Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Balakəndə “ABAD Mərkəz”in açılışında iştirak edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident əvvəlcə rayonun Katex kəndində yerləşən “Balxurma” müəssisəsinin 2016-2017-ci illər üzrə fəaliyyəti və gələcək planları ilə bağlı məlumatları əks etdirən stendlərə baxıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov “ABAD” layihəsi çərçivəsində görülən işlər barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, ötən ilin oktyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ABAD mərkəz”lərin fəaliyyət sahələrində Korporativ Əməkdaşlıq Sazişi imzalanıb. Əməkdaşlıq çərçivəsində Balakən rayonunun “ABAD” layihəsi 2-ci pilot layihə olaraq müəyyən edilib. SOCAR-ın dəstəyi ilə 12 ailəyə 9 meyvə, 2 süd və 1 ət emalı üçün xüsusi istehsal avadanlığı ilə təchiz edilmiş konteynerlər təhvil verilib.
Prezident İlham Əliyev “ABAD” layihəsi çərçivəsində Balakəndə və digər rayonlarda istehsal edilən məhsullara baxıb.
“ABAD Mərkəz” ilə tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Rayon ictimaiyyətinin nümayəndələri adından çıxış edən Xanım Zurnayeva və Məhəmməd Bazarov göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib