Karasuda Xocalı soyqırımı abidəsinin açılışı oldu - FOTO
0
0
Millət vəkili Q.Paşayeva Karasuda Xocalı soyqırımı abidəsinin açılışında dünya ictimaiyyətini Xocalıya ədalət kampaniyasına fəal dəstəyə çağırıb.
Lent.az-ın məlumatına görə, Türkiyənin Karasu bələdiyyəsi ərazisində Xocalı soyqırımı abidəsinin açılışında "Xocalıya ədalət" kampaniyası barədə geniş çıxış edən millət vəkili Q. Paşayeva "bu abidə dosta da düşmənə da önəmli bir məsajdır" deyib. O, Xocalı parkı və abidəsinin reallaşmasında əməyi keçən hər kəsə, Karasu bələdiyyəsinə, onun rəhbərinə, Azərbaycan Dərnəkləri Federasiyasına, onun Sakarya şöbəsinə təşəkkürünü bildirib. Bir neçə gün əvvəl Karasuya səfər zamanı bələdiyyə başqanı ilə görüş zamanı bununla bağlı təkliflərlə çıxış etdiklərini və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Azərbaycan Dərnəkləri Federasiyasına, onun Sakarya şöbəsi və Karasu bələdiyyəsi arasında bununla bağlı protokol imzalandığını vurğulayan millət vəkili Q.Paşayeva qısa zamanda parkın və abidənin açılmasını reallaşdırdığı üçün bələdiyyə başqanına xüsusi təşəkkürünü bildirib.
Rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə millət vəkili Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra bu soyqırım zamanı valideynlərini itirən uşaqlar, onların yaşadığı acılardan danışıb və etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyənlərin ədalət qarşısında cavab verməsini istəyənlər Xocalıya ədalət deyənlərin yanında olmalıdır deyib. Qarabağ problemi və Xocalı soyqırımı məsələlərində beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb: “Bu gün beynəlxalq təşkilatlar BMT başda olmaqla bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmur. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələr var amma onların həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmir. İnsan haqlarından danışan beynəlxalq təşkilatlar Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmır”.
Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, Türk dünyasına qarşı yanaşmada da özünü göstəririr”. Millət vəkili Q.Paşayeva bildirib ki, beynəlxalq hüququn tamamilə zəiflədiyi, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqlarını qoruya bilmənin tək yolu gücdür: "Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan-Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyk və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik".
0
0