Həkimlərin işə qəbulu üzrə ilk dəfə mərkəzləşdirilmiş imtahan keçiriləcək
27 mart 2013 12:09 (UTC +04:00)

Həkimlərin işə qəbulu üzrə ilk dəfə mərkəzləşdirilmiş imtahan keçiriləcək

Sabah Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçiriləcək.


 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya açıqlamasında bildirib ki, imtahan nazirliyin Sertifikasiya Komissiyasında təşkil olunacaq.

 

Onun sözlərinə görə, qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb: “1 ay ərzində xeyli sayda həkim işə qəbul olmaq üçün sənəd verib. Martın 28-də Bakıda keçiriləcək ilk imtahan iki mərhələdə aparılacaq. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Müraciət edənlərin sayı çox olduğu üçün ilk imtahandan sonra ikinci imtahanın da keçirilməsi nəzərdə tutulur. Zamanla yeni vakansiyalar yarandıqca isə hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. İlkin mərhələdə həkimlərin işə qəbulu üçün 2000-dən çox vakant yer ayrılıb”.

 

Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1189
avatar

Oxşar yazılar