Mənzil-kommunal sektoru islahat ərəfəsində – <span style="color:red;">ARAŞDIRMA
17 fevral 2014 15:57 (UTC +04:00)

Mənzil-kommunal sektoru islahat ərəfəsində – ARAŞDIRMA

0

“JEK”-lər alternativ qurumlar təsis edilib, bir MMC qeydiyyatdan keçib, digərinin isə sənədləri Ədliyyə Nazirliyindədir.

 

 

Son bir ildə istər paytaxt Bakıda, istərsə də regionlarda mənzil-kommunal sahəsində islahatlara hazırlıqlara xüsusi önəm verildiyi müşahidə olunur. Xüsusilə də ölkənin iri şəhərlərində və rayon mərkəzlərində “Mənzil-kommunal sahəsində vəziyyətin təhlili və ilkin nəticələr” mövzusunda silsilə seminar keçirilir, əhalinin bu sahədə biliyinin artırılması istiqamətində addımlar atılır. Məsələnin bir maraqlı tərəfi də ondadır ki, İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahədəki fəal təşəbbüslərində aidiyyəti nazirlik və dövlət komitələri ilə yanaşı beynəlxalq təşkilatlar da yaxından iştirak edir. Belə ki, nazirliyin son bir ildə Bakı, Sumqayıt, Gəncə, Lənkəran və digər iri şəhərlərdə təşkil etdiyi tədbirlərdə Ədliyyə, Maliyyə nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, şəhər və rayon icra hakimiyyətlərinin, Avropa İttifaqının Azərbaycandakı təmsilçiləri, qeyri-hökumət təşkilatlarının əməkdaşları çoxmənzilli binaların yeni mexanizmlərlə idarə olunması məsələlərini öz aralarında müzakirə ediblər. Xatırladaq ki, çoxmənzilli binaların idarəçilik formasının dəyişirdirilməsi 2009-cu ilin oktyabrında 1-də qüvvəyə minən Mənzil Məcəlləsində nəzərdə tutulub.

 

Aradan 5 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də tam şəkildə icra olunmayan Məcəllə ilə hazırda çoxmənzilli binaların idarəçiliyi ilə məşğul olan Mənzil İstismar Sahələri (MİS-lər) bu prosesdən kənarlaşdırıb. Belə ki, yeni Məcəllədə dövlət mənzil fondunun müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondunun isə məhz bələdiyyələr tərəfindən idarə olunması öz əksini tapıb. Məcəllənin 141-ci maddəsinə əsasən, çoxmənzilli binaların idarə edilməsi üçün 3 təşkilati forma təklif olunur: sahə mülkiyyətçiləri, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) və ixtisaslaşmış istehlak kooperativi (bələdiyyə). Bəs, 5 il əvvəl hüquqi qüvvəyə minmiş qanunun tətbiqinin bu qədər yubanmasına səbəb nədir? Son bir ildə mənzil fondunun yeni mexanizmlərlə idarəçiliyi ilə bağlı həyata keçirilən çeşidli tədbirlər islahatların sürətlənməsinə nə dərəcədə təsir edə bilir? Ölkə başçısının müvafiq fərmanı ilə bu islahatlara cavabdehlik daşıyan İqtisadiyyat və Sənaye Nazirliyindən Lent.az-a bildiriblər ki, Məcəllənin sözügedən tələbinin geniş tətbiqinə hazırlıqlar başa çatıb və artıq pilot şəklində yaradılan MMC-lər fəaliyyətə başlayıb. Bundan əvvəl isə mənzil təsərrüfatında bazar prinsiplərinin tətbiqi və bu sahədə aparılacaq islahatların əsas istiqamətləri, çoxmənzilli binaların ümumi əmlakının saxlanması, həmin əmlakın istifadə edilməsi prinsipləri geniş təhlil olunub.

 

“JEK”lərə alternativi qurumlar dövlət qeydiyyatına alınır

 

 

Nazirlikdə onu da deyirlər ki, yeni Məcəllə vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Yəni belə islahatların həyata keçirilməsi aidiyyəti qurumlarla birgə geniş müzakirələrin aparılmasını, yerlərdə mövcud imkanların araşdırılmasını, konkret ərazilərdə əhalinin maarifləndirilməsini, beynəlxalq təcrübənin öyrənilməsini tələb edir ki, bu da xeyli vaxt aparır: “Mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar bu sahədə islahatların əlaqələndirilməsi, əhalinin səmərəli sosial-müdafiə mexanizminin yaradılması istiqamətində bir sıra zəruri tədbirlər görülməkdədir. Bu sahədə əsas yeniliklərdən biri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq mənzil fondunun idarə olunmasının yeni metodlarının tətbiqidir. Yeni idarəçilikdə səmərəli mexanizminin yaradılması məqsədilə icra və bələdiyyə qurumları ilə birlikdə genişmiqyaslı maarifləndirmə və təbliğat işlərinin aparılması vacibdir”.

 

 Yeri gəlmişkən, çoxmənzilli binaların idarə edilməsinə dair islahatlara uyğun MMC-lərin yaradılmasını nəzərdə tutan ilk pilot layihə Binəqədi rayonunda həyata keçirilir. Bu layihənin icrasında iştirak edən mütəxəssislər bildirirlər ki, mənzil təsərrüfatlarının yeni idarəetmə metodlarının keçirilməsində əsas çətinliklərdən biri çoxmənzilli binaların ümumi istifadə yerlərinin əsaslı təmirə ehtiyacı olması ilə əlaqədardır. Məhz buna görə də Binəqədi Rayon İcra Hakimiyyəti əsas diqqəti bu istiqamətə yönəldib. Belə ki, son il yarım ərzində 268 binanın zirzəmisində su və kanalizasiya xətləri əsaslı təmir edilərək dəyişdirilib, 44 çoxmənzilli binada əsaslı təmir işləri başa çatdırılıb. Azərbaycanda ilk dəfə olaraq dövlət qeydiyyatına alınmış Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) də məhz həmin ərazilərdə yerləşir. Belə ki, S.S.Axundov 4, İ.Dadaşov 90 və 91a ünvanlarındakı 3 binanın sakinlərinin birgə yaratdığı MMC “Binəqədi-1” adı ilə Ədliyyə Nazirliyində qeydiyyatına alınıb. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhman küçəsi, 45 ünvanında yerləşən yeni tikilmiş binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən həmin binanın saxlanması, abadlaşdırılması və idarə olunması məsələləri müqavilə əsasında idarəetməyə verilib.

 

 

İslahatların coğrafiyası

 

 

Çoxmənzilli binaların idarəçiliyi sahəsindəki islahatlar artıq Yasamal və Səbail rayonlarında da tətbiq olunmağa başlayıb. Belə ki, Yasamal rayonunda H.Zərdabi küçəsi-89 A ünvanında yerləşən 16 mərtəbəli, 150 mənzilli binanın sakinləri də Mənzil Məcəlləsinin tələblərinə uğun özlərinin ümumi yığıncağını keçirərək “JEK”lərə alternativ MMC təsis ediblər. Artıq həmin MMC-nin də dövlət qeydiyyatına alınması üçün sənədlər Ədliyyə Nazirliyinə təqdim olunub. İqtisadiyyat və Sənaye Nazirliyində bildirirlər ki, yaxın vaxtlarda Bakının Binəqədi, Yasamal, Səbail və Nərimanov rayonlarında 21 çoxmənzilli binada yeni MMC-lərin yaradılması gözlənilir. Bundan başqa, Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin idarə edilməsi ilə bağlı xüsusi Resurs-İnformasiya Mərkəzi də yaradılıb. Məqsəd Mənzil çoxmənzilli binaların yeni qaydalarla idarə edilməsi prinsipləri barədə əhalini məlumatlandırmaq və onlara məsləhət verməkdir. Başqa sözlə, Mərkəz məsləhət xidmətləri, maarifləndirmə, ictimai məlumatlılıq işləri görür. Həftədə 5 gün fəaliyyət göstərən Resurs-İnformasiya Mərkəzdə əhaliyə xidmət göstərmək üçün ekspertlərdən ibarət qrup da formalaşdırılıb. Bu qrupa İqtisadiyyat və Sənaye Nazirliyinin və Binəqədi Rayon İcra hakimiyyətinin mütəxəssisləri, Avropa Birliyinin layihə ekspertləri və mənzil idarəçiliyi üzrə ixtisaslaşan QHT-lərin ekspertləri daxildir. Yeni Mənzil Məcəlləsinin tələblərinə uyğun yeni idarəetmə mexanizmlərinin bölgələrdə nə vaxt tətbiq olunacağına gəlincə, bir rayonlarda hələlik Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətlərinin yaradılmasına maraq o qədər də yüksək deyil. Bununla belə, aidiyyəti dövlət qurumları yerli icra hakimiyyətləri ilə bu istiqamətdə müzakirələri davam etdirir. Qarşıdakı aylarda Lənkəran və Masallı şəhərlərinin hər birində 3 ədəd çoxmənzilli binada mənzil sahiblərinin MMC-nin yaradılması üçün təsis yığıncağı keçirəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1414

Oxşar yazılar