Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib.
İclasda Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin və şöbənin saxlanılması xərclərinin icrasına və “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
DSMF-nın Beyləqan rayon şöbəsinin gəlir və xərclərinin və şöbənin saxlanılması xərclərinin icrası ilə bağlı həyata keçirilmiş audit üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirinin nəticələri barədə məlumatın, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.
“Aqrolizinq” ASC tərəfindən dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verildiyi nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının Respublika Baş Prokurorluğuna göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim edilməsi qərara alınıb.
Kollegiyada, həmçinin, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin icrasına və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə dair, habelə dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Ümumi dövlət xidmətləri” bölməsinin “Elm” köməkçi bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsindən Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin saxlanılmasına və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Sosial müdafiə və sosial təminat xərcləri” bölməsinin “Sosial təminat” köməkçi bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Əlillərin Bərpa Mərkəzinin saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi ilə bağlı nəzarət tədbirlərinin proqramları da təsdiq edilib.
Kollegiyada bir sıra carı məsələlər də müzakirə olunub, müvafiq tapşırıqlar verilib.