Azərbaycan Prezidentinin 11 aprel tarixli fərmanı ilə yaradılan Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Direktorlar Şurasına üzvlər təyin olunub.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə Prezidentinin sərəncamları ilə Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, sədr müavinləri Namiq Babayev və Bəhram Xəlilov, şuranın digər üzvləri Kamil Ayda-zadə, Ceyhun Bayramov, Niyazi Hacıyev, Fariz İsmayılzadə təyin ediliblər.
Mərkəz dövlət qeydiyyatına alınana qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) fəaliyyətlərini davam etdirirlər və vətəndaşlara qanunvericiliklə nəzərdə tutulan bütün xidmətləri (elektron xidmətlər, test imtahanları, müsahibələr və s.) göstərəcəklər. Qəbul imtahanları və dövlət qulluğuna qəbulla bağlı məlumatlar, müvafiq olaraq, TQDK-nın və DQMK-nın saytlarında təqdim olunacaq. Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alınandan sonra bu xidmətlərin göstərilməsi qanunvericiliyə uyğun olaraq Mərkəz tərəfindən davam etdiriləcək və təşkilatın yeni saytı istifadəyə veriləcək.