Kukla Teatrının baş rəssamı: “Son illərə qədər Kukla Teatrına bəsit teatr kimi baxıblar”
05 noyabr 2015 15:50 (UTC +04:00)

Kukla Teatrının baş rəssamı: “Son illərə qədər Kukla Teatrına bəsit teatr kimi baxıblar”

0

“Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 1931- ci ildən fəaliyyət göstərir. Əsasını aktyor, rejissor Molla Ağa Bəbirli qoyub. “Sirk” adlı ilk tamaşa marionet kuklaların istifadəsi ilə 1932-ci ildə təqdim olunub. O ildən bu günə qədər Kukla Teatrı uğurları, axtarışları ilə birgə fəaliyyət göstərir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov deyib.

 

O bildirib ki, 2016-cı ildə teatr 85 illiyini qeyd etməyə hazırlaşır: “Yeni mövsümü “Arşın mal alan” tamaşası ilə açdıq. Hazırda yeni tamaşalar üzərində işlər gedir. Bəzi yeni tamaşaları artıq təqdim etmişik. Teatrın kinematoqrafiyadan fərqi və üstünlüyü budur ki, ilk nümayişdən sonra rejissor və ya aktyor nəyisə dəyişə bilir. Kino isə tarixdə olduğu kimi qalır. “Tilsimli meşə”, “Oyaq gözəl” tamaşaları yekunlaşır, “Melodiya” üzərində isə iş gedir”.

 

Teatrının baş rejissorunun sözlərinə görə, teatrda yeniliklərdən biri də boy kuklalarının sınaq prosesinin uğurlu alınmasıdır: “Yəni aktyorlar bütövlükdə kuklaya çevrildilər. Tamaşanın adı “Ağ babanın nağılı”dır. Səhnəmiz kiçik olduğu, kuklalar böyük olduğu üçün aktyorlar tərəddüd edirdilər, amma onlar bu işin öhdəsindən gələ bildilər. Uşaqlar üçün də maraqlı oldu. Tamaşa maraqla qarşılandı”.

 

Uşaqlar üçün yeni televiziya layihəsi hazırlanır

 

Qurban Məsimov yeni televiziya layihəsindən də bəhs edib: “Uzun müddət əvvəl rejissor Rövşən Nicat bir ideya irəli sürdü. Bu təklifi reallaşdırmağın modellərini axtardı. Sonra qərara gəldi ki, yaradıcı qüvvə kimi Kukla Teatrının bazasından istifadə etsin. Teatrın direktoru Rəşad Əhmədzadə də razılıq verdi və işə başladıq. Çünki televiziya kanallarında uşaq verilişləri azdır. Uşaqların yeni qəhrəmanlara ehtiyacı var. 3 yeni obraz yaratdıq - Milmil, Çilçil və Gülgül. 2 mərdimazar da var-Mırmır və Dırdır. Onların hamısına nəsihət verən Bilbil əmidir. Bu cür adlar folklorda da var. Çalışırıq ki, elə adlar seçək ki, yaddaqalan olsun. Layihəmiz yerli kanalların birində noyabrın 7-dən efirə çıxacaq”.

 

Baş rejissor artıq tanınan nağıllara yeni obrazlar gətirdiyini deyib. Onun  sözlərinə görə, bu yenilik uğurlu alınıb: ““Tıq-Tıq xanım” nağılını yenidən işlədik. Orijinalda nağıl faciə ilə bitir. Biz isə yeni nağıl uydurduq və yeni obraz yaratdıq - Taq-Taq. Tıq-Tıq xanımın qonşusunu Taq-Taq elədik. Öncədən Taq-Taq Tıq-Tıqa dostluq təklif edir. Amma bəyənilmir. Özünə başqa dostlar axtarmağa başlayır. Dünyanı gəzib, dolaşır, sonra çuxurda batanda da onu Taq-Taq  xilas edir. Bu yeni obrazı Rəhim Rəhimov canlandırıb”.  

 

İki aktyor – 18 kukla...

 

Verilişin digər qonağı aktyor Rəhim Rəhimov Kukla Teatrına gəlişi barədə məlumat verib. O teatra təsadüfən gəldiyini qeyd edib: “Kukla Teatrı yeni aktyorlar yetişdirmək üçün elan vermişdi. 1996-cı ildən etibarən bu teatrda çalışıram. O zaman baş rejissor Rəhman Əlizadə idi. Onunla görüşə 7 nəfər getmişdi. O isə məni seçdi”. Aktyor bildirib ki, Kukla Teatrında işləmək xüsusi bacarıq tələb edir, tamaşalar nə qədər maraqlıdırsa, bir o qədər zəhmətlə başa gəlir: “Nizami Gəncəvinin “Xeyir və Şər” tamaşası var idi. Biz o tamaşa ilə Mərakeşdə keçirilən festivala qatılmışdıq. Orada cəmi iki aktyor vardı-Cəmilə Allahverdiyeva və mən. İki aktyor 18 kukla ilə çıxış etdik. 4 ay məşq etdik və öhdəsindən gələ bildik. Çıxışdan sonra tamaşaçılar bizimlə tanış olmaq üçün yaxınlaşdılar, cəmi iki nəfər olduğumuzu biləndə çox təəccüb etdilər”.

 

“Kukla çətin sənətdir”

 

Teatrın baş rəssamı İqbal Əliyev Kukla Teatrında çalışmağın çətinliklərindən danışıb:

“Öncə pyes oxunur. Daha sonra rejissor öz fikrini deyir. Kukla çətin sənətdir. Onu uşaqlara çatdırmaq, sevdirmək çox çətindir. Bəzən uşaqların maraqla izlədiyi obrazlar valideynlərin ürəyincə olmur. Məsələn, “Ələddin” tamaşasında Əjdaha obrazının qorxulu olması ilə irad bildirənlər var. Bu baxımdan rəssamın üzərinə böyük yük düşür. Necə edək ki, uşaqlar əjdahadan qorxmasınlar? Amma əslində, o qorxulu olmalıdır. Kukla Teatrında aktyorun plastikası obraza da təsir göstərdiyindən rəssam daha diqqətli olmalıdır”.

 

O, həmçinin, qeyd edib ki, son illərə qədər Kukla Teatrına münasibət birmənalı olmayıb:

“Son illərə qədər Kukla Teatrına bəsit teatr kimi baxıblar. Amma aktyorlar, eləcə də rəssamlar üzə çıxmağa başlayıblar. Sevindirici haldır ki, teatra kənardan gələn aktyorlar zamanla ələnirlər”.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar