Gülə bilməyən qadının hekayəti: “Qızım üçün gizlətdiyim çörəyi tapıb, məni boğmağa başladı...” – FİLM KİMİ
02 dekabr 2013 16:39 (UTC +04:00)

Gülə bilməyən qadının hekayəti: “Qızım üçün gizlətdiyim çörəyi tapıb, məni boğmağa başladı...” – FİLM KİMİ

0

Azərbaycanda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin və jurnalist İlhamiyyə Rzanın təşəbbüsü ilə “Qadınlara qarşı zorakılıqlara yox!” həftəliyi keçirilir. Qadın hüquqlarının müdafiəsi, cəmiyyətdə qadına qarşı hər hansı şiddətin qınanılması, aradan qaldırılması məqsədilə keçirilən bu kampaniyada ölkənin bir çox nüfuzlu, tanınmış xanımları iştirak edir. Həmin xanımlardan bir neçəsi, bu məsələdə ibrət alınacaq həyat hekayətlərini Lent.az-a təqdim ediblər. Həmin yazıları silsilə şəklində oxucularımıza təqdim edirik. Bununla yanaşı, Azərbaycan qadınlarından, başına gələn zorakılıqları qələmə ala bilən hər kəsi bu silsiləni davam etdirməyə, öz həyat hekayətlərini Lent.az-a təqdim etməyə çağırırıq...

 

Beləliklə, ilk yazı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın həyat hekayəsidir. Çox təsirli, ibrətamiz bir hekayət...

 

***

 

Zorakılıq.... bu sözün özü məndə üşütmə yaradır. Sözün bütün anlamında. Hər hərfi ilə...

 

İstəyirəm bir az uşaqlığımdan başlayım.

 

***

 

Mən doğulanda atam xəstəxanaya gəlməmişdi. Qız olduğum üçün. Hətta anama yemək də gətirməmişdi. Daha sonra isə anam dediyinə görə hətta məni xəstəxana pəncərəsindən belə atmaq istəyibmiş. Əslində, uşaqlıqda valideynlərimin istədiyi kimi böyümüşdüm. Uşaq yaşlarımda o qədər ciddi idim ki, yadıma gəlir ki, məktəbdə şagirdlər mənə yaxınlaşıb soruşurdular: “sən gülə bilirsən?”

 

Gülmürdüm, çünki valideynlərimin etimadını doğrultmalıydım. Anam deyirdi ki, səhv etsən, sənə şişlə dağ basaram. Mən isə dağ basılmaqdan qorxurdum... etiraf edim ki, çox qorxurdum. Bütün günü kitab oxumaqla məşğul idim.

 

Yadıma gəlir, bir dəfə məktəbdə 3 almışdım. Anam məktəbə gələndə sinif rəhbərimiz bunu bildirdi. Anam məni bütün məktəbdə biabır etdi. Qolumdan sürüyərək, məktəbdən çıxartdı: “Sənə oxumaq lazım deyil!” Bütün məktəb tamaşamıza durmuşdu.

 

Amma bütün bunlara baxmayaraq, lap kiçik yaşlarımdan ən böyük sevgini atamdan görmüşəm. Hədsiz qayğı, hədsiz diqqəti. Hətta bir dəfə FB statusumda da yazmışdım o qədər böyük sevgi idi ki, məni çəhrayı vakuumda böyüdərək, dünyanın gözəl olduğunu, insanların çox alicənab olduğunu, dostluğun çox dəyərli olduğunu şüuruma yeridərək, məni pisliklərdən qorumağa çalışmışdı.

 

Amma ilk kişi yumruğunu da atamdan “yemişəm”. Yalnız bir dəfə. Buna səbəb çox adi bir hadisə olmuşdu. Ona kimi bilmirdim ki, atam hər axşam mənim çantamı yoxlayır. Mən musiqi texnikumunda oxuyurdum. Adətən, musiqi ədəbiyyatı mühazirələrini tələbələr bir birindən köçürərdi. Bir tələbə rəfiqəm də həmin gün dəftərini vermişdi ki, evdə köçürüm. Gecə 3-də atam çantamı yoxlayır və dəftərin arasından bir oğlan şəkli çıxır.

 

Uşaqlıqdan çox bərk yatan olmuşam, bu adətim yenə də qalıb. Gecə məni qəfil oyatsalar, heç nə anlamıram. Həmin gün də elə oldu... anam mənə “atan çağırır” - dedi. Yuxulu-yuxulu durub aynabəndə keçdim. Atam şəkli göstərib “bu kimdir” - dedi... yuxulu, key nəzərlərlə tanımadığım şəklə baxıb, “bilmirəm”, - dedim. Atam mənə ikinci sualı vermədi, bir yumruq vurdu ki, başım gedib pəncərəyə dəydi və şüşə çilik-çilik oldu. Çox sarsıldım bu ədalətsiz davranışdan. İlk dəfə idi ki, belə bir hal olmuşdu.

 

Dünyalarca sevdiyim atam məndən həqiqəti öyrənmədən sualın cavabını gözləmədən məni vurmuşdu.

 

Doğrudur, sonra o həqiqəti öyrəndi və mənim könlümü ala bildi.

 

Təbiətən çox utancaq idim. O dərəcədə utancaq idim ki, səsimi eşitmək üçün ikinci dəfə nə demək istədiyimi soruşurdular. Atam tərəfindən edilən ikinci ədalətsizliyin səbəbi isə utancaqlığım oldu.

 

19 yaşımda bir nəfər bizə elçi göndərdi. Sözün düzü, bundan xəbərim belə yox idi. Bir gün bir oğlan mənə yaxınlaşdı. İndi heç yadımda da deyil nə deyirdi. Amma onu bilirəm ki, o qədər utanırdım ki, bərkdən qışqırıb “nə istəyirsən, çıx get” - deməyi də ayıb bilirdim. Düşünürdüm ki, hamı dəyəcək, bu qız nə tərbiyəsizdir. Tərslikdən atam həmin gün onu mənim yanımda gördü və dedi: “sən bizim adımızı batırmısan, elçilərə hə deyəcəm”.

 

Sevginin və ailənin nə olduğunu, ailə ilə bağlı ən adi məsələləri belə bilmədiyim halda, n məni nişanladılar.

 

Nişanlanmaq, həmin anın xoşbəxtliyini dadmaq mənə nəsib olmadı. Çünki bu şəxs elə nişanlı vaxtımızda məni döyməyə başladı. Hələ də anlamıram, axı niyə? Qorxumdan atama anama heç nə deyə bilmirdim.

 

İş o yerə gəlib çatmışdı ki, gəlib təhsil aldığım müəssisədə belə məni döyürdü. Sadəlövh, utancaq, qorxaq idim və bir də, yəqin elə belə də olmalıdır deyə düşünüb, bütün bunlara dözürdüm.

 

Ailə həyatımı xatırlayanda indi də vahimə məni bürüyür. Məndə qaynana, qaynata, baldız tərəfindən pis münasibət olmayıb. Məni çox seviblər. Hətta baldızım hələ də mənim şəklimi divara vurduğunu, qaynım (bunu anlamadım) məni görmək üçün bircə dəfə icazə verməyimi belə sifariş göndərmişdi bu yaxınlarda.

 

Hər gecə döyülmək, səhərə kimi böyrümə bıçağın dirənməsindən qorxaraq, yata bilmirdim. Hər şeydə günahkar idim. Pəncərədən həyətə (qapalı həyətə) niyə baxdım? Filan sözü niyə dedim?...

 

Axır ki, valideynlərim bundan xəbər tutdular. 3 gün idi övladım dünyaya gəlmişdi. Artıq davalardan başım şişmişdi. Xəstəxanada belə davalar davam edirdi.

 

Novruz bayramı günü ilk dəfə məni tək atam evinə qonaq göndərdilər. Qızım cəmi 7 günlük idi. Atam, “sən bir də o evə qayıtmayacaqsan” - dedi... Beləcə taleyim həll olundu və mən o evə bir daha qayıtmadım.

 

Atam mənə çox dayaq oldu. İşə girdim, ali məktəbə daxil oldum. Artıq özümə gəlmişdim. Övladımı valideynlərim böyüdürdü. Mənə “bacı”, onlara “ata”, “ana” deyirdi. Böyük iddialarım var idi. İşləmək, irəli getmək...

 

Amma stereotiplər imkan vermirdi. Boşanmış qadın adı üstümdə idi. İndi ikiqat nəzarətdə idim. Həm evdə, həm cəmiyyətdə. Hara getsəm, hardan keçsəm, diqqət mərkəzində idim. 12 ildən sonra bu stereotiplərə, basqılara, evdə anamın “ailə qurmalısan, vəssalam” tələbi ilə ikinci dəfə ailə qurmalı oldum.

 

Ailə sözü mənimçün daha zorakılıq sözünün bir sinonimi kimi idi. İndi bunları yazıram və bilirəm ki, kimsə oxuyub mütləq deyəcək: “nə oldu, birinci belə, ikinci də belə... yəqin özünü apara bilmirmiş”.

 

Anlayıram ki, and içsəm də belə düşünənlər elə bu fikirdə qalacaq. Çünki həmin insanların təbiəti, əxlaqı, düşüncəsi tam eynidir. Çünki onlar qadın haqqında, o hər zaman günahkardır, qadının hissi yoxdur, o düşünə bilmir, heç vaxt düzgün qərar qəbul edə bilməz, ancaq səhv yoldadır, onu özbaşına qoysan nələr etməz, deyə düşünürlər.

 

Başıma vurulan zərbələrdən indi də başımı aşağı əyə bilmirəm, başım hərlənir. İndi də dodaqlarımın altında iri çapıqlar gizlənib. İndi də yanımda kiminsə səsi bərk çıxanda ürəyim yerindən qopur. İndi də söyüş eşidəndə dəhşətə gəlirəm. Mənim üçün söyüş ən böyük faciə idi. Təhqirlər... söyüşlər... zərbələr...

 

Mən bir robota çevrilmişdim. Baş verənlərə dözə bilmirdim. Evdə bir kölgə kimi gəzirdim. Səsimi çıxarmağa qorxur, nəsə deməyə belə cəhd göstərmirdim. Təhsildə əla oxuduğumu unutmuşdum.

 

Həftələrlə yemək görmürdüm. Yadıma gəlir, bir dəfə körpə qızım üçün çörək gizlətmişdim. Çünki həftə ilə ac qalan uşağın dodaqlarında qan yox idi... Gəldi çörəyi tapdı... həmin gün məni boğmağa başladı. Lap filmlərdəki kimi... hiss etdim ki, artıq ayaqlarım əsir və son nəfəsimdir.

 

Harasa getmək, kimdənsə kömək istəmək mümkün deyildi. Pulum yox idi. Övladlarımla küçədə qalmaq qorxusu məni məhv edirdi. Necə yedizdirəcəm, necə böyüdəcəm, nə deyəcəklər? Suallar məni iflic etmişdi. Şəxsiyyət olaraq yox olmuşdum. Maddi asılılıq hissi, qorxusu bu gün də içimdə bir kabus kimi hökm sürür. Digər qorxulardan çıxsam da, bu qorxudan, zədədən hələ də qurtula bilməmişəm. Odur ki, dayanmadan işləmək, maddi baxımdan heç kimdən asılı olmamaq həyat prinsipimə çevrilib.

 

Bir gün övladlarım mənə necə aciz olduğumu xatırladanda və çıxıb getməyimizi təklif edəndə, anladım ki, qəti addım atmasam, onlarda mənə qarşı nə sevgi, nə də hörmət qalacaq. Onlar məni vecsiz və aciz birisi hesab edirlər artıq, bu hadisələrə dözməyərək, kiçik olmaqlarına baxmayaraq, çıxıb getmək istəyirlər. Bax onda anladım ki, bütün bunlara daha dözmək olmaz! Çıxıb getmək lazımdır...

 

***

 

Bu gün zorakılığa məruz qalmış şəxslərin reabilitasiya prosesi ilə məşğulam. Qadınlar öz hadisələrini danışanda, dediklərini dərhal anlayıram. Hətta dinləyənlərin bəziləri, yəqin yalan deyir, bu qədər də olmaz, deyəndə, mən “yox, ola bilər” - deyirəm. Heç vaxt müraciət edənə, “sənin günahın nə idi” sualını vermirəm. Heç kimə “hər şey yaxşı olacaq” deyə boş ümid vermirəm...

 

Yalnız bunu deyirəm: mən ayağa qalxdım, sən də qalxacaqsan!

 

Mehriban Zeynalova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4835

Oxşar yazılar