm də, onu dərindən anlamış, gördüyüm mənzərədən kövrəlmişdim.
Deyəsən, yağış səngimişdi. Lal beli əlimdən alıb ağacın qarşısında bir qəbirlik yer cızdı və oranı qazmağa başladı. O, beləcə dayanmadan qazır, qazır, qazırdı. Arada beli onun əlindən alıb qolunu dəyişmək istəsəm də, mənə məhəl qoymadan işinə davam eləyirdi. Mənə yalnız siqaret tüstülədərək kənardan ona baxmaq qalırdı.
Təxminən metr yarım dərinliyində balaca qəbir qazdıqdan sonra beli kənara qoydu. Mən hərəkətə gəlmək istəyəndə əli ilə “lazım deyil” dedi və diz üstə çökərək Mumunun cəsədini saralıb çürümüş yarpaqların üstündən sırıqlıqarışıq götürdü. Beləcə, Mumu qucağında, ayağa durmadan dizüstə sürünərək qazdığı quyuya tərəf gəldi və sevimli itini son mənzilə endirdi. O, quyunun üstündən nələrsə danışıb Mumu ilə vidalaşdıqdan sonra ayağa durub qazdığı torpağı onun üstünə kürüdü.
Mərasim bitdikdən sonra Lal beli mənə verib, Mumunun qəbrinin ayağında, ağacın qarşısında dik dayanaraq onunla danışdı və öz sədaqətli dostunun qəbrini əzəmətlə dayanmış bu varlığa tapşırdı.
Biz artıq meşədən evə tərəf üz tutmuşduq. Mən səhərki qaydada bel çiynimdə başını aşağı salaraq əllərini arxasında cütləmiş vəziyyətdə irəlidə gedən Lalın arxası ilə irəliləyirdim. Onun bu halı mənə nə vaxtsa kəndimizdə gördüyüm dəfndən qayıdan qoca kişiləri xatırladırdı.
Həmin gün onsuz da inşaatımıza gedib işləməyə halımız yox idi. Evə çatanda Lal mütləq bir araq içib bu kədəri yumaq lazım olduğunu bildirdi. İçib dəmləşəndə Lalın aqressivləşdiyini bilsəm də, özlüyümdə onu nəzarətdə saxlamaq fikri ilə araq, turşu və kolbasa götürüb süfrə açdım. Bir az içdikdən sonra Lalın yenidən beyni qızdı, ağlayaraq “Niva”nın sürücüsünü harada olsa tapıb öldürəcəyini söylədi. Mən onu sakitləşdirməyə çalışır, “Niva”nı tapmaqda ona kömək edəcəyimi bildirirdim. Sonda Lal sakitləşərək məni qucaqlayıb ağladı.
Şaiq söyləyirdi ki, Lal tez-tez Mumunun qəbrinə baş çəkməyə, onunla söhbətləşməyə gedir. Əvvəllər məni də aparırdı, son vaxtlar özü təkcə gedib-gəlir. Ora çatarkən ağacı yaxın qohumu kimi qucaqlayır, Mumunun qəbri üstə dayanıb onunla söhbət eləyir, başına gələnləri danışır. Mumunu ziyarətdən sonra onda həmişə bir yüngüllük, könül rahatlığı hiss eləyirəm. Əvvəllər elə bilirdim, Lal getdikcə ağlını itirir. Əslində isə insanlardan heç zaman yaxşılıq görməyən birisi üçün heyvanlar və ağaclar daha doğma olmalıdı, əlbəttə.
Mən son vaxtlar, bacardıqca Lalı araq içməyə qoymurdum. Çünki içən kimi aqressivləşir, Mumunu xatırlayaraq onu vurub qaçan “Niva”nın sürücüsünü tapıb boğazını üzəcəyini söyləyirdi. Doğrusu, Mumunu vurub qaçan o adamı ilkin zamanlar mən də çox soraqlayıb axtarmışdım, ancaq görənə-bilənə rast gəlməmişdim. Lalın söylədiklərindən təxmin edirdim ki, sükan arxasında olan o adam içkili olub. Çünki normal sürücü yağışlı havada o yola qəfildən, özü də həmin sürətlə burulub çıxmamalı idi.
Əziz dostum Şaiqin söylədiyi bu əhvalat məni çox kədərləndirdi. Lala olan münasibətim həmin gündən tamam dəyişdi. Düşünürdüm, sən taleyə fikir ver, Özbəkistanda doğulmuş Həmid adlı bir adam gənc yaşlarından Sibirin çöllərinə düşsün, ətrafdakıların pisliyi ucundan arzuladığı pulu qazanıb öz vətəninə qayıda bilməsin. Görəsən, vətəndəki doğmaları Lalı itirib-axtarırlarmı? Bəs, oralarda Lalın hansı doğmaları qalıb, görəsən? Yox, var onun doğmaları! Bir dəfə qoca ata-anasından, qardaş-bacısından danışırdı. Qoy, axşam evə qayıtsın, yenidən yerli-yataqlı soruşacam, görüm, Lalın vətəndə kimləri qalıb...