Burada nəinki normal həyatdan, normal heç nədən söhbət gedə bilməz. Pillələrlə yuxarı qalxdıqca kəskin rütubət qoxusu adamı boğur. Hər nəfəs aldıqca ciyərlərimizə kif dolur. Söhbət Nəriman Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi 8/9 ünvanında yerləşən 5 mərtəbəli binadan gedir. Bina vaxtilə “AzərMaş” ASC-nin yataqxanasını olub. 1993-cü ildə yataqxanada “AzərMaş”ın işçiləri ilə bərabər Füzuli rayonundan olan məcburi köçkünlər də yaşayır. Binada ümumi 96 ailə məskunlaşıb. Onlardan 30-u məcburi köçkün ailəsidir. Hər ailədə də 2-3 uşaq böyüyür. Belə şəraitdə, daha doğrusu, şəraitsizlikdə “gələcəyimiz” dediyimiz uşaqlar böyüyürlər. Analar deyir ki, əksəriyyətinin bağırsağında qurd var.

***
İlk baxışdan ensiz uzun mətbəxi xatırladan dəhlizə sınıq-sökük mebellər düzülüb. Yaşlı qadın ocaqda dovğa bulayır. Yanında ötürük. Əlini saxlamadan soruşur:
- Kimsən, a bala?
- Jurnalistəm. Reportaj üçün gəlmişik.
- Hə? Lap yaxşı. Çəkin, göstərin ki, hansı şəraitdə yaşadığımızı görsünlər, bizi burdan köçürsünlər.

Solmaz xalanın 70-ə yaxın yaşı var. Füzuli rayonundan məcburi köçkündür. 25 ildir bu yataqxanada yaşayır. Qonşuların sözlərinə görə, uzun illər tibb bacısı işləyib. Yüzlərlə xəstəyə qulluq edib. İndi özünün qulluğa ehtiyacı var. İllər əvvəl gözlərinin nurunu itirib.
Binanın sanitariya qovşağı haqda danışmağa dəyməz. Döşəməsi hər an çökə, tavanı uça bilər. Uçmaq demişkən, bu yaxınlarda divarı uçub elə. Özü də düz Pərvizin başına. Uşaq məktəbə gedərkən səs eşidib, dönürmüş baxsın ki, nə olub, divardan qopan kərpiclər uşağın başına tökülüb. Xoşbəxtlikdən uşaq sağ qalıb. Əhvalatı nənəsi Almaz xala Lent.az-ın müxbirinə danışır. Deyir, uşağın başının qanını kəsmək olmurmuş.

- Uşaq qorxudan elə qışqırırdı ki... Həkim də çağırmadıq, evdə yodla-filan sarğı elədik. Həkimə pul haradandı? “Təcili yardım” çağıracaqsan, gəlib pul istəyəcək.
Almaz Məhərrəmova da Füzuli rayonundan məcburi köçkündür. Şəkildə gördüyünüz bu balaca otaqda 5 uşaq böyüdüb. 4 qız, 1 oğlan. Məcburi köçkün düşəndə böyüyü 9 yaşında, kiçiyi isə 10 günlük olub. Həyat yoldaşını isə elə o vaxtlarda itirib. Deyir, birdən-birə yoxa çıxıb. Nə ölüsündən, nə dirisindən xəbər var.

- Evdən iş adıyla getdi, bir daha qayıtmadı. Elə bil yer aralandı, düşdü içinə. Xəbər-ətər ala bilmədik. Mən də 5 uşaqla tək qaldım. Çörək sexində iş tapıb işlədim. Bu dörd divar arasında 5 uşağı birtəhər böyütmüşəm. Bir qarın tox, bir qarın ac. Birini alanda, ikisini ala bilmədim.
- Bəs siz işdə olanda körpəyə kim baxırdı?
- Qardaş-bacıları. Başqa çarəm yox idi. Kimsə işləyib, evə çörək almalı idi. Köçkün düşəndə bir dənə döşəyim belə yox idi. Yataqxananın nəzarətçisi döşək verdi, beşini də yanaşı uzadırdım üstünə.
Almaz xala qızlarını köçürüb, oğlunu evləndirib, bu balaca otağa gəlin gətirib. İndi bir ovuc yerdə 5 nəfər qalırlar. Gəlini, özü və 3 nəvəsi. Böyük nəvəsi Farizin 13, Pərvizin 11, Arizin isə 4 yaşı var. Oğlu Ruslan bu yaxınlarda öz avtomobili ilə qəza törədib. Ailənin yeganə çörək gətirəni həbs olununca, onların vəziyyəti daha da çətinləşib.

- Özüm xəstə və yaşlıyam. Ölərəm, uşaqlar başsız qalar deyə oğlumu tez evləndirmişəm. Hər ikisinin 15 yaşı vardı. Şükür, oğlum diribaş uşaqdır. Ailəsini də yaxşı saxlayırdı. Oğlum tutulandan mənim və gəlinin anasının pensiya pulunun ümidinə qalmışıq.
***
Başımız Almaz xala ilə söhbətə qarışmışdı ki, mətbəxdən qab-qacaq şıqqıltısı səsi gəldi.
Almaz xala “siçovul” deyərək, tez mətbəxə qaçdı.
Siçovullar üçün bu yataqxanada hər cür şərait var. Yemək, su və münbit şərait. Gündüzlər səsdən qorxan siçovullar gecələr “at oynadırlar”.

- Gəlinim uşaqlarla yerdə yatır. O gün deyir, mama, yatdığım yerdə hiss edirəm ki, saçım dartılır. Əvvəl elə bildim, uşaqdı, oyanıb, saçımı yolur. Əlimi atanda gördüm, nə? Siçovul! Gecə hər şeyi gizlədib yatırıq. Yoxsa, səhər oyananda heç nə qalmır. Siçovul hamısını yeyir.
Almaz xalagilin yaşadıqları otağın vəziyyəti də yaxşı deyil. Divar nəmişlikdən ovulub tökülür. Dəlikləri əski-üsküylə doldurublar.

Binanın yaşlı sakinlərindən biri Qönçə nənədir. Yaşını bilmir. Deyir, səksəndən sonra saymadım. Füzulinin Molla Məhərrəmli kəndindən məcburi köçkündür. Qönçə nənənin də gözləri görmür. Oğlunun ailəsilə birgə birotaqlı evdə 6 nəfər yaşayırlar. Yanında Füzulinin adını çəkməyimizə peşman oluruq. Başlayır dil deyib ağlamağa.
- Ermənilər Füzulini xaraba qoydular, evlərimizi yandırdılar... Nəvələrimin biri qucağımda, biri kürəyimdə çıxdım Füzulidən. Kürəkənim rəhmətə getmişdi. Uşaqlarını mən saxlayırdım. Gəldik Bakıya, qızım da öldü.

Ayaqyolunun dəhlizin o biri başında olması yaşlı qadının tək gedib-gəlməsi çətinləşdirir. Üstəlik, dəhlizin döşəməsi o qədər çürüyüb ki, taxtalar adamın ayağı altında oynayır. Hər dəfə kimsə qolundan tutub, aparıb-gətirir.

***
“Binamız fövqəladə vəziyyətdədir. Hər an burda bədbəxt hadisə baş verə bilər. Bütün aidiyyatı qurumlara müraciət etmişik. Əlimizdə bir torba sənəd var. Amma nə olsun? Nərimanov İcra Hakimiyyətindən deyirlər ki, bizdə pul yoxdur”.
Bu sözləri binanın yerli sakinlərindən Həqiqət Əmirquliyeva deyir. O, “AzərMaş” ASC-nin işçisi olub. 83-cü ildə binaya köçənlərdəndir. Deyir, onlar yataqxanaya köçəndə vəziyyət tamam başqa imiş.

- Bina çox yaxşı vəziyyətdə idi. Komendant vardı. Divara bir mismar belə vura bilməzdik. Binaya ciddi nəzarət vardı. İcazəsiz kimsə girə bilməzdi. Birinci-ikinci mərtəbəsində ailəlilər, yuxarı mərtəbələrdə isə subaylar qalırdı. Bizim üçün ayrıca bina tikilirdi. 8-ci otaq bizim idi. Ora köçhaköçdə Qarabağdan məcburi köçkünlər gəldi. Həmin binaya Şuşadan olan köçkünləri yerləşdirdilər, biz də qaldıq burada. Binanın indiki halı göz qabağındadır. Uçdu, uçacaq.
***
Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Lent.az-a bildirilib ki, bu işlər mərhələli şəkildə həyata keçirilir:
“Dövlət Proqramına edilən əlavələrə əsasən ilk növbədə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması daha ağır şərait yaşayan ailələrin mənzil şəraitini yaxşılaşdırılması prinsipi nəzərə alınmaqla mərhələli şəkildə köçürülür. Sözügedən obyektin qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq, binada yaşayan sakinlərin gələcəkdə köçürülməsi işinə baxılacaq”.

***
Əllərində bir topa sənəd illərdir yaşadıqları bu şəraitsizlikdən təngə gələn sakinlər hər yerdən ümidlərini üzüblər. “Bakıdan ev istəmirik” – deyirlər, “bizi öz yurd-yuvamıza – Füzuliyə qaytarsınlar”.
Deyirlər, bizdən keçdi. Hətta balalarımızdan da keçdi. İstəyirik heç olmasa, nəvələrimiz bir gün görsün. Onların gördüyü gündən yox, yaxşı günlərdən...

Fotoqraf: Ramil Zeynalov