“Bakıda bir neçə orta məktəb binası qəzalı vəziyyətdədir”.
Lent.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ən ciddi vəziyyət 171 saylı məktəbdə müşahidə olunur.
M.Vəliyevanın sözlərinə görə, iki korpuslu məktəbin qəzalı halda olan bir korpusunun şagirdləri digərinə köçürülüb: “Orada dərslər iki növbəli sistemdə aparılır. Bu, müəyyən sıxlıq yaradaraq tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən bununla bağlı müvafiq təşkilatlar qarşısında məsələ qaldırmışıq”.
Bakı şəhəri üzrə məktəblərdə əsaslı təmir işlərinin əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparıldığını deyən BŞTİ müdiri qeyd edib ki, paytaxtda qəzalı vəziyyətdə olan məktəblərin siyahısı həm Təhsil Nazirliyinə, həm də BŞİH-ə təqdim olunub.