[b]Əsirlikdə məhəbbət, konsulun xəyanəti, sevgi naminə ölüm hökmü <span style="color:red;">- ARAŞDIRMA  [/b]
10 iyun 2014 15:48 (UTC +04:00)

[b]Əsirlikdə məhəbbət, konsulun xəyanəti, sevgi naminə ölüm hökmü - ARAŞDIRMA [/b]

0

(Bu yazı Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hazırlanıb)

 

- Siz gecikmisiniz, cavan oğlan, o, bir həftə əvvəl öldü. Düz bir həftə əvvəl.

- Öldü?

 

Az qala yerimdən qalxıb təkrar bağırmaq istəyirəm. O isə soyuqqanlılıqla  təsdiqləyir…

 

- 65 il gözlədi onu. Nələrə əl atmayıbmış yazıq arvad? Sovet səfirliyinə, telekanallara... Onun taleyindən bir ay qabaq xəbər tutdu. Deyəsən arxayın oldu ki, bitdi hər şey, daha onu gözləməyin yeri yoxdu. Heç 20 gün keçmədi, canını tapşırdı.

 

- 65 il gözlədi, hə?

- Hə, gözlədi, nə ölüsündən, nə də dirisindən xəbər tutmadan gözlədi…

 

***

Zaman, 1945-ci ilin iyunu.

Məkan, Bakı, Balaxanı kəndi.

 

Əli kişinin evində əməlli şadyanalıqdı. Oğlu Nuru müharibədən qayıtmışdı. Qohum-əqrəba, dost-tanış gözaydınlığına gəlmişdi, sevinirdi. Təkcə Nurudan başqa.  İynə üstündə oturmuşdu sanki. Dayana bilmirdi bir yerdə. Narahat idi, sanki günlərini sayırdı evdən getmək üçün. 5 il olmadığı evlərindən. Beləcə bir müddət keçir. Bir axşam bacısını kənara çəkib gedəcəyini deyir. Harasını isə izah eləmir. Bircə onu deyir ki, ola bilər, qayıtmasın.

Bacısı qorxusundan evdə bir söz demir.

 

***

 

…Onu indiki Rumıniya ilə sərhəddə yaxalayırlar. İlk dindirmədəcə bildirir ki, İtaliyaya, Boloniya şəhərinə gedirmiş. NKVD “üçlüyü”  22 yaşlı bu balaxanılı balasını vur-tut 30 dəqiqə sorğu-sual edir. Və…və “Güllələnsin!”

 

Nurunu xüsusi hərbi düşərgəyə göndərirlər. Orda, məhz orda Nuru düşərgə rəhbərliyini inandıra bilir ki, o, xəyanətkar deyil. O, kommunistdir. O, almanlara qarşı vuruşub. Partizan dəstəsində döyüşüb. Amma bir suala, sadə bir suala isə cavab vermir. Daha doğrusu vermək istəmir.

 

- İtaliyaya niyə gedirdin?

 

Nurunun cəzasını 25 illik həbslə əvəz edirlər və o dövrün ən amansız həbs düşərgələrindən olan Vorkutaya göndərirlər…

 

Hə, indi oxucu da bizdən elə bunu soruşacaq: müharibədən sağ-salamat qayıtmış bu bakılı balası qəfil niyə isti ocağını tərk edib özünü taleyin amansız girdabına atır? Axı o evlənə, işləyə, oğul-uşaq yiyəsi ola bilərdi? Veteran kimi hər yerdə hörməti olacaqdı, ona qayğı göstərəcəkdilər?

 

Bəs niyə?

Nə üçün?

Kimə görə?

 

***

 

…Konslagerlərdən, həbs düşərgələrindən qaçıb pərən-pərən düşən sovet əsgərlərinin böyük bir hissəsi də İtaliyanın şimalına gəlib çıxmışdılar. Onların arasında yüzlərlə azərbaycanlı da vardı. Əsirlikdən qaçan sovet əsgərlərini yerli partizan briqadaları öz sıralarına məmnuniyyətlə qəbul edirdilər. Aralarında azərbaycanlı olan böyük bir dəstə isə Boloniya şəhərinin həndəvərinə qədər gəlib çıxmışdı. “Bolero Haribaldi” partizan briqadasında əvvəldən də azərbaycanlılar vardı. Yeni gələnləri də briqadada sevinclə qarşıladılar. Bir qədər dincəldikdən, yerli şəraitlə tanış olduqdan sonra həmin dəstənin tərkibində olan bakılı, daha dəqiqi balaxanılı Nuru Əliyev və yoldaşları ilk əməliyyatlarını  keçirirlər. Meşənin içindən keçən yolda faşistlərə ərzaq daşıyan maşın karvanını məhv edirlər. Əməliyyat itkisiz başa çatır. Bundan sonra daha bir neçə uğurlu əməliyyat. Artıq “Bolero”da azərbaycanlı partizanları, necə deyərlər, barmaqla göstərirdilər.

 

İstər  İtaliyanın faşist “respublikaçıları”, istərsə də Almaniyanın SS qruplaşması bu regionda partizanların məhvi istiqamətində geniş hücum planları hazırlayırdılar. Bir gün aralarında Nurunun da olduğu partizanlardan ibarət kiçik dəstə  Navile deyilən yerdə pusquya düşür. Qeyri-bərabər döyüşdə Nuru yaralanır. Faşistlər onu və daha bir neçə nəfəri bir qədər aralıdakı həbsxanaya atırlar. Və Nurunun işgəncə dolu ağır günləri başlayır.

 

Günlərin bir gün, SS-çilərin növbəti sorğu-sualında Nurunu 17 yaşlı italyan qızla üzləşdirirlər. Elə Nuru kimi bu həbsxanada günlərdi işgəncə görmüş qız da partizan imiş. Növbəti üzləşmədən sonra hər ikisini möhkəm döyürlər. Və maraqlıdır ki, hər ikisini də nədənsə eyni kamera salırlar. 17 yaşı təzəcə tamam olmuş, ucaboy, mavi gözlü Gina yerli katolik keşiş Neqrininin qızıydı. Atasının ruhani olmasına baxmayaraq, gənc Gina kommunist idi, daha doğrusu “Bolero”  briqadasındakıların əksəriyyəti kimi kommunist ideyalarına inanırdı. Elə SSRİ-yə, sovet partizanlarına da buna görə xüsusi sevgiylə yanaşırdı...

 

***

 

Nuru və Gina 1 həftə eyni kamerada qalırlar. Təsadüf, hə, məhz sırf təsadüf onların həbsxanadan qaçmasına səbəb olur. Cütlük növbəti istintaqa aparılarkən həbsxanaya qəfil partizan hücumu başlayır. Düzdür, almanlar hücumu dəf edə bilirlər. Amma Nuru və Gina qarışıqlıqdan istifadə edib qaça bilirlər. Hər iki yaralı gənc 4 gün meşələrlə, dar cığırlarla hərəkət etdikdən sonra bir təhər yaşayış məntəqəsinə gəlib çıxırlar. Onları huşsuz halda yerli kəndlilərdən biri tapır. Və öz evində gizlədir. Bir neçə gün bu evdə qalan Nuru və Gina bir də ayılırlar ki…artıq bir-birilərinə biganə deyillər. Azca özlərinə gələn cütlük yerli bələdçilərin köməkliyi ilə partizanların yanına qayıda bilir.

 

Artıq may ayı gəlmişdi. 45-ci ilin may ayı…İtaliya bütünlüklə Mussolini respublikaçılarından təmizlənmişdi, Berlinin alınmasına isə sanılı günlər qalmışdı. Elə Almaniyanın kapitulasiyası barədə xəbəri də partizanlar yerli radiodan eşitdilər. Bütün sovet partizanları kimi Nurunun sevincinin həddi-hüdudu yox idi. Vətənə dönməyə az qalmışdı…

 

Elə Gina da SSRİ-yə, Nurunun vətəninə getmək istəyirdi. Sonradan Gina Neqrini yazacaqdı: “SSRİ mənim yuxularımın ölkəsi idi. Mən bu ölkədə yaşamaq üçün hətta ailəmdən də keçməyə razılaşdım. Xəyallar uydururdum, SSRİ-də yaşayacağıma görə, hətta neçə-neçə qohumumun, rəfiqəmin mənə həsəd aparacağını düşünürdüm”.

 

***

 

Amma Ginanın keşiş atası cütlüyü qəbul etmir. Daha doğrusu, onların izdivacına qəti razı olmur. Ata israrla qızından bu ateistdən, sovet insanından uzaq durmağı tələb edir. Gina isə atasının tələbinə məhəl qoymur, Nurunu seçir. Amma valideynlərinin də qəlbini qırmaq istəmir. Onlar  San Mikkolo qəsəbəsinə gəlirlər. Buradakı polyak əsilli pravoslav keşişdən onların kəbinlərini kəsməyi xahiş edirlər. Keşiş məmnuniyyətlə razı olur. Sonradan Gina yenə qeyd edəcəkdi: “O, bizdən çox sevinirdi. Biz müqəddəs Ataya düzünü dedik. Bildirdik ki, katolik atam müsəlman bir oğlanla ailə qurmağıma razı deyil. Keşiş dedi ki, bəlkə əvvəlcə Nurunu xaç suyuna salaq? Nuru razı deyildi. Amma onu inandırdım ki, bu, kiçik və formal bir prosedurdu. Keşiş isə biz cavanlara kömək etmək istəyirdi. Ona görə də bic-bic gülümsünüb razılaşdı”.

 

Beləliklə, Nuru xaç suyuna salınır, ona Aleksandr adı verilir, məhz bundan sonra keşiş onların nikahını kəsir.

 

***

 

Gina atasının yanına gəlir. Nikah şəhadətnaməsini ona göstərir. Nurunun hətta xristianlığı qəbul etdiyini də deyir. Atası bundan sonra onların izdivacına xeyir-dua verir. Hətta öz evində yeni evlənənlərə müvəqqəti yaşamaq üçün otaq da ayırır. Amma Ginanın atası heç vaxt bilməyəcəkdi ki, Nuru xaç suyuna salınmasına, Aleksandr adı  götürməsinə baxmayaraq, elə həmin evdəcə gündəlik namazını qaçırmır, müharibədən sağ-salamat çıxdığı üçün hər gün Allaha dualarını əsirgəmir...

 

***

 

Gənclər Boloniyada çox qalmaq istəmirlər. Xüsusən Gina. O, hər gün SSRİ, Bakı haqqında soruşur, tezliklə arzuladığı xəyallarının ölkəsinə gedib çıxmağa tələsirdi. Artıq onların sənədləri də tam hazır idi. Milandakı sovet konsulluğuna sənədlərini təqdim edən cütlük…ilk cəhddəcə məyus olur. Onlara bildirilər ki, kilsə nikahı ilə onların sənədlərini qeydiyyata alıb SSRİ-yə göndərə bilməzlər. Bundan başqa, gənclərin əlindəki digər sənədlər də kifayət deyil. Onda Gina yerli kommunist partiyasına müraciət edir. Həm Nurunun, həm də özünün “Bolero” partizan briqadasında vuruşduğu, almanlara qarşı əməliyyatlarda iştirak etdiyi, hətta bir yerdə həbsdəykən ağır işgəncələrə məruz qaldığı barədə sənədlər toplayır. Sənədləri Milandakı konsulluğa təqdim edirlər. Onları qeydiyyata alan konsulluq bu dəfə gənclərin Avstriyadakı Linsa düşərgəsinə yollanacaqlarını deyirlər. Səbəbini də belə izah edirlər ki, İtaliyada ilişib qalmış yüzlərlə sovet əsgəri kimi onlar da Avstriyadakı Linsa düşərgəsinə getməlidilər, məhz buradan SSRİ-yə göndəriləcəklər. Amma özləri də bilmirdi ki, konsul onları aldadır, yalan danışır, onları elə bir cəhənnəmə göndərir ki...

...Onlar digər sovet əsgərləri kimi Linsa həbs düşərgəsinə gəlib çıxırlar. Olduqca acınacaqlı durumda olan və faşist konslagerindən fərqlənməyən bu düşərgədə onları elə olaylar gözləyəcəkdi ki...

 

Səbuhi Məmmədli, Milan

(Araşdırmaya verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edirik)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5746

Oxşar yazılar