Keçmişə səyahət, xoşbəxtliyin formulu-<span style="color:red;">Bəxtiyar Hacıyev Kubadan yazır   
23 noyabr 2016 14:20 (UTC +04:00)

Keçmişə səyahət, xoşbəxtliyin formulu-Bəxtiyar Hacıyev Kubadan yazır  

0

Bu yaxınlarda ictimai fəal Bəxtiyar Hacıyev Kubada səfərdə olub. Dünyanın nadir və maraqlı ölkələrindən biri olan Kubadan müşahidələr oxucularımız üçün də maraqlı olar. Lent.az-ın təklifi ilə Bəxtiyar Hacıyev Kuba təəssüratlarını qələmə alıb.

 

Beləliklə, Bəxtiyar Hacıyevin qələmindən "retro ölkə"yə səyahətə başlayırıq...

 

Kuba-retro avtomobilləri, siqarları, salsa rəqsləri, köhnə binaları ilə "keçmişə səyahət etmək istəyənlərin" arzusunda olduğu ölkədi. Amerikada işgüzar səfərdə olduğum müddətdə aviabilet saytlarından birində Havanaya gördüyüm ucuz bilet mənə "bəlkə də indi zamanıdır, Amerikadan Kubaya uçmaq daha asan olar, nəinki Azərbaycandan" dedirtdi.  "O an bu an" deyib, araşdırmaya başladım.

 

Kubaya giriş üçün Azərbaycan vətəndaşlarından viza tələb edilmir. Bu ölkəyə uçmamışdan əvvəl hava limanından alınan turist kartını doldurmaq kifayət edir ki, bu koloritli, kommunizmin yaşandığı ölkəni görə biləsən. Latın Amerikasının bir çox ölkəsində səfərdə olmuş dostlarım təhlükəsizlik baxımından ehtiyatlı olmağımı məsləhət bilsələr də, bu gözəlliyi görmək üçün riskə dəyərdi. Bostondan aldığım biletlə Meksikaya, oradan isə turist kartını doldurub, Havanaya uçdum.

 

Və Havana hava limanı... Gördüyüm ən köhnə, kiçik, baxımsız hava limanlarından biridi. Sərhəddə hamını tez yoxlayıb, ölkəyə buraxsalar da, sərhədçilər mənim pasportumu götürüb, rəhbərliyə göstərdilər və qısa zamandan sonra "kiçik bir yoxlama lazım idi, Kubaya xoş gəlmisiniz" dedilər. Hava limanından çıxan kimi, azacıq valyuta dəyişmək üçün uzun növbəyə dayandım. Düşündüm ki, daha sonra şəhərdə plastik kartdan istifadə edərəm, yaxud daha yüksək mübadilə kursu təklif edəcək yerdə lazım olan vəsaiti dəyişərəm. Ancaq sonradan bildim ki, Kubada valyuta dəyişmək, xüsusi ilə ABŞ dolları dəyişmək kifayət qədər çətin, çox vaxt aparan prosesdir. Plastik kartla isə ödəniş qəbul edən yer qarşıma çıxmadı.

 

Bayırda üzərində "Cubataxi" yazılmış "VAZ 21011" markalı taksi sürücüsü mənə yaxınlaşaraq, mərkəzə aparmağı təklif etdi. Uzun və yorucu uçuşdan sonra nisbətən komfortlu avtomobillə şəhərə getmək istəsəm də, sonradan əksər taksilərin bu marka avtomobillərdən ibarət olduğunu gördüm. Sürücü otellərin çox baha olduğunu bildirib, məni bir qonaq evinə apara biləcəyini dedi. Kubada turistlərin sayı getdikcə və sürətlə artdığına, otel sayı da adekvat olmadığına görə, qiymətlər həddindən artıq yüksəkdir. Bəzən standart otaq üçün 600-700 dollar tələb olunur. Buna görə də bir çox kubalı öz mənzilini qeydiyyatdan keçirərək, turistlər üçün açır. Belə evlərdə qalmağın qiyməti bir gecə üçün 20-30 dollar arasında dəyişir.

 

Havana köhnə, dağılmaq üzrə olan, bəzi hissələri sökülmüş və rəngli binaları ilə çox koloritli, maraqlı şəhərdir. Adam köhnə binaların, küçələrin arasından şütüyən retro avtomobilləri gördükcə, 50-60 il əvvələ qayıtdığını düşünür. O qədər keçmiş dedim, lap uşaqlığımızın "Sehirli xalat" filmi yadıma düşdü...

Amma "əskilər" çox cəlbedici olur. Nə qədər yorğun olsam da, əşyaları otağa yerləşdirən kimi şəhərə gəzməyə çıxdım. Problem isə evə geri dönəndə yarandı. Küçələr və binalar bir-birinin eynidir, heç bir ünvan, telefon götürməmişdim, internet yox. Bir az evi axtardım, amma başa düşdüm ki, bu axtarışlarla özümü mənzildən uzaqlaşdırıram. Və polisə müraciət etməyə qərar verdim.

 

Məni gənc polis müstəntiqi dinlədi. İş saatı bitmişdi, evə getməyə hazırlaşırdı, amma  mənimlə qaldı və maşını gələnə qədər gözləməyi xahiş etdi. Kubada polislərin böyük əksəriyyəti VAZ 2107 markalı avtomobillərdən istifadə edirlər. İki gənc polislə küçələri bir az gəzəndən sonra xəritədə yadımda qalan detallarla, immiqrasiya və taksi bazalarına baxdıqdan sonra, nəhayət ki, qaldığım mənzili tapdıq. Mən mənzilə taksi ilə qayıda biləcəyimi söyləsəm də, polislər israr elədilər və məni evə gətirdilər. Göstərdikləri xidmətə görə, onlara necə təşəkkür edəcəyimi soruşanda gülümsədirlər: "İnsanlara xidmət etmək və onları xoşbəxt etmək Kuba polisinin əsas işidir. Başqa heç nəyə ehtiyac yoxdur".

 

Bir az da kubalıların yaşayışından danışaq. Orta statistik havanalı kasıb yaşayır. Burada orta aylıq gəlir təxminən 20-30 dollar arasında dəyişir. Amma turistlər kubalılar üçün yeni "imkandılar". Mənzillərini kirayə verməklə, müxtəlif suvenirlər, meyvələr, kompotlar və s xidmətlərləəlavə gəlir əldə edirlər.

 

Kuba höküməti həm kubalıların gəlir səviyyəsinə uyğun ucuz qiymətlər təklif etmək, həm də turistlərdən maksimum gəlir əldə etmək üçün iki valyuta təqdim edib. Onlardan biri Kuba pesosu, digəri isə CUC adlanan Kuba dollarıdır. 1 CUC təxminən 1 ABŞ dollarına, 25 kuba pesosuna bərabərdir. Mağazalarda və əhali üçün nəzərdə tutulmuş yerlərdə qiymətlər daha çox peso ilə olsa da, turistik məkanlarda qiymətlər nisbətən yuxarı və CUC ilə yazılır. Bu iki valyutanı ayırmaqda çətinlik çəkən turistlər isə bəzən adi mağazalarda, yaxud küçə ticarətində aldadıla, 10 pesoluq bir xidmətə və ya məhsula görə 10 CUC ödəyə bilir. Bu, kubalıların müşahidə etdiyim dələduzluqlarından biridir.

 

Kuba haqqında çoxlu şayiələr eşitmişdim. Amma kriminal vəziyyət, güvənlik baxımından Havana kifayət qədər etibarlıdır. Orada oğurluqdan, silahlı hücumdan və digər kriminal hadisələrdən əsər-əlamət görmədim.

Amma belə desək, dünyanın əksər ölkərində turistə qarşı olan "xırda dələduzluqlar" burda da var. Birini artılq qeyt etdim, valyuta ilə bağlı. Başqa biri də sadə kubalıların turistləri apardığı restoranlardan faiz almalarıdır. Məsələn, turist görən dəllal dərhal ona yaxınlaşır, səmimi ünsiyyət qurur, sonra da onu tanıdığı və xidmət göstərdiyi restorana, kafeyə aparır. Həmin restoran isə hər bir gətirilən qonağa görə, bu dəllala pul ödəyir. Təkcə restoran deyil, bir çox obyekt onlara müştəri gətirən kubalıya faiz ödəyir. Buna görə də qədim Havana küçələrində turistlərə mehribancasına yaxınlaşan bir çox kubalı görə bilərsiniz.

 

Havananın "Habana Vieja" adlanan qədim hissəsinə daxil olanda adam özünü bir anlıq retro kabrioletlərin paradında hiss edir. Kuba höküməti inqilabdan sonra yeni avtomobil almaq şərtlərini kifayət qədər sərtləşdirib. Yeni avtomobil almaq istəyən şəxs həm də gəlir mənbəyini göstərməlidir. Bu isə xarici diplomatları, dövlət rəsmilərini və az sayda insanı çıxmaq şərti ilə, qalanları üçün əlçatmazdı.  Ona görə də əksəriyyət 30-50-ci illərin avtomobillərini sürür. Bu avtomobillər komfort baxımından xeyli zəif olsalar da, sahiblərinə xeyli gəlir gətirir. Hər il xeyli turist məhz bu avtomobillərlə Havana küçələrində gəzmək üçün Kubaya səfər edir. Havanada ağlıma gələn ilk fikirlərdən biri bu avtomobillərin alınaraq müxtəlif ölkələrdə tüninq edilib, yenidən satılması ideyası oldu. Kubalıların bir çoxu bu qədim və narahat avtomobillərindən  xilas olub, onları yeni, müasir avtomobillərlə əvəz etmək istəsə də, dövlət bu avtomobillərin ixracını qadağan edib. Qədim Havanada oturduğum taksi sürücüsündən avtomobillərin xaricilər tərəfindən alınması barədə soruşduqda, o, "bu avtomobillər bizim mədəni irsimizdir, onu xaricə satmaq olmaz. Ancaq kim bilir, hökümət bir çox məsələdə dəyişib, bəlkə də bir gün Kubaya gəlib, istədiyiniz avtomobili alıb, öz ölkənizə apara biləcəksiniz" dedi. Retro avtomobillərin bir hissəsi turistlər üçün şəhərdaxili turlara istifadə edilsə də, böyük hissəsi kollektiv taksilər üçün istifadə edilir. Kollektiv taksi eyni istiqamətdə gedən insanların bir taksidən istifadə etməsidir. Müəyyən marşrut üzrə dövrə vuran bu avtomobilləri istənilən şəxs istənilən yerdə saxlayıb, minə və ya düşə bilər. Xidmət haqqı gediş məsafəsindən asılı olmayaraq, 1 CUC-dur.


Turistlərin qədim Havanada ən çox ziyarət etdikləri yerlər isə Obispo küçəsi, El Floridita restoranıdır. Obispo piyada küçəsində daha çox məşhur "Havana Club" rom içkisini içmək, məşhur Kuba siqarlarını çəkmək üçün müxtəlif yerlər var. Burada siqarlar həm tək-tək, həm də qutularla satılır. Kubada hansı gün olmağınızdan asılı olmayaraq, küçə ticarətçiləri "bu gün kooperativ günlərinin son günüdür, siqarlar üçün xüsusi endirimlər bu gün bitir" deyərək, sizi siqar mağazalarına götürməyə tələsirlər. El Floridita restoranı isə Obispo küçəsinin başlanğıcında yerləşir və 1817-ci ildə açılmış bu restoran Ernest Heminqueyin tez-tez gəldiyi restoran kimi turistləri özünə cəlb edir. Öz qədim dekorasiyasını saxlamış bu restoranda tez-tez müxtəlif jazz qruplarının canlı ifaları olur.

 

Kuba nə qədər kasıb və inkişafdan geri qalmış ölkə kimi görünsə də, burada səhiyyə və təhsil pulsuz və keyfiyyətlidir. Havana Universitetində keçirdiyim iki gündə onlarla avropalı və yapon tələbə görməyim məni təəccübləndirdi. Onlarla söhbətimdən aydın oldu ki, təhsilin keyfiyyəti kifayət qədər yüksəkdir, xüsusi ilə tibb sahəsində. İtalya, Lüksemburq, Fransa, İspaniya, Yaponiyadan bir çox tələbələr bir illik, yaxud bir neçə illik Havana Universitetinə gəlir, orada təhsil alırlar. Universitet auditoriyaları kifayət qədər köhnə, baxımsız olsa da, tələbələr həyatlarından xeyli məmnun görünürdülər. Universitetin kitabxanasına daxil olduqda, kiçik bir otaqda artıq Azərbaycanda muzeylərdə eksponat kimi göstərilən fərdi kompüterlərdən istifadə edildiyini gördüm. Onların bəziləri internetə bağlantılı olsa da, ondan istifadə xüsusi icazə ilə, nəzarətdə idi. Universitetin həyətində isə bu universitetin məzunu və inqilabın liderlərindən olan Fidel Kastronun inqilab zamanı istifadə etdiyi bildirilən zirehli hərbi texnika qoyulmuşdu. Bir universitetin həyətində hərbi texnikanın qoyulması turistləri təəccübləndirsə də, tələbələr üçün adiləşmişdi.

 

Kubada internetə qoşulmaq müşkül məsələdir. Dövlətə məxsus ETECSA şirkətinin satdığı saatlıq internet kartlarını əldə etmək üçün ya saatlarla növbədə gözləməli və pasport məlumatlarını qeydiyyata aldırmaqla bu kartlara sahib olmalısan, ya da otellərdə bir neçə dəfə artıq qiymət ödəməlisən. Bir saatlıq internet kartının qiyməti 2 dollardır. Otellərdə isə bu kart 4-10 dollar arasında satılır. Bir çox kubalı növbədə dayanaraq aldıqları internet kartlarını küçələrdə ən azı 1 dollar artıq qiymətə, 3-4 dollara satırlar. Vaxtına qənaət etmək istəyən və növbədə saatlarla gözləmək əvəzinə Kubanın gözəlliklərini görmək istəyənlər küçədəki satıcılardan kart alırlar. ETECSA bu qara bazarın qarşısını almaq üçün bir gündə bir nəfərə maksimum 3 kart satır. İnternet kartları adətən şəhərin müəyyən yerlərində olan wifi qaynar nöqtələrində istifadə edilir. Burada isə bağlantı bəzən çox zəif olur və internetdən istifadə edən şəxs istifadə müddətində bağlantını itirirsə, vaxtını dayandıra bilmirsə, 1 saatlıq müddətin sonunda kartı etibarsız olur. Beləliklə, bəzən 2 dollara sadəcə 2-3 elektron məktuba baxa bilirsiniz. İnternet saytların çoxu blok edilib, internet üzərindən ödəmələr isə qəbul edilmir. Havanadan qayıdarkən online bilet almaq cəhdlərim nəticəsiz qaldı, plastik kart məlumatlarını daxil etsəm də, kart ödənişləri qəbul edilmədi. Ancaq hər qadağanın bir çarəsi olduğu kimi, buna da çarə tapdım. Bakıdakı bir dostumuza kart məlumatlarını göndərib, onun bilet almasını və bilet məlumatlarını göndərməsini xahiş etdim və beləliklə məhdud internet və online ödəmə qadağaları üzərindən keçmiş olduq.

 

Qadağalardan danışmışkən, Kubada hələ də qəribə qadağalar var. Onlardan biri yerli kubalılarla əks cinsdən olan turistlərin ünsiyyətinə nəzarətdir. Axşam saatlarında küçələrdə, dənizkənarı bulvarda gənclər toplaşaraq gitar çalır, rəqs edir, içki içir və əylənirlər. Onlar yoldan keçən turistləri öz məclislərinə dəvət edir, ingilis dili bacarıqları, rəqs və musiqi qabiliyyətlərini göstərib, lovğalanırlar. Ancaq hər hansı turist oğlan kubalı qızla, yaxud turist xanım kubalı oğlanla bir balaca səmimi görünsə, dərhal Kuba polisi onlara yaxınlaşır və sənədləri yoxlayır, söhbətin detalları ilə maraqlanır, bir çox halda gəncləri turistlərdən uzaq durmağa səsləyirlər. Bunun səbəbini soruşduqda, gənclər polislərin Kubada fahişəliklə mübarizə məqsədi ilə bunu etdiyini bildirdilər. Ancaq onlar həm də bu qadağaların işləmədiyini, turistlər və kubalıların istədikləri vaxt görüşə bildiklərini deyirlər. Kuba polisi bu məsələdə əlavə resurs sərf edib, qadağalar tətbiq etmək istəsə də, bu qadağanın işləmədiyini dedilər.

 

Havana gecələri çox canlı keçir. Müəyyən küçələrdə məhz turistlər üçün nəzərdə tutulmuş bahalı bar və diskolar olsa da, kubalılar və turistlərin çoxu küçədə açıq məkanda, daha çox dəniz kənarı Malekon adlanan uzun bir bulvarda əylənməyə üstünlük verirlər. Burada insanlar içir, əylənir, rəqs edir və istirahət edirlər. Bəzən gecə saat 3-ə qədər küçələrdə qrup halında rəqs edildiyini görmək olur. Qədim Havananın dar küçələrində isə xüsusi rəqs müəllimləri turistlər üçün fərdi salsa dərsləri keçirlər. Bir çox turist salsa addımlarını bu rəqsin vətənlərindən sayılan Kubada öyrənməyə üstünlük verir. Gecələr həm də ailə restoranları fəaliyyət göstərir. Bunlar arasında ən geniş yayılmış olanı isə mənzillərdə bişirilən pizzalardır. Birinci mərtəbədə sifarişlər alınır, 3-4-cü mərtəbədə yerləşən mətbəxə telefonla məlumat verilir, pizza hazır olduqda isə onu xüsusi qabda, iplə sallayaraq müştəriyə təqdim edirlər. Belə ailə kafe və restoranlarından başqa qərbə aid "fast food" restoran şəbəkələrinin heç birini Kubada görmək mümkün deyil.

 

Kubanın yaşlı və gənc nəsli arasında sosializmə münasibətdə də fərq görmək mümkün idi. Yaşlı nəsildən olanlarla söhbət zamanı onlar dövlətin planlı iqtisadiyyatı, hər şeyə nəzarətini, sosial bərabərliyi müdafiə etsələr də, bəzi gənc tələbələr bunun doğru olmadığı, özəl sektorun inkişafının vacibliyi, ölkənin fərqli idarəetmə ilə daha yaxşı yaşaya biləcəyini söylədilər. Gənclər inqilab liderlərinə də fərqli münasibət nümayiş etdirirdilər. Fidel Kastro ilə bağlı söhbətlərdə kifayət qədər soyuq və etinasız olan gənc tələbələr "Kastro qardaşlarının hakimiyyətdə olduğu müddətdə ölkəni böyük dəyişikliklər gözləmir" desələr də, əslən kubalı olmayan, lakin Kuba inqilabının simvollarından və liderlərindən olan Çe Gevara ilə bağlı çox böyük həyəcanla danışırdılar. Hətta suvenir olaraq aldığım və Çe Gevaranın geyindiyi tərzdəki bereti görən sıravi kubalılar dərhal sevinclə, sevgi və həyəcanla "Komandante, Çe" qışqırırdılar. 

 

Kuba mağazaları isə sovet dövrünün, 90-cı illərin əvvəlindəki Azərbaycan mağazalarını xatırladır. Burada cəmi bir neçə növ ərzaq satılır. Un, şəkər tozu, kərə yağı, günəbaxan yağı, duz, kofe, müəyyən içkilər və s. Ərzaqların bir çoxu bir çeşiddə, içkilər və s. isə maksimum 4-5 çeşiddə mağazada yerləşdirilir. Piştaxtaların çoxu boş olur, hələ də bir çox kubalı ərzaq ehtiyaclarını dövlətin verdiyi talonlarla alır. Mənzilində olduğum bir neçə kubalının mətbəxində soyuducular bomboş idi. Qəhvə qutusunda bir neçə xörək qaşığı qəhvə, şəkər tozu qutusunda isə bir neçə qaşıq şəkər qaldığını gördüm. Bütün bunlara baxmayaraq, kubalılar kifayət qədər şən, xoşbəxt, mehriban və qonaqpərvərdilər. Onlar minimum ehtiyaclarını qarşılayaraq, hamının nisbətən bərabər yaşadığı cəmiyyətdə böyük qayğılardan məhrumdurlar. Kubada keçirdiyim bir neçə gün bu mövzuda mənə də təsir etmişdi. Telefonumda roaminqin olmaması, internetsizlik, minimum ehtiyaclarla özünü xoşbəxt sayan kubalıların ətrafında olmaq, məni Bakıda çox sıxan bir çox qayğılardan uzaqlaşdırmış, onları unutdurmuşdu. Evində bir neçə qaşıq qəhvəsi və şəkər tozu qalan, mahnı oxuyub, Latın Amerikası rəqsləri oynayan kubalıları gördükdə, İsveçrədə varlı insanların parklarda başını yumruqlayanlar, Finlandiyada depressiyadan intihar etmək istəyənlər haqqında düşünürdüm. Əslində, Kubada olduğum bir çox ailədə davranış iqtisadiyyatı üzrə alimlərin illərdir yazdıqları "daha çox pul sizə xoşbəxtlik almır, insanlar özlərini daha çox çevrələri ilə müqayisə edirlər" kimi nəticələri, elmi məqalələri xatırlatdı. Görünür, kasıbların çox olduğu cəmiyyətdə kasıb olmaq daha az kədərləndirir, nəinki sosial bərabərsizliyin olduğu, adamların ətrafındakılardan bir az pis yaşadığı ölkələrdə.  

 

Havana bütün çətinliklərinə, risklərinə baxmayaraq, ilk baxışdan ziyarətçini özünə aşiq edən ecazkar nadir şəhərlərdəndir. Məncə, Havanaya bir dəfə gedən ən qısa zamanda yenidən ora dönmək, üçələrdə canlı jazz ifası dinləmək, yerli kubalılardan salsa dərsi almaq, retro avtomobillərdə gəzmək və qonaqpərvər insanların səmimi və xoş təbəssümlərini görmək üçün darıxır...

 

Yenidən görüşmək ümidilə, Havana...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar