Dilənçi uşaq: “Mən peraşki satanam? Ayıbdır e...” - <span style="color:red;">REPORTAJ
25 fevral 2014 18:11 (UTC +04:00)

Dilənçi uşaq: “Mən peraşki satanam? Ayıbdır e...” - REPORTAJ

0

Hər dəfə yolum Ayna Sultanova parkı tərəfdən düşəndə bu üç uşağı görürdüm. Bu dəfə də ordaydılar. Yoldan keçən maşınların qabağına qaçır, sonra sevincək geri qayıdırlar.

 

50-60 metr kənarda dayanmışam. Növbə ilə yolayrıcındakı işıqforda dayanan maşınların qabağına qaçır, əllərini yan şüşədən içəri uzadırlar.

 

Yaxınlaşıb tanış oluram. Dağlar dəstənin başçısıdır. Dediyinə görə 13 yaşı var. Əslən Şamaxıdandır. Bir neçə il öncə atası dünyasını dəyişib. Anası işləmir.

 

Tunar isə Dağların dayısı oğludur. Valideynləri ayrıldıqdan sonra onlardan xəbəri yoxdur və hazırda Dağlargildə yaşayır. Üçüncü uşağın adını isə heç özü də bilmir. Amma başa düşürəm ki, bu onların ənənəvi fəndidir.

 

Öz aralarında “Cenifer” adlandırdıqları bu uşaq o qədər də ünsiyyətcil deyil. Fikri-zikri özü üçün müəyyənləşdirdiyi 10 manatlıq planı doldurmaqdır. Dağlar daha diribaşdır və çox ünsiyyətcildir. Dediyinə görə, hər gün burda dilənməklə 5-10, bəzən 15 manat qazanır. Qazandığı pulla evlərinə bazarlıq edir. Soruşuram ki, niyə anan işləmir? Deyəsən xətrinə dəyir:

 

- Anamı işləməyə qoymaram axı. Hələ ki mən sağam. O niyə işləməlidir ki? Polislər tutmasa, burda başımı dolandırıram da.

 

- Heç olmasa anan evdə peraşki bişirsin, gətir burda sat da.

 

- Əmi, o çətin məsələdir e. Mən peraşki satanam? Ayıbdır e. Bütün günü ayaq üstə peraşki sat, axşam beş manat qazanc ya ola, ya olmaya.

 

- Burda ən çox nə qədər qazanmısan?

 

- Yeni ildə bir kişi mənə əlli manat vermişdi. Burda məni çox adam tanıyır. Bax, başımdakı bu papağı bir qız verib mənə.

 

- Özün istədin?

 

- Yox, soyuqda gördü ki, üşüyürəm, çıxartdı papağını mənə verdi.

 

Dağlar mənimlə danışa-danışıa soyuqdan titrəyir. Amma necə deyərlər özünü sındırmır. Deyir ki, soyuğa dostlarından daha dözümlüdür:

 

- Tunar üşüyürdü, kurtkamı çıxardıb vermişəm ona. Corablarım da cibimdədir.

 

- Niyə cibində gəzdirirsən ki, corablarını?

 

- Ayaqqabım ayaqlarımı sıxır. Evdən çıxanda, bir də evə çatanda corabımı geyinirəm ki, anam pis olmasın.

 

- Öz eviniz var?

 

- Yox, kirayədə qalırıq. Ayda 150 manat da kirayə pulu verirəm.

 

- Anan bilir ki, sən burda dilənirsən?

 

- Yox, elə bilir ki, maşın yuyuram.

 

- Evə saat neçədə gedəcəksən?

 

- Saat 12-nin yarısına qədər pulumu on manata çatdırmalıyam. Çünki səhər evə kartof, soğan, yağ almalıyam.

 

Uşaqlarla danışdıqca gözüm ətrafı gəzir. Çünki adətən belə uşaqlar xüsusi qrupların tərkibində “fəaliyyət göstərirlər” və günün axırında qazandıqlarını qrup rəhbərinə təhvil verirlər. Ancaq ətrafda belə birini görmürəm.

 

Dağların ən böyük arzusu özünə kompüter almaq və əsgər getməkdir. Uşaqlarla danışa-danışa özümün də soyuqdan titrədiyimi hiss edirəm. Balaca həmsöhbətim mənə öz təcrübəsindən danışır:

 

- Bax indi uzaqdan gələn o maşın var ha, o pul verən adamdır.

 

- Nədən bilirsən?

 

- Çünki çox da bahalı maşın deyil.

 

- Bahalı maşınların sürücüləri pul vermir ki?

 

- Yox, onlar bir də görürsən ki, üstümüzə qışqırırlar.

 

- Bəs kimlər daha çox pul verirlər?

 

- Yanında qız olan cavan oğlanlar. Qızın yanında qəpik verməyə utanır. Ona görə də ən azı 1-2 manat verirlər. Hələ çox verənləri də olur. Amma elə gün də olur ki, heç planı güclə doldururuq. Polislər işləməyə imkan vermirlər.

 

- Axı bu iş deyil. Səncə polislər düz eləmirlər?

 

- Nə bilim.

 

- Niyə üçünüz bir yerdə dilənirsiniz?

 

- Çünki tək-tək dilənəndə polis gələndə xəbərimiz olmur. Amma indi polis gəlsə, üçümüzdən birimiz mütləq görərik. Neçə dəfə bizi tutub bölməyə aparıblar. Artıq bizi tanıyırlar orda.

 

- Orda sizə nə deyirlər?

 

- Küncdə bir ayağı üstdə qoyurlar, ya da danlayırlar. İki-üç saatdan sonra buraxırlar.

 

Bilirəm ki, adətən belə uşaqlar siqaret çəkir, hətta yapışqan iyləyirlər. Dağlara da bu haqda sual verirəm. Yaşından böyük cavab verir:

 

- Əmi mən düz danışan oğlanam. Yalan danışan heç əvvəldən kişi olmayıb. Siqaret çəkirəm, amma o “kley” iyləmək-zad mənlik deyil. Adama ziyandır. Amma tanıdığım uşaqlardan iyləyənlər var.

 

Uşaqlarla bir az da danışsam, yəqin ki, xəstələnəcəm. Dediklərinə görə “Cenifer” planı doldurub, Tunar və Dağlar isə hərəyə bir manat da “işləyib” evə getməlidirlər. Bəlkə hərəsinə bir manat verib mənim də canm qurtarsın onların da-deyə düşünürəm. Əvvəlcə razılaşmırlar. Sonra birtəhər yola gətirirəm. Sağollaşırıq. Amma düşünəndə ki, onlar səhər yenə də bura gələcəklər...

 

İntiqam Valehoğlu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1932

Oxşar yazılar