Nazirlər Kabineti "Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi Qaydaları"nı təsdiq edib. Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qaydalar Gömrük Məcəlləsinin 330.2-ci maddəsinə əsasən hazırlanıb və dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müəyyən edir.
Qaydalara əsasən, Dövlət Gömrük Komitəsinin (DGK), Maliyyə Nazirliyinin və gömrük hərracının təşkilatçısının əməkdaşlarının daxil olduğu 5 nəfərdən ibarət hərrac komissiyası tərəfindən dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmaması barədə protokol tərtib edilir. Protokol komissiya üzvləri tərəfindən imzalanır. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar barəsində sərəncam verilməsi üçün hərrac komissiyası tərəfindən müvafiq protokol tərtib edildiyi gündən 3 iş günü müddətində DGK-ya protokolun surəti əlavə edilməklə müraciət olunur. Müraciətdə dövlət mülkiyyətinə keçirilmiş malların gömrük hərraclarında satılmamasının səbəbləri göstərilməlidir.
Mallar barəsində sərəncam verilməsi malların xüsusiyyətləri nəzərə alınmaqla, əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına vermə, təkrar emal və məhv etmə formalarında həyata keçirilir.
Hüquq mühafizə, digər dövlət orqanlarının, dövlət büdcəsindən maliyyələşdirilən sosial təminat, səhiyyə, təhsil və digər müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması və tələbatlarının ödənilməsi məqsədi ilə dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar tam natura şəklində əvəzsiz olaraq aidiyyəti dövlət orqanlarına verilir.
Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar, xüsusiyyətlərinə görə öz təyinatı üzrə istifadə edilməsi mümkün olmadıqda, Komitə tərəfindən belə malların emalı ilə məşğul olan hüquqi şəxslərə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə müqaviləyə əsasən verilir və həmin malların təkrar emalından əldə edilmiş gəlir tərəflər arasında bölüşdürülür. Komitə malların təkrar emalından əldə edilmiş gəliri dövlət büdcəsinə köçürməlidir.
Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan mallar keyfiyyətini itirməsi, xarab olması, istifadə müddətinin ötməsi və s. səbəblərdən öz təyinatına görə istifadə edilə bilmədikdə, onların məhv edilməsi yalnız aidiyyəti dövlət orqanlarının həmin malların satışının qadağan edilməsi, yaxud mal dövriyyəsindən çıxarılması barədə müvafiq göstərişləri əsasında, habelə müstəqil ekspertlərin və digər ixtisaslaşmış müstəqil laboratoriyaların həmin malların istifadə üçün yararsız olması haqqında rəyi alınmaqla, Komitənin təşəbbüsü ilə müvafiq məhkəmə qərarı əsasında həyata keçirilir.
Mülki dövriyyədə olmasına yol verilməyən mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, dərhal gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır. Mülki dövriyyədə olmasına yol verilməyən malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Belə malların saxlanc müddətinin son həddi 3 sutkadır.
Mülki dövriyyəsi məhdudlaşdırılmış mallar xüsusi icazə olmadan gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən, müsadirə edilməsi qanunda nəzərdə tutulmamışdırsa, onları keçirən şəxsin seçimi əsasında gömrük ərazisindən çıxarılmalı (bu əraziyə qaytarılmalı) və ya müvəqqəti saxlanc anbarında 3 sutka müddətinə yerləşdirilməlidir. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına çıxarılır və ya qaytarılır.
Qaydalara tez xarab olan malların siyahısı da əlavə olunub:
Tez xarab olan malların
SİYAHISI
1. Canlı flora növləri.
2. Ət və ət məhsulları, quş əti və quş əti məhsulları (o cümlədən, vurulmuş ov heyvanları və quşları) və heyvan piyləri, endokrin xammalı.
3. Diri, soyudulmuş, dondurulmuş, hisə verilmiş, duza və ya marinada qoyulmuş balıqlar, xərçənglər, molyusklar və digər dəniz məhsulları, balıq məmulatları, kürü.
4. İnkubasiya üçün yumurta, heyvan sperması, embrionlar.
5. Süd və süd məhsulları (təzə süd, qaymaq, xama, kəsmik, turş süd məhsulları və s.), müxtəlif pendir növləri, dondurma, kərə yağı, əridilmiş kərə yağı.
6. Qida üçün yumurta və melanj.
7. Marqarin, kompaund-piy, qənnadı, kulinariya və digər piylər.
8. Təzə və dondurulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) meyvələr və giləmeyvələr, şirə konsentratları, püre.
9. Təzə, dondurulmuş, duza qoyulmuş, turşudulmuş (qaxac edilmiş və qurudulmuş istisna olmaqla) tərəvəzlər və göbələklər, badımcan, yerkökü, artişok, paxlalı tərəvəzlər, yunan qabağı, təzə bibər, xiyar, pomidor, bütün növ kələm, kartof, soğan, çuğundur, turp, təzə göbələklər, tərəvəz povidlosu və püresi, müxtəlif göyərtilər.
10. Dondurulmuş qida məhsulları və yarımfabrikatlar.
11. Çörəkbişirmə üçün preslənmiş mayalar.
12. Şokolad məhsulları (yay aylarında).
13. Çörək və çörək-bulka məmulatları.
14. Körpələr və azyaşlı uşaqlar üçün xüsusi hazırlanmış qida məhsulları: maye halında ana südünün əvəzediciləri, meyvə və tərəvəz püreləri, meyvə və tərəvəz şirələri, ət püreləri, turş süd məhsulları, kəsmik və digər hazır yeməklər.
15. Qan və qan komponentləri, insan orqanları və toxumaları, analizlərin aparılması üçün testlər, diaqnostikumlar və standart məhlullar.
16. Normativ saxlama müddəti 72 (yetmiş iki) saatdan az olan digər məhsullar.