Arıçılar dünyanın ən uzunömürlü insanları hesab olunurlar!
“Hazırda xəstəliklər çoxalıb. Zökəm, qrip insanları məcburi şəkildə yatağa salır. Xəstə yatağa düşməsə belə, xəstəlik ağırlaşır və bu hal günlərlə davam edir. Heç bir iynə, dərman da kömək etmir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, xalq təbabəti üzrə mütəxəssis Seyfəddin Əsəd deyib.
Qonaq bildirib ki, xəstəlikdən uzaq olmağın əsas şərtlərindən biri sağlamlığın qeydinə vaxtında qalmaqdır: “Yay mövsümündə dənizə getmək, qum vannası qəbul etmək, təmiz havada gəzmək lazımdır. Bundan əlavə, arıçılar dünyanın ən uzunömürlü insanları hesab olunurlar. Çünki arı sancan insanlar qrip olmurlar, soyuqdəymədən əziyyət çəkmirlər, revmatizmadan əziyyət çəkmirlər. Hətta arı zəhəri xərçəngdən də qoruyur. Son zamanlar dünyada arı zəhərindən 1 nömrəli məlhəm kimi istifadə olunur”.
Qripə qarşı soğan suyu!
Seyfəddin Əsəd son illər yaranan və uzun müddət davam edən qriplə mübarizə yolları barədə ətraflı məlumat verib: “Qripin 450-dən çox ştampı var və birmənalı şəkildə müalicəsi yoxdur. Bir gün ərzində keçməsi mümkündür. Müalicə dərmanlarla aparılanda qrip 7-8 gün davam edir. Amma təbii üsullardan istifadə olunarsa, cəmi bir günə qripdən xilas olmaq olar. Əgər qripə yoluxduğunu hiss etmisinizsə, soğan suyunu su ilə qarışdırıb, 2 saatdan bir buruna tökmək lazımdır. 2 saatdan bir bal yemək də kömək edir. Yaxşı olar ki, bala zəncəfil tozu əlavə olunsun. Bundan əlavə, səhər, günorta və axşam 1 diş sarımsaq yemək lazımdır. Udmaq olmaz. Çətinlik çəkənlər qara çörəklə yeyə bilərlər. İmmuniteti qaldırır, təbii antioksidantdır, xolesterini təmizləyir. Sarımsaq yeyənlərin dərisi gözəl olur. Bu qidadan istifadə edənlər qripə yoluxmurlar. Evdə qripin yayılmasının qarşısını almaq üçün sarımsağı kəsib, bir qabda qoymaq lazımdır. Əvəlikli isti xəngəl də qriplə mübarizədə effektiv üsuldur. Yaxşıca tərlədikdən sonra qrip tamamilə keçir”.
Miqrenə qarşı təbii müalicə üsulları
Qonaq miqren xəstəliyindən əziyyət çəkənlərə də məsləhət verib: “Dünyada miqrenin müalicəsi yoxdur, yalnız Azərbaycanda var. Arı sancması, zəli ilə bu problemdən xilas olmaq olar. Eyni zamanda, Altay dağlarından gətirilən mumiyadan da istifadə etmək olar. Bu məhsul immuniteti gücləndirir, oynaq xəstəlikləri, həzm sisteminə kömək edir. Min bir dərdin dərmanıdır”.
Seyfəddin Əsəd bəzi bitkilərin xeyirli xüsusiyyətlərindən də danışıb: “Dazıotu dəmləməsi bir çox xəstəliklərin müalicəsində effektivdir. Həmçinin, oynaq ağrıları zamanı da istifadə etmək olar. 1 xörək qaşığı dazıotunu 200 qram suda 5 dəqiqə qaynadıb, ümumi yarım saat dəmlədikdən sonra qəbul edilir. Kəklikotu soyuqdəymə zamanı çox kömək edir. Bəzi insanlar bu bitkinin qəbulu zamanı təzyiqinin artdığını, bəziləri isə əksinə, azaldığını deyir. Səbəb budur ki, kəklikotuda sidik qovuculuq xüsusiyyəti var. Bu növ bitkilər təzyiqi salır. Bəzən kəklikotu qəbul etmiş insanlar başağrısından şikayət edirlər. Bunun səbəbi odur ki, bədən bu bitkini qəbul etmir.
Vərəmum adlı arı məhsulu isə təbii antibiotikdir. Bu məhsul daha çox propolis adı ilə tanınır. Digər antibiotiklər göbələk yaradır. Vərəmumu isidib ağrı olan nahiyələrə çəkmək iltihabın qarşısını alır. Həzm sistemi, tənəffüs yollarına da xeyir verir”.
Qonaq əlavə edib ki, adaçayı adlanan bitki - qrip, soyuqdəymə, öskürək, farengit, ishal zamanı çox xeyirlidir. Gülxətmi, həmçinin, dazıotu ilə birgə dəmləmək effekt verir. Oynaq ağrılarında bu qarışımdan kompres etmək olar: “Öd kisəsinin soyuqdəyməsi zamanı isə solmazçiçəyi əvəzsiz vasitədir. Bu bitkinin digər adı öd otudur. Dəmləyib səhər, günorta və axşam qəbul etmək öd kisəsini təmizləyir, eyni zamanda qaraciyərin funksiyasını yaxşılaşdırır. Arı südü də bir çox dərdin dərmanıdır. Rəngi dəyişmiş arı südünü almaq olmaz. Böyüklər 20 damcı qəbul edə bilərlər. Uşaqlara isə yaşına görə verilir. Hamilə qadınlar da istifadə edə bilərlər. Dünyaya gələcək uşaqlar ağıllı və xəstəliklərə qarşı müqavimətli olurlar. Elə qadınlar da infeksiyalara qarşı dözümlü olurlar. Arı südü möcüzəvi tərkibə malikdir”.
Saç tökülmədən əziyyət çəkən qadınların nəzərinə: Gicitkəndən istifadə edin!
Limonun çox güclü antioksidant olduğunu deyən həkim, limonun mikrobları öldürdüyünü bildirib: “Həzm sistemini yaxşılaşdırır. C vitamini ilə zəngindir. Qabığında bu vitamin daha çoxdur. Qara çaya limon salanlar daha sonra o limonu yeyirlər. Bu düzgün deyil. Çünki limon çaydakı zərərli maddələri özünə çəkir. Bitki çaylarını limonla qəbul etmək olmaz. Çünki təsirini öldürür”.
Loğman geniş yayılmış allergiyadan da bəhs edib: “Alimlər sübut edib ki, allergiya irsən keçir. Yalnız immunitet güclü olan insanlarda allergiya olmur. Bunun üçün arı məhsulları əvəzedilməz vasitədir”.
Saç tökülməsinin qarşısını almaq üçün ən effektiv vasitə gicitkəndir. Seyfəddin Əsəd xüsusilə xanımlara bu bitkidən çox istifadə etməyi məsləhət görüb: “Gicitkən suyu dəmlənir, A və E vitaminləri, üstəgəl, xına əlavə olunur və həll edilir. Bu qarışım saç tökülməsinin qarşısını alır, saça parlaqlıq verir. Kişilər isə saç tökülən nahiyələrə sarımsaq sürtə bilərlər”.