(I yazı)
(II yazı)
(III yazı)
Həə, harda qalmışdıq?
Deməli, lal gənc Kolyanı qol güləşdirməyə dəvət elədi. Yadınızdadısa, vağzalda yanımıza çağırdığımız rusun da adı Kolya idi deyə, sonralar ona Birinci Kolya, nisbətən gənc tayına isə Gənc Kolya deyirdik.
Hə, lal cəld stulda oturub qolunun dirsəyini stola qoyaraq Gənc Kolyaya meydan oxudu. Kolya lalın bu komik hərəkətinə gülüb başını bulayaraq “yoox!” dedi və gedib yerində oturdu. Lal “qalib gəldiyinə görə” qaşlarını oynadıb özbəksayağı bic-bic güldü. Lal çox maraqlı tip idi. 30-32 yaşlarında ucaboylu, yaraşıqlı bir adam idi. Lallar məktəbində təhsil almamışdı deyə fikrini özünün icad elədiyi əl hərəkətləri və mimika ilə çatdırırdı. Hərəkətlərində nə qədər primitiv görünsə də, həddən artıq təmizkar idi. Onun işdən sonra geyindiyi gəzinti paltarları həmişə səliqəli olardı.
Qəsəbədə bazar günlərini hamam günü elan eləmişdilər. Bütün işlər dayandırılır, hamı gedib sauna tipli taxta hamamlarda çimirdi. Hamamın girəcəyində palıd çəlləklərində gətirilmiş pivə satılardı. Balıqçılar pivə çəlləklərinin yanına düzdükləri quru balıqlardan çox ucuz qiymətə təklif edərdilər.
Özümüzü yaxşıca buxara verib yuyunduqdan sonra oturub pivə içərdik. Lal spirtli içkiyə çox da meylli deyildi. Hərdən 1-2 bakal pivə içər, yüngülcə sərxoş olardı. Ona görə Şaiq ona araq içməyi qadağan eləmişdi.
Bir gün Şaiq bizə evə gec qayıdacağını söyləmişdi. Mən, lal və Çingiz axşam yeməyinə oturanda ortaya araq qoyduq. Bizimlə darıxmasın deyə, lala araq içməyi təklif elədim. Duydum ki, içmək istəyir, ancaq Şaiqdən qorxur. Bir stəkan araq süzüb qarşısına qoydum və inandırdım ki, Şaiq bilsə, günahı mən boynuma alacam. Lal stəkan dolu arağı götürüb başına çəkdi. Çingiz zarafatla dedi ki, arağı buna nahaq verdik, indicə stolun üstündə nə var hamısını basıb yeyəcək. Lal onsuz da çox yeyən idi. Doğrudan da arağı vurandan sonra süfrədəki ət yeməyinin dörddən üçünü qabağına çəkdi. Məni gülmək apardı. Çingiz dedi, nəyə gülürsən, kopayoğlu bu gecə vaxtı bizi ac qoyacaq. Lal boş stəkanını şən halda mənə tərəf itələyərək, yenidən içmək istədiyini bildirdi. Mən ona bir stəkan da süzdüm. Onu da içdikdən sonra Lalın kefi kökəldi. Ayağa qalxıb əl çala-çala oynamağa başladı. Özü üçün dodaqaltı bir oyun havası da mızıldayırdı. Bu yerdə deməliyəm ki, onun özü üçün bəstələdiyi oyun havası çox da istedadlı adamın bəstəsinə bənzəmirdi. Ancaq neyləmək olardı, kişinin oğlunun işinə yarayırdı. O, geniş otağın ortasında tənha oynayır, hərdən də şən uşaq səsləri çıxarırdı. Biz lalın bu halına baxıb şənlənirdik.
Lal oynaya-oynaya yaxınlaşıb bizi də musiqisiz rəqsə dəvət elədi. Mənzərə maraqlı olduğuna görə qalxıb mən də oynamağa başladım. Lal əl-ayağını, göz-qaşını oynadaraq özünü tipik özbək rəqqaslarına bənzətmək istəyirdi. O, rəqs edə-edə bir stəkan da araq içdi və qəfildən coşaraq taxta evin ortasındakı dirəyə bir kəllə vurdu. Onun bu halını görəndə dərhal Şaiqin sözləri yadıma düşdü: “İçəndə dəli olur!” Mən artıq onu içirtməyimə peşman olmuşdum.
Vay-vay-vay! Lal birdən stola çökdü və əlləri ilə başını qucaqlayaraq hönkür-hönkür ağlamağa başladı. Burnunun suyunu, gözlərinin yaşını silə-silə çarəsiz, yetim uşaq səsi çıxarırdı. Onun ağlamağı bizə çox pis təsir eləmişdi. Mən əlimi onun kürəyinə vurub təskinlik vermək istədim. O, çiynini silkələyib təskinliyimə etiraz elədi, yəni qoy, ağlayıb ürəyimi boşaldım. Biz oturub beləcə ona baxırdıq. Birdən qapı döyüldü. Bildim ki, Şaiqdi. Şaiq içəri girəndə lalı çox bərbad halda gördü. Bizi məzəmmət eləyərək: “İndi gördünüzmü nə günə düşür?”- dedi.
Birdən lal ayağa durub Şaiqi qucaqladı və qəribə səslər çıxardı. O səslərin arasında sahibinə vəfalı olan it zingiltisi də sezilirdi. Səsinin tonundan anladım ki, Şaiqə: “Mənimlə heç vaxt dostluğu pozma, məni atma!” demək istəyir. Şaiq də onu qucaqlayıb əlini bir neçə dəfə onun kürəyinə vurdu. Bir azdan lal sakitləşib deyib-gülməyinə davam elədi.
(davamı gələn yazıda)