Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclası keçirilib.
AMEA-dan Lent.az-a verilən məlumata görə, Tədbiri giriş sözü ilə AMEA prezidenti, akademik Akif Əlizadə açıb. Gündəlikdə yer alan məsələlər haqqında məlumat verən alim bildirib ki, şura Azərbaycan elminin inkişaf strategiyasına müvafiq olaraq yaradılıb və onun əsas istiqaməti mövcud problemlərin həllinə yönəldilib.
Şuranın əsas vəzifəsinin elmi və ali təhsil müəssisələrində tədqiqatların aparılması, müzakirəsi və əlaqələndirilməsi olduğunu vurğulayan akademiya rəhbəri elmimizin inkişafına göstərilən dövlət qayğısından söhbət açıb. Alimlərimizin üzərinə düşən vəzifələrdən söhbət açan akademik dünyada, eləcə də ölkəmizdə biliklər cəmiyyətinin bərqərar olduğunu və ölkə prezidenti İlham Əliyevin bu məsələyə xüsusi önəm verdiyini vurğulayıb.
İclasda akademiyanın Tədbirlər Planında bir çox məsələlərin öz əksini tapdığı, o cümlədən elm və təhsil üzrə yeni məsləhət komitəsinin yaradılmasının nəzərdə tutulduğu qeyd edilib. Qurumun müstəqil şəkildə fəaliyyət göstərəcəyi vurğulanaraq hazırda sözügedən komitənin yaradılması istiqamətində təkliflərin hazırlandığı və yaxın gələcəkdə həmin təkliflərin dövlət başçısına təqdim olunacağı ifadə edilib.
Sonra müzakirələr aparılıb, mövcud problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb.