Fevralın 2-də Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirib. Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir Alxasov, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, nazirliyin əməkdaşları iştirak edib.
Tədbirdə əvvəlcə Azərbaycan dövlət himni səsləndirilib. Daha sonra tədbiri giriş sözü ilə açan FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevral tarixinin ölkəmizdə Gənclər Günü kimi qeyd edilməsindən, gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev FHN rəhbərliyi adından gəncləri 2 fevral - Gənclər Günü münasibətilə təbrik edibş, vurğulayıb ki, Azərbaycanda gənclər siyasətinin banisi Heydər Əliyevin gənc kadrların yetişdirilməsində əvəzsiz xidmətləri olub. Qeyd edib ki, bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərə xüsusi diqqət göstərir və prezidentin gənclərlə bağlı imzaladığı fərman və sərəncamlar bunun ən bariz nümunəsidir. Nazir müavini bildirib ki, Azərbaycan dövlətinin bu mütərəqqi siyasi xəttinə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyində gənclərin sosial problemlərinin həlli, onların vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxışında Azərbaycanın bu gün keçdiyi inkişaf mərhələsində gənclərin rolundan danışıb. O, Azərbaycan gənclərinin keyfiyyətli təhsil almaları və əmək fəaliyyətlərinin təşkili məqsədilə Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradıldığını qeyd edib.
Gənclər adından çıxış edən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin zabiti Xaliq Həsənli onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib.
Çıxışlardan sonra xidmətdə fərqlənən və vəzifə borcunu layiqincə yerinə yetirmiş nazirliyin bir qrup əməkdaşına Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəxri fərman və qiymətli hədiyyələri təqdim edilib.