Bu gün biz, dahi bəstəkar, böyük alim, dramaturq və publisist Üzeyir Hacıbəylinin ev-muzeyindəyik. Milli bəstəkarlıq məktəbinin yaranması və təşəkkül tapmasında imzası olan Üzeyir Hacıbəyli 27 il - yəni 1915-ci ildən 1942-ci ilə qədər məhz bu mənzildə yaşayıb.
Ev-muzeyi 4 ekspozisiya otağı, 1 sərgi salonundan və inzibati hissədən ibarətdir. Bu evdə hər şey Üzeyir bəyin zamanında olduğu kimi saxlanılır. Divarlardakı fotoşəkillər də bunu deməyə əsas verir.
Ev muzeyinin geniş yaradıcı kollektivi var. Buranın direktoru bəstəkar, əməkdar incəsənət xadimi Sərdar Fərəcovdur.
Gördüyünüz əşyalar bəstəkarın Şuşadakı evindən gətirilib. Şəhərin işğalından bir ay öncə, 1991-ci ilin aprelində Üzeyir bəyin bütün əşyaları Bakıya, məhz bu evə köçürülüb. Burada gördüyünüz isə onun Şuşadakı evinin maketidir. Bu ev də zamanında muzey olub, 1959-cu ildən 1992-ci ilədək. Erməni işğalından sonra bu ev dağıdılaraq məhv edilib...
Muzeydə Üzeyir bəyin iş otağı var. Onun “Koroğlu” operasını bəstələdiyi royalı da eksponatlar arasında görmək olar.
Otaqda nümayiş olunan iş masası bəstəkarın əvəzolunmaz əsərlərinin yaranmasının şahidi olub. Eynən bu qələm kimi... Gördüyünüz bu mürəkkəb qabları, şamdanlar, eynək, hər birinə dahi bəstəkarın barmaqları dəyib. Məhz bu masanın üzərində ona əziz olan əşyalar yer alıb. Onun istifadə etdiyi telefonda bu gün də əl izləri qorunur. Bu kiçik büst isə Üzeyir bəyin sevdiyi rus bəstəkarı Pyort İliç Çaykovskinindir.
Üzeyir bəy deyirdi ki, o, öz yaradıcılığında məhz Çaykovskidən ilham alırdı.
Masanın üzərində həmçinin yarımçıq qalmış “Azərbaycan” simfonik poemasının partiturası da var. Üzeyir bəy bu poemanı ömrünün son günlərində yazmağa başlayıb...
Bu otağın divarında Üzeyir bəyin dili ilə desək, onun ağıllı saatı asılıb. Saat hər zaman düz göstərdiyi və heç geri qalmadığı üçün bəstəkar ona “Ağıllı saatım” adını vermişdi. Divar saatı 2-ni göstərir. Bu da təsadüfü deyil.
Böyük bəstəkar 63 yaşında, 1948-ci il, noyabr ayının 22-dən 23-nə keçən gecə saat 2-də əbədiyyətə qovuşub. Bəstəkarın ürəyi dayanan andan onun yaxınları bu ağıllı saatı da saxlayırlar. Sanki bəstəkarın ölümü ilə zaman da donub bu evdə...
Divardan asılan bu xalça Üzeyir bəyə 60 illik yubileyi münasibəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri tərəfindən hədiyyə edilib. Xalça simvolik xarakter daşıyır. Onun Üzərində Üzeyir bəyin portreti ilə yanaşı, "Leyli və Məcnun", "Koroğlu" operalarından, həmçinin Qərb musiqi alətləri ilə milli musiqi alətlərinin vəhdətini təsvir edən rəsmlər də var. Heç şübhəsiz ki, belə bir detalın burada yer alması təsadüfi deyil. Çünki, Azərbaycanın musiqi tarixində məhz Üzeyir bəy 1908-ci ildə "Leyli və Məcnun" operasının nümayişi zamanı Qərb tipli orkestrin tərkibinə tar və kamançanı daxil edib.
Xalçadakı tank rəsmi Üzeyir bəyin İkinci Dünya Müharibəsi zamanı faşizm üzərində qələbədə xidmətlərinə bir işarədir. Həmin vaxt dahi bəstəkar cəbhəyə yardım məqsədilə şəxsi büdcəsindən 100 min rubl vəsaiti tankın alınmasına köçürüb. SSRİ-nin rəhbəri Stalin isə Üzeyir bəyin bu addımını cavabsız qoymayaraq ona minnətdarlıq teleqramı yollayıb. Həmin teleqram da muzeyin ekspozisiyasında nümayiş etdirilir.
Axı onları biri-birinə bağlayan xüsusi amillər var idi. Məhz Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə eyni ildə, ayda və gündə dünyaya göz açıb. 1885-ci il, sentyabrın 18-də Ağcabədidə Üzeyir, Çeçenistanın paytaxtı Qroznı şəhərində isə, Müslüm dünyaya gəlir.
Verilişdə həmçinin maraqlı bir rəsm əsərindən də söz açılıb. Əsərdə Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadə və Üzeyir Hacıbəyli əks olunublar. Diqqət yetirsəniz, rəsmdəki məhz bu gördüyünüz iş masasıdır. Onlar yaradıcılıqdan danışaraq, fikir mübadiləsi aparırdılar.
Muzeydə Üzeyir bəyin yataq otağı da nümayiş olunur. Burada Üzeyir bəyin ailə fotoları sərgilənir. Həyat yoldaşı Məleykə xanımla Peterburqda çəkdirdiyi şəkil, anasının, qardaşlarının şəkilləri dahi bəstəkarın ailəsini bizə daha yaxından tanıdır.
Muzeydə dahi bəstəkarın frakı olduğu kimi qorunub saxlanılır.Məhz bu geyimdə Üzeyir bəy saysız-hesabsız əsərlərinə dirijorluq edib...
Bəstəkarın ev muzeyinin üçüncü otağı digərləri kimi memorial deyil. Bu otağa sonradan muzey işçiləri və rəssamlar tərtibat veriblər. Burada dahi bəstəkarın yaradıcılığı sərgilənir.
Üzeyir Hacıbəyli həm də dramaturq idi. O, özünün ən iri həcmli səhnə əsərlərindən doqquzunun libretto müəllifi olub.
Otaqdakı sonuncu stenddə isə bəstəkarın dəfn mərasimini əks etdirən fotolar nümayiş olunur.
Üzeyir Hacıbəyli 1948-ci ilin, noyabr ayının 22-dən 23-ə keçən gecə vəfat edib. Bəstəkarla vida mərasimi AMEA-nın rəyasət heyətinin binasında keçirilib. Üzeyir bəyin cənazəsini Fəxri Xiyabanadək çiynində daşıyanlardan biri də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov olub.