<b>Döyüşən bayraq, sirli ruh, yuyulmayan şəhid qanı... – <span style="color:red;">QÜRUR HEKAYƏTİ </b>
26 aprel 2018 12:40 (UTC +04:00)

Döyüşən bayraq, sirli ruh, yuyulmayan şəhid qanı... – QÜRUR HEKAYƏTİ

0

“Dan yeri yenicə qızarmağa başlayırdı. Keçilməz, vəhşi meşəliklə gedirdik. Birdən elə bil məni “tok” vurdu. “Bayraq!”, - deyə qışqırdım. Bayraq hanı? Tez komandirimiz Məhəmmədin yanına qaçıb, bayrağımızı kiminsə götürüb-götürmədiyini soruşdum. Məlum oldu ki, bayraq maşında, elə qoyduğum yerdə, zenit qurğusunun alət qutusunda qalıb. Fikirləşməyə vaxt yox idi. Tez öz aramızda nə etmək lazım olduğunu fikirləşməyə başladıq. Hər kəsin rəngi ağappaq olmuşdu. Mən artıq böyük fəlakətin baş verdiyini fikirləşirdim. Ermənilərin bizim bayrağı necə təhqir edəcəklərini, televizorda necə nümayiş etdirəcəklərini düşündükcə, dəli olmaq dərəcəsinə çatırdım”.

 

Ehtiyatda olan baş gizir Fazil Hüseynəliyev döyüş xatirələri il bağlı Lent.az-a danışır. O zaman onun cəmi 19 yaşı vardı. Zenit qurğusu komandiri olub.

 

- 1992-ci ilin aprelində Bakıdan 12 əsgər rəhmətlik baş leytenant Xanlar Alışovla birgə Laçının Şam kəndinə gəldik. Özümüzlə maşın üzərində qurulmuş iki “ZU-23-2” qurğusu gətirmişdik. İki heyət idik. Heyətlərdən birinin komandiri mən idim. Sonralar elə oldu ki, Xanlar bizdən ayrılmalı oldu və biz kapitan Məhəmməd Novruzovun tabeçiliyində xidmətə başladıq. Laçında bizim əsas tapşırığımız Ermənistandan Xankəndinə gedən hava dəhlizini nəzarət altında saxlamaq idi. Postda duranda bizim maşının üzərində daim Azərbaycan bayrağı dalğalanırdı. O bayrağa elə öyrəşmişdik ki... O vaxt çox az bölmələrdə bayraq vardı. Buna görə də biz bayrağımızla lovğalanır, öyünür, qürur duyurduq. Bu bayrağı Qarabağa baş leytenant Alışov Bakıdan gətirmişdi.

 

Mayın 17-də Laçın işğal olunandan sonra onlar Kəlbəcər rayonuna keçir və orada 701 saylı briqadaya qoşulurlar.

 

- Ağdərə əməliyyatına qədər bizi mobil qrup kimi müxtəlif gərginlik olan yerlərə köməyə göndərirdilər. Bayraq isə həmişəki kimi “Ural”ın üstündə dalğalanırdı. Qarşımıza qoyulan tapşırıqlardan üzüqara qayıtmırdıq. Bu bayraq bizim uğur simvolumuza çevrilmişdi. 1992-ci ilin iyulun 4-də Ağdərəyə hücuma keçəndə bayraq yenə bizimlə idi. Həsənriz ermənilərin yaşadığı çox böyük kənddir. Kəndi düşmən əsgərlərindən tam azad edəndən sonra küçə boyu üzü aşağı təmizləməyə başladıq. Kənddə mülki adamlar qalmışdı. Erməni əsgərləri sakinləri qoyub qaçmışdılar. Kənd tamamilə bizim nəzarətimizə keçdi. Kəndin aşağı hissəsində ATS binasının hündür antena qülləsi vardı. Onun yaxınlığında mövqe tutduq və ağlımıza belə bir fikir gəldi. Bayrağımızı qələbə rəmzi olaraq həmin qüllədən asaq və asdıq.

 

Asar-asmaz erməni əsgərləri həmin ərazini “Qrad”la, topla gülləbaran etməyə başlayır.

 

- Göydən üstümüzə elə bil od yağırdı. Gözümüzü aça bilmirdik. Kəndin başqa bir tərəfində komanda məntəqəsində olan briqadanın qərargah rəisi polkovnik-leytenant Tacibov rabitə vasitəsi ilə bayrağın diqqət çəkdiyini, ermənilərin bütün atəş vasitələrini o tərəfə topladığını dedi. Bayrağı oradan endirməyimizi göstəriş verdi. Bayrağı cəbhə yoldaşım Şahmalı endirdi. Həmin o bombardmana görə bizim maşını, başqa bir neçə texnikanı da hündür binanın arxasına çəkməyi əmr etdilər. Biz maşını aparanda Şahmalı bayrağı endirmək üçün qülləyə çıxdı. Çətin olsa da çıxara bildi. Çünki o da təcrübəli döyüşçü idi. Ruhu şad olsun! Sonralar o, Füzuli rayonunun Alxanlı kəndi yaxınlığında şəhid oldu.

 

Qəhərlənir və susur. Otağa ölü bir sükut çökür.

 

- Bayrağı qüllədən endirdiniz. Bəs sonra?

 

- Sakitlik yaranandan sonra polkovnik-leytenant Tacibov yanımıza gəldi. “İnşallah, bu bayrağı Xankəndində taxarsız!”, - deyib, hələlik bayrağı maşınımızda saxlamağı tövsiyə etdi. Beləliklə, mən o bayrağı səliqə ilə qatladım, sellofana büküb, zenit qurğusunun alətləri olan dəmir qutuya qoydum.

 

Ordumuz Həsənriz kəndini düşməndən təmizləyəndən sonra iyulun 6-da Zəylik kəndini də düşməndən azad edirlər. Oradan sonra rayonun Umudlu kəndinə keçirlər. Həsənrizdən təxminən 7-8 kilometr aralı. 13 gün Umudluda qalırlar. Bu müddət ərzində düşmənin birinci hücumunu dəf etsələr də, ikinci hücumunda kəndi tərk etməyə məcbur qalırlar.

 

- İyulun 19-u səhər Umudluda ağır döyüşlər başladı. Günortaya yaxın kəndin yarısı ermənilərin nəzarəti altına keçdi. Biz kəndin içinə çəkilməli olduq. Orada yenidən qruplaşdıq, axşam gün batana yaxın hücuma keçib kəndi yenidən aldıq, öz səngərlərimizə geri qayıtdıq. Səhərə yaxın ermənilərin daha böyük qüvvə ilə Umudlu kəndinə hücum edəcəyi xəbərini aldıq. Umudludan gizli şəkildə çıxmalı idik. Böyük qüvvənin qarşısında dayanmaq üçün nə imkan, nə də kəndin bizdə olmasının elə bir əhəmiyyəti qalmışdı. Ona görə ki, bizim o günlər ərzində azad etdiyimiz 6-7 kəndi ermənilər iyulun 19-da əks hücuma keçib hamısını geri almışdılar. Biz həmin kəndlərin getməsindən yalnız gecə xəbər tutmuşduq. Gündüz döyüş vaxtı rabitə əlaqəsi kəsilmişdi. Hamı kəndi azad etmək üçün döyüşə girişmişdi. Gecə isə briqadayla əlaqə yaradanda ordan demişdilər ki, hələ də ordasınızsa, təcili kəndi tərk edin. Umudlu kəndi dərinlikdə idi. Biz çox qabağa getmişdik, o biri kəndləri erməni alanda biz avtomatik mühasirə vəziyyətinə düşmüşdük. Və ərazi o qədər böyük idi ki, biz orda heç nə edə bilməzdik. Bütün qüvvələr, briqadanın qərargahı da daxil olmaqla Kəlbəcər ərazisinə çəkilmişdilər. Vaxtımız isə çox azıydı. Kəndə giriş-çıxış yolları düşmən tərəfdən bağlanmışdı. Bircə yol vardı, o da dağlarla. Ona görə biz oradan texnikasız çıxmağa məcbur idik. Meşələrlə gedib Murov dağını aşmalı və bizim nəzarətimizdə olan əraziyə çatmalı idik. Səhərin açılmasına bir neçə saat qalmışdı. Həlak olanları dəfn etməli, ağır silahları və texnikanı düşmənin diqqətini cəlb etmədən sıradan çıxartmalı, postlarda başlarına kaska geyindirilmiş müqəvvalar quraşdırmalı idik ki, ermənilər bizim kənddən çıxdığımızı tez başa düşməsin. Bu bizə kənddən çıxmaq üçün zaman qazandıracaqdı. Hava işıqlananda onlar bizim olmadığımızı başa düşsələr, arxamıza düşüb hamımızı əsir götürə bilərdilər. Gündüz gedən döyüşlərdə 4 nəfər həlak olmuşdu. Piyada aparmağımız mümkünsüz idi. Ona görə də gecə həyətlərin birində dəfn etdik. Məzarlar bilinməsin deyə üstünü sax-şəvəllə örtdük ki, ermənilər tapmasın. Avqustun 10-u, ya 12-də kəndi yenidən azad edəndə onların meyitlərini çıxarıb, evlərinə yolladıq.

 

Saylarını təxmini xatırlayır. Deyir, səkkiz nəfər zenitçiylə birlikdə təqribi səksən döyüşçü olublar. Hamısının da çiynində silah-sursat dolu ağır çantalar, əllərində qumbaraatan mərmisi varmış.

 

- Yükümüz ağır, qarşımızda keçilməz meşəlik vardı. Yarğanlar, yola yıxılmış ağaclar olduğundan yavaş və çətinliklə irəliləyirdik. Qarşıda bizi nələrin gözlədiyini bilmədiyimizdən özümüzlə bu qədər silah-sursat götürmüşdük. Hər an qarşımıza düşmən çıxa bilərdi. Üstəlik, xərəkdə iki yaralı da aparırdıq. Zabitin vəziyyəti lap ağırıydı. Güllə qarnından girib, belindən çıxmışdı. Digəri yaralı isə əsgər idi. Onun yarası çiynindən, nisbətən yüngül idi.

 

Sübh saat 5-də onlar Umudludan çıxmağa başlayırlar. Kənddən təxminən 45-50 dəqiqəlik məsafədə uzaqlaşmışdılar ki, bayrağın kənddə qaldığını xatırlayır.

 

- Mühasirədən çıxan piyadaların, rabitəçilərin “kolon”u hərəkət edir, biz zenitçilər isə nə edəcəyimizi bilmirdik. Bir az fikirləşəndən sonra komandirə qayıdıb bayrağı götürə biləcəyimi dedim. Çünki biz gecə maşını meşəliyin lap yaxınına sürmüşdük. Orada zenit qurğusunun bəzi hissələrini söküb kəndin ortasındakı yarğana atmışdım. Diqqət cəlb etməmək üçün heç bir maşını yandırmamışdıq. Əvvəlcə komandirim geri qayıtmağın təhlükəli olduğunu, ermənilərin artıq kəndə girdiklərini düşünüb, razılıq vermədi. Umudludan top və minaatanların səsi gəlirdi. Demək ki, kənd boşdur, piyadalar hələ girməyib.

 

Komandir Məhəmməd Novruzov ona geri qayıtmağa o şərtlə icazə verir ki, tək getməyəcək. Özü ilə bir nəfər də götürməli olur.

 

- Qaxlı Yusif hamıdan qabaq dilləndi ki, Fazillə mən gedirəm. Üstümüzdə olan artıq yükləri uşaqların yanında qoyub hamıyla halallaşdıq. Onlara bizi sadəcə 1-2 saat gözləmələrini söyləyib taleyini dəqiq bilmədiyimiz kəndə sarı üz tutduq. Kapitan Məhəmməd Novruzov bizə ermənilərlə qarşılaşarsaq necə hərəkət etməyimizi, geri çəkilmək üçün başqa marşrutla getməyi başa saldı. Əks halda düşmən “kolon”un izinə düşə bilərdi. Beləliklə, biz sürətlə meşədən çıxmağa başladıq. Yusifə arxayınıydım. Bilirdim ki, heç vaxt adamı darda qoymaz. Yükümüzdən azad olmuşduq deyə kəndə gəldiyimizdən daha tez çatdıq. Təxmini 25-30 dəqiqədən sonra Umudlu göründü. Yüz metr məsafədə dayanıb ağacların arasından kəndi müşahidə etməyə başladıq. Ara-sıra mərmilər partlasa da sakitlik idi. Görünür, ermənilər hələ kəndə girməyib. Uzaqda maşınımız da görünürdü. Ehtiyatı əldə vermədən, kolluqlarda gizlənə-gizlənə maşına yaxınlaşdıq və mən cəld maşının kuzovuna qalxıb, dəmir qutunu açdım. Bayraq ordaydı! Götürüb cibimə qoydum və sürətlə oradan uzaqlaşmağa başladıq. Düşmən bizi heç görmədi də. Meşəyə yenicə girmişdik ki, Umudludan avtomat, pulemyotların səsi eşidilməyə başladı. Ermənilər artıq kəndə girirdi. Bizi ölümdən bir neçə dəqiqə ayırmışdı. Var qüvvəmizi toplayıb, meşədə bizi gözləyən uşaqlara sarı qaçdıq.

 

Umudlunu itirməklərinin acısını bayrağı xilas etməklərinin sevinci nisbətən yüngülləşdirir.

 

- Sanki böyük bir yük altından çıxmış, bayraq ləkəsi, namus ləkəsindən qurtulmuşduq. Kəndi geri almaq olardı, amma bayraq orda qalsaydı, biz bir də onu heç vaxt görə bilməzdik. Bayraq minlərlə, milyonlarla ola bilər. Lakin bizim bayraqdan bir dənəydi. O, bizimlə ən ağır döyüşlərə girib bizə döyüşmək ruhu verib, daim vətən məsuliyyətini xatırlatmışdı.

 

İki sutka yarıma mühasirədən çıxan əsgərlərimiz Goranboyun Gülüstan kəndinə çatırlar. Sonralar o bayrağı bir daha elə təhlükələrə atmadıqlarını xatırlayır. Bayraq onlarla birgə müharibənin son günlərinə qədər döyüşür.

 

- 1993-cü ilin yazında Füzulidə, birbaşa cəbhə bölgəsində yeni gələn əsgərlərimiz həmin bayrağı öpərək, hərbi andı içirdilər.

 

İgid və cəsur zabit olan Məhəmməd Novruzov bir neçə ildən sonra Bakıya təyinat alır. Novruzovu özünə böyük qardaş bilən Fazil və digər döyüşçülər bayrağı komandirlərə etibar edirlər.

 

Fazilin danışdıqlarından sonra o bayrağı görmək üçün təqaüddə olan hərbçinin evinə yollandım. İllər ərzində bayrağın rəngləri solmuş, kənarları süzülmüş, parçası dəlik-deşik olmuşdu.

 

M. Novruzov bayrağın üstündəki yırtıqları və tikişləri göstərir:

 

- Güllə izləridir. Həyat yoldaşım Leyla xanım bəzilərini tikib. Qara izlər isə şəhidlərin qanıdır. Nə qədər yuyulsa da, getmədi.

 

26 il sonra mən də o şanlı bayrağı gördüm, qürurla əlimdə tutdum. Döyüşən bayraq yenidən Qarabağa gedəcəyi günü gözləyir.

 

 

Yazı “Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 896

Oxşar yazılar