“Addım” Gənclər Təşkilatının sədri Hüseyn Cavadzadə bu yaxınlarda Norveç Krallığının “Vigro İnternational” təşkilatı tərəfindən “Young Politican” ( “Gənc Siyasətçi”) mükafatına layiq görülüb. O, Lent.az-a aldığı mükafat və və ölkədə gənclər siyasəti haqqında danışıb.
- Hüseyn bəy, ilk növbədə mötəbər beynəlxalq mükafata layiq görülməyiniz münasibətilə təbrik edirik. Bu haqda məlumat verin.
- Təşəkkür edirəm və artıq təbrikinizi qəbul edə bilərəm. Çünki mənim namizədliyim irəli sürüləndə bu məlumat mediada yayımlanmışdı. 12 avqust Dünya Gənclər günündə Norveçdə keçirilən konfransda bu mükafatı alacağım qərarlaşdırıldı. İş qrafikimlə bağlı tədbirdə iştirak edə bilmədim, amma sentyabr ayında təşkilat nümayəndələri rəsmi şəkildə mükafatı təqdim edəcəklər. Mənə bu nominasiya “ölkəmizdə gənclər arasında multikulturalism və demokratiyanın təbliği”nə görə verilib. Çox sevindirici hadisədir. Çünki bu, məndən çox Azərbaycana verilən yüksək qiymətdir. Rəhbərlik etdiyim təşkilat dəfələrlə insan hüquqları, demokratiya və multikulturalizm mövzusunda bir çox layihələr həyata keçirib. Xüsusilə qeyd edim ki, bütün layihələrimiz dövlət dəstəyi ilə reallaşdırılıb. Eləcə də müxtəlif səfirliklər və beynəlxalq qurumlarla əməkdaşlıq edirik. Amma bu günə qədər heç bir layihədə xarici donorlardan maliyyə dəstəyi almamışıq. Bizim işimizin özəyində vətənə sevgi, dövlətə sadiqlik dayanır. Gördüyümüz işlərin nəticəsi nəinki yerli dövlət strukturları, eləcə də xaricilər tərəfindən yüksək qiymətləndirilib. Düşünürəm ki, bu mükafat da o qiymətin bir hissəsidir. Bu, Avropanın bizə, bizim simamızda dövlətimizin gənclər siyasətinə verdiyi qiymətdir. Bu il ərzində biz bundan başqa iki dəfə “İlin ən yaxşı gənclər təşkilatı” mükafatını almışıq. Həyata keçirdiyimiz işin bəhrəsini görmək sevindiricidir.
- Ümumilikdə Azərbaycanda dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz? Sizcə, bunun hansı nəticələri olacaq?
- Nəticələr olacaq yox, onlar artıq var. Şablon da səslənsə, fikirlərim səmimidir. Azərbaycan dövlətinin gənclər üçün yaratdığı imkanlar bir çox inkişaf etmiş ölkələrdə yoxdur. Təsəvvür edin ki, 18 yaşı tamam olmuş istənilən gənc öz ideyasını, hətta heç bir QHT-yə üzv olmadan Gənclər Fondu vasitəsilə həyata keçirə bilər. Azərbaycan gənclərinin öz nazirliyi var. Bu təcrübə hələ bir çox postsovet ölkələrində reallaşmayıb. Ölkəmizin hər yerində fəaliyyət göstərən Gənclər evləri var. Bütün bunlar gənclərimizin inkişafına xidmət edir və əminəm ki, davamlı olaraq öz bəhrəsini verəcək.
- Gənclər sadaladığınız imkanlardan səmərəli yararlana bilirlərmi?
- Düşünürəm ki, qismən yararlanırlar. Çünki bu sahə ölkəmizdə son illərdə inkişaf edib. Artıq “Azərbaycanda gənclər sektoru var" deyə bilərik. Amma ictimai işi təbliğat vasitəsilə subkulturaya çevirmək lazımdır. Sosial məsələlərdə gənclərin aktivliyi, tələbəlik dövründə ictimai fəaliyyət trendi olmalıdır. Bu missiya isə gənclər təşkilatlarının üzərinə düşür.
-“Addım” bu missiyanı yerinə yetirə bilirmi?
- Özümüzün fəaliyyətini qiymətləndirmək düzgün olmasa da, bu sualın birmənalı cavabı var: “Addım” məhz bu missiyanı yerinə yetirir. Yəni biz təşkilatımız vasitəsilə Yeni Azərbaycan üçün yararlı olacaq gənclərin yetişməsinə çalışırıq. Mən özüm “Addım”dan öncə heç bir təşkilata üzv olmamışam və bu sahəyə ilk addımlarımda məlumatlı deyildim. Sadəcə olaraq, “təşkilat” sözü məndə sovetdən qalma bürokratik assosiasiyalar yaradırdı. Buna görə də biz hamının etdiyini etmədik. Çalışdıq ki, gənclər təşkilatı yox, gənclərin təşkilatı olaq. 2 il ərzində onlarla beynəlxalq, regional və yerli layihələr həyata keçirdik. Gənclərimizi dünyanın bir çox ölkələrində gənclərlə bağlı müxtəlif konfranslar, forumlar, festivallara göndərdik və yüksək nailiyyətlərlə qayıtdıq. Biz onlara müxtəlif istiqamətlərdə ödənişsiz təlimlər keçib peşələrə yiyələnmək imkanı yaratdıq. Boş vaxtlarının səmərəli keçməsi üçün mədəniyyət ocaqları ilə müxtəlif layihələr həyata keçirdik. Bütün sadaladıqlarım gənclərimiz üçün ödənişsiz oldu. Yəni nə layihələr, nə də təşkilata üzvlük üçün heç bir ödəniş almırıq. Bu, bizim missiyamız, gənclərimizin inkişafı isə qazancımızdır.
- “Addım”ın fəaliyyətində əsas istiqamətlər hansılardır?
- Hədəf vətənə yararlı vətəndaş yetişdirməkdir. Bu istiqamətdə rastlaşacağımız istənilən maneə problemdir və bu mövzuda fəaliyyətimiz olur. Bizim gənclər sağlam olmalı və zərərli vərdişlərdən uzaq durmalıdırlar. Təşkilatın fəaliyyət istiqamətində “Sağlam həyat tərzinin təbliği” xüsusi yer tutur. Bu mövzuda artıq ikinci ildir ki, Gənclər və İdman Nazirliyi ilə layihələr həyata keçiririk. Ötən il “Sağlam həyat yaradıcılıq sərgisi”, bu il “MDB ölkələrində sağlam həyat tərzinin innovativ metodlarla təbliği” mövzusunda beynəlxalq konfrans keçirdik. Bu il ənənəvi olaraq 3-cü ildir ki, “No Smoking” Film Festivali reallaşdırırıq. Hər il “Dünya görmə günü”, yol təhlükəsizliyi, ekologiya, qadın zorakılığı və s. mövzularda bir çox layihələr həyata keçiririk. Bundan başqa mənim xüsusi həssaslıqla yanaşdığım “Addım” Business College və Modern Art Academy layihələrindən danışa bilərəm. Hər ikisi gənclərinin ixtisaslaşmasında əvəzsiz rolu olan layihələrdir. Biz gənclərimiz üçün dünyanın ən yaxşı və bahalı təlimçilərini gətirib ödənişsiz təlimlər təşkil edirik. Gənclərimiz göz önündə inkişaf edir. Bunu görmək böyük xoşbəxtlikdir.
- Yəqin ki, dövlət orqanlarında gəncləşdirmə siyasətinin tərəfdarısınızz. Sizcə, belə vacib məsələləri etibar edəcəyimiz kadrlarımız varmı?
- Bilirsiniz, bütün dünyada “atalar və oğullar” mübahisəsi haqlı olaraq aktualdır. Mən gənclər sektorunda fəaliyyət göstərən gənc kimi gəncləşdirmə siyasətinin tərəfdarı olsam da, bütün bunların müəyyən mərhələyə qədər böyüklərimizin məsləhəti və tövsiyələri ilə olmasını istəyirəm. Məncə, yaşlı nəslin ağıllı və təcrübəli nümayəndələri enerjili, innovativ gənclərlə birlikdə əməkdaşlıq etsələr çox məhsuldar olar. Azərbaycan yaşından asılı olmayaraq hamımızın vətənidir və onu qorumaq, inkişaf etdirmək üçün əlimizdən gələni etməliyik
- Sonda Gənclərə tövsiyə və arzularınız nədir?
- Gənclərə tövsiyəm təhsillə bağlıdır. Məncə, dövrümüzün əsas problemləri mütaliədən qaynaqlanır. Daha çox oxuyun və inamla Addımlayın!