Daxili işlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunan aparıcı İlham Mirzeyevin "İlhaMed” klinikası fəaliyyətini davam etdirir. Bu bunu Lent.az-a açıqlamasında İ.Mirzeyevin mətbuat katibi Aytən xanım bildirib. İ.Mirzəyevin mətbuat əlaqələndiricisinin sözlərinə görə, klinika rəsmən bağlansa da, fəaliyyətini davam etdirir: “İlham bəy həbs olunsa da, klinika yarımçıq qalan işlərini davam etdirir. Mən hal-hazırda həmin klinikaya gedirəm. Bildiyiniz kimi biz həmin müəssisədə insanlara psixoloji yardım göstəririk. İndi müalicə kursları yarımçıq qalan insanlar həmin məkana gəlirlər ki, sağalsınlar”.
Xatırladaq ki, Daxili işlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov açıqlamasında bildirib ki, İ.Mirzəyev dələduzluq maddəsi ilə həbs edilib: "İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların baxıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətləri olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə Modern.az saytına açıqlamasında bildirib ki, hazırda saxlanılan İlham Mirzəyevə məxsus "İlhaMed” klinikasının tibbyönümlü fəaliyyəti olmadığından ona Səhiyyə Nazirliyi tərəfindən lisenziya verilməyib.