"Azəristiliktəchizat" ASC "Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış öhdəliyini yerinə yetirməyib, lakin hökumətin qərarına əsasən, ASC-nin qazanxanalarına qaz verilişi bu gündən bərpa olunacaq.
Bunu "APA-Economics"ə açıqlamasında "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev deyib.
"Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu ödəməyib, amma borcun ödənilməsi ilə bağlı müvafiq razılıq əldə olunub. Bilirsiniz ki, biz "Azəristiliktəchizat"ın az miqdarda borcu olan qazanxanalarını qazla təmin edirdik. Bu günün sonunadək isə bütün qazanxanalar qazla təmin olunacaq", - deyə İ. Kərbəlayev bildirib.
***
16:47
Azərbaycan Hökumətinin müvafiq göstərişinə əsasən, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında yaranmış borc məsələsi həllini tapıb.
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar “Azəriqaz” İB tərəfindən bu günün sonuna qədər “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanalarına qazın buraxılışı haqqında tapşırıq verilib.
Qeyd edək ki, borc qalmaqalına görə əhali 13 gündür istiliksiz qalmışdı.