Bakıda inqilabi yenilik: hələ belə olmamışdı... - REPORTAJ
11 fevral 2013 16:46 (UTC +04:00)

Bakıda inqilabi yenilik: hələ belə olmamışdı... - REPORTAJ

0

Dövlətin əsas vəzifəsi vətəndaşların rifahının yüksəldilməsinə nail olmaqdır. Bunun yolu isə ilk növbədə vətəndaşların müxtəlif sahələrdə fəaliyyətləri ilə bağlı dövlət qurumlarına çıxışının asanlaşdırılmasından, lazımi sənədləri minimum zaman kəsimində almalarına şərait yaradılmasından, korrupsiya və rüşvətxorluq hallarını aradan qaldıraraq şəffaflığa nail olunmasından, bir sözlə, bürokratik əngəllərin aradan qaldırılmasından keçir. O da bəllidir ki, insan məhz dövlətin ona yardımçı olduğunu görən və qəbul edən zaman özünü Vətəndaş kimi hiss edir.

 

Dövlət orqanları kənddə xidmət təklif edəcəklər

 

Azərbaycanda yeni yaradılmış Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin də əsas missiyalarından biri vətəndaşların müxtəlif dövlət orqanlarının xidmətlərindən rahat və asan istifadə etməsinə nail olmaqdır. Agentlik Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərini vahid şəkildə idarə etmək və eyni zamanda elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə  yaradılıb.  

 

Lent.az-ın əməkdaşı yeni fəaliyyətə başlayan, vətəndaşlarının bir çoxunun hələ xəbərsiz olduğu bu qurum və onun fəaliyyəti ilə yaxından tanış olmaq üçün Agentlikdə və Agentliklə eyni binada yerləşən, hələ ki, yeganə olan və yalnız Bakının Nəsimi və Nərimanov, Binəqədi rayonlarının sakinlərinə xidmət göstərmək üçün nəzərdə tutulan, Akademik Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzində olub.

 

Agentliyin aparat rəhbəri Nadir Adilov bizimlə söhbətdə bildirdi ki, “ASAN xidmət” mərkəzləri vahid məkanda bir neçə dövlət orqanı tərəfindən göstərilən xidmətləri birləşdirir.  Onun sözlərinə görə, hazırda 1 saylı Bakı “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı vətəndaşlara 23 növ xidmət təklif edir. Yəni vətəndaş bir binaya daxil olub 9 dövlət orqanının 23 növ xidmətindən istifadə edə bilir. Tutaq ki, vətəndaş mənzil alır, yaxud mənzilini satır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin 2-ci mərtəbəsində girovluq haqqında arayış ala, elə binanın daxilində notariusa təqdim edərək alqı-satqını həyata keçirə, mülkiyyət haqqında çıxarışı almaq üçün yenə də bu binada olan Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşına yaxınlaşa bilər. Digər tərəfdən, mərkəzdə bütün proseslər, o cümlədən növbəlilik də elektronlaşdırılıb. Vətəndaşlar üçün gözləmə zalı var. Vətəndaşın lazımi sənədləri almaq üçün əlavə tapşırığa, xahişə, “başqa məsələlər”ə ehtiyacı olmur.

 

Nadir Adilov deyir ki, gələcəkdə elektron hökumət çərçivəsində xidmətin vətəndaşın ayağına götürməyi planlaşdırırıq”. Onun sözlərinə görə yaxın gələcəkdə elektron hökumət çərçivəsində prosedurlar o dərəcədə sadələşdiriləcəkdir ki, bu da vətəndaşın işini daha da asanlaşdıracaq. Aparat rəhbəri mərkəzlərdə mobil və səyyar xidmətlərin  yaradılacağını söyləyir. Mobil xidmətlərə gəlincə, konsepsiya bundan ibarətdir ki, yəni çox rahat bir treyler üzərində 9 dövlət orqanının əməkdaşı üçün kabinələr və mobil xidmətlər üçün gərəkli kompüter, aparat və ləvazimatlar yerləşdiriləcək, internet bağlantısı məsələsi həllini tapacaq. Tutaq ki, bu maşın Bakıdan çıxacaq və Qobustan rayonunun bir kəndinə gedəcək. Həmin kəndin sakinləri bu maşının üzərində 9 dövlət orqanının təklif etdiyi 23 xidmətdən istifadə edə biləcəklər. Eyni zamanda vətəndaş digər bir xidmətimizdən, Səyyar xidmətdən də istifadə edə biləcək. Vətəndaş “ASAN xidmət” mərkəzinə gəlmədən, mənzilinə  və yaxud işlədiyi müəssisəyə, səyyar xidmət almaq üçün sifariş edərək bu ödənişli xidmət növündən də istifadə edəcək. Səyyar xidmətin əlillər və sağlamlıq imkanları məhdud olan şəxslər üçün ödənişsiz olması nəzərdə tutulur. Beləliklə həm kənddə, həm də şəhərdə bütün vasitələr tətbiq olunmaqla, istər mobil xidmət, istərsə də səyyar və e-xidmət vasitəsilə vətəndaş üçün ən asan şərait yaradılacaq.

 

Məkan və zaman asılılığı aradan qaldırılacaq

 

Ümumiyyətlə, “ASAN xidmət” mərkəzlərinin mahiyyəti odur ki, gələcəkdə məkandan asılı olmayaraq vətəndaşlar istənilən yerdə bu mərkəzlərdən dövlət xidmətlərini ala bilsinlər. Başqa sözlə, gələcəkdə Sumqayıt, Gəncə və digər yerlərdə “ASAN xidmət” mərkəzləri yaradılması planlaşdırılır. Bu mərkəzlər yaradılandan sonra vətəndaş Sumqayıtda qeydiyyatdadırsa, Bakıda “Asan xidmət” mərkəzlərinin hər hansı birində həmin dövlət xidmətlərindən istifadə edəcək. Misal üçün, şəxsiyyət vəsiqəsi almaq üçün gözün rəngi, boyun ölçüsü, qan analizi tələb olunur. Bunları da “ASAN xidmət” mərkəzində etmək mümkün olur. Tibbi arayışı alıb, binada Daxili İşlər Nazirliyinin əməkdaşına təqdim edə, elə burada da müvafiq dövlət rüsumunu ödəyə bilirsən. Eyni zamanda fotoşəkil çəkdirmək və onu ən qısa anda əldə etmək də mümkündür. Rüsumların və xidmət haqlarının aparılmasında da prosedur çox şəffaf şəkildə həyata keçirilir. Vətəndaş binanın daxilində vəsaiti köçürür, məmur yalnız ödəniş qəbzini görür. Bu isə şəffaflığı təmin edən əsas göstəricilərdən biridir.

 

Gələcəkdə isə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətlərinin Agentliyin saytında elektron formada həyata keçirilməsi planlaşdırılır. Beləliklə, vətəndaş hətta “ASAN xidmət” mərkəzinə gəlmədən sadalanan 23 dövlət xidmətindən istifadə edə biləcək. Tutaq ki, vətəndaşa hər hansi bir sənəd lazımdır, o binaya gəlmədən də elektron formada sənədlər dolduracaq və “ASAN xidmət” vətəndaşa hazır sənədləri çatdıracaq. Ölkəmizdə səyyar xidmətə yaxın model notariat xidmətlərdə mövcud olmuşdur. Amma digər dövlət xidmətlərində belə model olmayıb. Qısası, “ASAN xidmət” mərkəzləri vətəndaşın işini asanlaşdırmaq, daha asan şərait yaratmaq, vətəndaşın məkan və zamandan asılılığını aradan qaldırmaq üçün yaradılır.

 

Əgər “ASAN xidmət” mərkəzləri vətəndaşın məkan və zamandan asılılığını aradan qaldırmaq üçün yaradılırsa, bəs niyə Bakıda yaradılan ilk “ASAN xidmət” mərkəzi hazırda yalnız Nəsimi və Nərimanov, 11 fevraldan etibarən isə Binəqədi rayonlarının sakinləri üçün xidmətlər təklif edir, ancaq Bakının digər rayonları və ümumən Azərbaycan vətəndaşları üçün bu xidmətlər təklif olunmur?

 

Sualımız təsadüfi deyil. Çünki bu gün rayonda qeydiyyatda olsa da, Bakıda yaşayan və işləyən, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun alınması və dəyişdirilməsi, o cümlədən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün işdən zaman ayırıb rayona gedə bilməyən çoxlu sayda insanlar var.

 

Nadir Adilov 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin pilot layihə çərçivəsində yaradıldığını və məqsədin həm də bu istiqamətdə çatışmazlıqları öyrənmək olduğunu nəzərə çatdırır: “1 saylı Bakı “ASAN xidmət” mərkəzinin Nəsimi və Nərimanov və Binəqədi rayon sakinlərinə xidmət üçün nəzərdə tutulmasının bir neçə səbəbi var. Bu mərkəzin yerləşdiyi bina gündə 10-20 min insanı qəbul etməyə hazır deyil. Ona görə də hazırda Bakının iki rayonu, 11 fevraldan etibarən isə Binəqədi rayonu sakinlərinə də xidməti nəzərdə tutmuşuq. Biz hər gün statistika aparırıq ki, Nəsimi və Nərimanov rayonlarından hansı sayda insan bu mərkəzə gəlir. Hansı sənədlər üçün müraciət edilir. Əgər birinci, ikinci gün mərkəzə 50-100 adam müraciət edirdisə, indi bu rəqəm 200-500 arasında dəyişir. Eyni zamanda bizim axı bir hədəfimiz də var, vətəndaşa keyfiyyətli xidmət göstərmək. Dövlət başçısının açılış mərasimində tövsiyələrindən biri də bu fəaliyyəti genişləndirmək və “ASAN xidmət” mərkəzlərinin sayını çoxaltmaq oldu. Bu ilin iyun ayına qədər Bakı şəhərində daha iki “ASAN xidmət” mərkəzi açılacaq. Bundan sonra Bakıda istənilən “ASAN xidmət” mərkəzinə müraciət etmək mümkün olacaq. Çünki bölgü proporsional aparılacaq, biz bunu gözləyirik. Gəncə, Sumqayıt, Mingəçevirdə  və digər rayonlarda da “ASAN xidmət” mərkəzlərinin açılması planlaşdırılır. 1 ildən sonra məkan və zaman məsələləri nəzərə alınmaqla, Azərbaycan vətəndaşları istənilən “ASAN xidmət” mərkəzinə daxil olaraq təklif edilən dövlət xidmətlərindən istifadə edə biləcəklər. Tutaq ki, rayon qeydiyyatında olan insanlar Bakıda “ASAN xidmət” mərkəzlərində dövlət xidmətlərindən istifadə edə biləcəklər. 2015-ci ilə kimi Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin açılması prosesinin yekunlaşdırılması nəzərdə tutulub”.

 

Dövlət vətəndaşın ayağına gedəcək

 

Azərbaycanda yeni “ASAN xidmət” mərkəzlərinin açılması və mobil xidmətlərin həyata keçirilməsinin sürətlənməsi həm də bu məqsədlə dövlət büdcəsindən vəsaitlərin ayrılmasını da tələb edir və bu məsələ də dövlət başçısının diqqət mərkəzindədir. Nadir  Adilov qeyd edir ki, hazırda mobil xidmətləri tətbiq etməyə insan resursları  və konseptual baxımdan hazırdırlar.         Ancaq müvafiq avtonəqliyyat vasitələrinin, avadanlıqların alınması, mobil internet bağlantısının təmin edilməsi gərəkdir. O, bu sahədə mobil xidmətlərin də yaxın 1 il ərzində təklif olunacağını dilə gətirir.

Gələcəkdə sosial aksiyalar da həyata keçiriləcək, sosial imtiyazlı şəxslərə səyyar xidmətlər göstəriləcək: “Digər tərəfdən, Azərbaycanda rayon mərkəzlərindən ucqarda yerləşən kəndlər var, sakinlər rayon mərkəzinə gəlməyə çətinlik çəkirlər. Biz bu kəndlərdə mobil xidmətlər təklif edəcəyik. Biz bununla bir mədəniyyət yaratmaq istəyirik. “ASAN xidmət”in loqosunda da ortada vətəndaşdır, onun ətrafında bütün dövlət orqanları birləşir. Əgər vətəndaş əvvəllər sənədə görə dövlət orqanına gedirdisə, indi sözün yaxşı mənasında dövlət özü vətəndaşın ayağına gedəcək, onu istənilən sənədlərlə təmin edəcək. Bizim bir konsepsiyamız var: Sənədsiz qalan olmasın!”

 

Bəzən vətəndaşlarda belə təəssürat da yaranır ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanının xidməti təklif edilirsə, deməli, o dövlət orqanlarının səlahiyyəti alınıb. Nadir Adilov bunun yanlış təəssürat olduğunu vurğulayır: “Biz həmin 9 dövlət orqanı ilə birlikdə çalışırıq. “ASAN xidmət” mərkəzində çalışanlar həmin dövlət orqanlarının əməkdaşlarıdır. Bu işi həmin dövlət orqanlarının köməkliyi ilə həyata keçiririk. Bu, vahid konsepsiya, vahid məkan və məsələyə başqa prizmadan yanaşmadır. Həmin dövlət orqanları göstərdikləri xidmətləri elə “ASAN xidmət” mərkəzində də göstərirlər. “ASAN xidmət” mərkəzində çalışan həmin dövlət orqanlarının əməkdaşlarının xüsusi geyim formaları var, ancaq yenə də başqa dövlət orqanlarının əməkdaşlarıdır. Ona görə xüsusi geyim forması tətbiq etmişik ki, bu da vahid məkanda vahidlik prinsipini qorusun və vətəndaş məmur münasibətlərinə yeni dəyər gətirmiş olsun. Biz həmin dövlət orqanlarının, həmin dövlət orqanları da bizim işimizi asanlaşdırır”.

 

Yeri gəlmişkən, bu gün xüsusən Bakıda yüz minlərlə insanı narahat edən məsələlərdən biri də sənədsiz evlər, həyətyanı sahələrlə bağlıdır. Elə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayanda da evlərini, torpaqları sənədləşdirmək istəyən belə insanlardan bura müraciət edənlər olub. Ancaq belə bir xidmət göstərmək “ASAN xidmət” mərkəzinə həvalə edilməyib, mülkiyyətin ilkin qeydiyyatı mərkəzdə aparılmır. Nadir Adilov deyir ki, bu məsələnin texniki tərəfləri həll olunmalıdır: “Sənədsiz evin, torpağın yerində yoxlanılması texniki imkanlar lazımdır. Bu texniki imkanlar da müvafiq dövlət orqanlarında, Əmlak Məsələləri Dövlət Komitəsində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindədir. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində bu dövlət orqanlarının əməkdaşları var. Ancaq “ASAN xidmət” mərkəzində bu dövlət qurumları tərəfindən indiyə qədər elektronlaşdırılmış xidmətlər təklif edilir, bu xidmətlər onların serverlərində var”.

 

Nadir Adilov gələcəkdə yerində texniki və mühəndis baxışı tələb etməyən digər elektron xidmətlərin də “ASAN xidmət” mərkəzləri üzərindən təklif edilə biləcəyini qeyd edir: “Ancaq bu, dövlət başçısının səlahiyyətində olan məsələdir. Biz özümüz də araşdırırıq ki, hansı dövlət xidmətlərini bu mərkəzlər vasitəsi ilə təklif edə bilərik. Hətta müəyyən dövlət orqanları var ki, onlar özləri xidmətləri “ASAN xidmət” mərkəzləri üzərindən aparılması təşəbbüsü ilə çıxış edir və bu məsələdə çox maraqlıdırlar”.

 

Yeri gəlmişkən, “ASAN xidmət” mərkəzinə müraciət edərək ilk dəfə hər hansı sənəd alan insana “ASAN xidmət” mərkəzlərində təklif edilən dövlət xidmətləri və onlar üçün nəzərdə tutulan rüsumların əksini tapdığı bukletlərin və kitabçanın olduğu qovluq verilir. Bu, vətəndaşı və cəmiyyəti maarifləndirmək, eyni zamanda şəffaflığı təmin etmək məqsədi ilə edilir: “Bəlkə vətəndaş hər hansı sənəd almaq üçün lazım olan dövlət rüsumunun qiymətini bilmir? Ancaq vətəndaş əvvəldən mətbuat vasitəsi ilə, payladığımız qovluqlardakı məlumatlar sayəsində qiyməti biləndə çətin vəziyyətə düşmür. Yaxud bizdə elə xidmətlər var ki, pulsuzdur. Ola bilər ki, vətəndaş bunu bilmir. Tutaq ki, məhkumluq barədə arayışın alınması pulsuzdur. Onu da deyim ki, bəzi mətbuat orqanları bu maarifləndirmə aksiyasına qəribə yanaşdı. Dedilər ki, bu, reklamdır, ödəniş etməlisiniz. Nəzərə almaq lazımdır ki, bu, sosial aksiyadır, hamıya lazımdır. Tutaq ki, vətəndaş “ASAN xidmət” mərkəzinə gəlməmiş bilməlidir ki, şəxsiyyət vəsiqəsini almaq, sürücülük vəsiqəsini dəyişdirmək üçün hansı sənədlər tələb olunur. Mətbuat üçün nə dərəcədə çətindir ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün 18 manat, tibbi arayış və şəxsiyyət vəsiqəsi lazım olduğu barədə məlumat yaysın?! Vətəndaşın maarifləndirilməsinə çox böyük ehtiyac var. Mətbuat bu məsələdə bizə dəstək verməlidir. APA, Lent.az və digər mətbuat orqanlarına təşəkkür edirik. Bu mətbuat orqanlarının apardığı maarifləndirmə işinin çox böyük xeyri oldu. Bir çox vətəndaşlar bura gələndə qeyd etdiyim mətbuat orqanlarını oxuyaraq məlumat aldıqlarını bildirirdilər. Bu günlərdə APA Holdinqin prezidenti Vüsalə Mahirqızı xidmətin fəaliyyətilə tanış olmaq üçün bura gəlmişdi. Fikrim odur ki, hər birimizin cəmiyyətdə bir sosial yükümüz və sosial məsuliyyətimiz var, bu da ondan ibarətdir ki, hər birimiz cəmiyyətin maariflənməsi, yaradılmış imkanlardan səmərəli istifadə etmək barədə vətəndaşları məlumatlandıraq. Xüsusən də vətəndaşların işinin asanlaşması hər birimiz üçün önəmli olmalıdır”.

 

Könüllülərin dəstəyi

 

Vətəndaş hər hansı sənəd almaq üçün müraciət etmək üçün “ASAN xidmət” mərkəzinə daxil olur və könüllülər vətəndaşlara ərizə və anket formalarının doldurulmasında yardımçı olurlar. Fiziki qüsurlu insanların binaya daxil olması və hərəkəti üçün xüsusi cığırlar yaradılıb. Burada qoyulan tablo vasitəsi ilə görmə qabiliyyəti zəif olan vətəndaşlar da xüsusi məlumat pəncərəsindən istifadə edə bilərlər. Vətəndaş daha sonra növbə tutmaq üçün elə bu mərtəbədə qoyulan aparata yaxınlaşır, şəxsiyyət vəsiqəsini daxil etməklə növbə tutur. Daha sonra isə aidiyyatı orqanın əməkdaşının olduğu guşəyə yaxınlaşaraq anket və ərizə forması təqdim edilir.  Hər hansı rüsum ödəmək lazımdırsa, ilk mərtəbədə, yaxud növbəti mərtəbədəki poçt və banka yaxınlaşaraq rüsum ödənilir. Vətəndaş daha sonra qanunvericilikdə müəyyən olunmuş vaxtda mərkəzdən sənədi götürə bilir.  

 

“ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olan zaman elə ilk mərtəbədə könüllülərin də mərkəzin fəaliyyətinə cəlb edildiyinin şahidi olduq. Nadir Adilov qeyd etdi ki, könüllülərin mərkəzdə fəaliyyəti çox önəmlidir. Çünki müraciət edən vətəndaşların çoxu yaşlı nəslin nümayəndələridir, latın əlifbası ilə yaza bilmir, ərizənin doldurulma qaydasında səhv edəcəklərindən ehtiyatlanırlar. Bu işdə onlara könüllülər yardımçı olur, vətəndaşın bir yükü da aradan qalxır, biz isə “Könüllülük fəaliyyəti haqqında” qanunu tətbiq edən ilk dövlət orqanı kimi gənclərə təcrübə yığmağa şərait yaratmışıq. Cənab Prezident 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışında həmin könüllülərlə də görüşdü, ürək sözlərini söylədi.  Könüllülərin xidmətlərindən açılacaq digər “ASAN xidmət” mərkəzlərində də istifadə etməyi düşünürük. Könüllünün təmənnasız bir vətəndaşa kömək etməsi sosial iştirakçılıq, cəmiyyətə bir sərmayədir. Könüllü bir ağsaqqalı, ağbirçəyi qarşılayır, onun üçün hansısa ərizəsini yazır, sənədini doldurur”.

 

Agentlikdə könüllülük fəaliyyəti ilə məşğul olan, Azərbaycan Dillər Universitetinin Tərcümə - italyan dili fakültəsini bitirən Ləman İsmayılova bizimlə söhbətdə dedi ki, könüllülük fəaliyyəti ilə məşğul olan gənclər ya hələ ali məktəbi bitirməyib, ya da onu kimi ali məktəbi bitirib, magistraturaya hazırlaşanlardır: “İnsanların hər hansı probleminin həllində yardımçı olmaq, yaşlı insanlar üçün ərizə doldurmaq bizə çox xoşdur. “ASAN xidmət” mərkəzində könüllərə xoş münasibətin bəslənilməsi, fərq qoyulmaması da bizi həvəsləndirir. Biz həm də dövlət qulluğu barədə təcrübə toplayırıq. Gələcəkdə dövlət qulluğu ilə bağlı imtahandan uğurla keçsəm, bu qurumda böyük həvəslə çalışacam”.  

 

Yeri gəlmişkən, Nadir Adilovun gərgin iş qrafiki səbəbindən daha sonra 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlıqda bizə Agentliyin Beynəlxalq və ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin müdir müavini Anar Hüseynov yardımçı oldu. Anar Hüseynov bildirdi ki, bir neçə ay sonra könüllülərin işləri qiymətləndiriləcək, onlara xasiyyətnamələr, sertifikatlar veriləcək. Könüllülər arasından daha bacarıqlılarının isə bir kadr kimi “ASAN xidmət” mərkəzlərində işə cəlb olunması da nəzərdə tutulur.

“ASAN xidmət” mərkəzinin ilk mərtəbəsində anketlərin doldurulması masalarında üzərində kiril və latın əlifbalarının olduğu vərəqlər də  yerləşdirilib. Latın əlifbasını bilməyən vətəndaşlar bunlardan istifadə edərək ərizə və anketləri doldura bilir.   

 

Uşaqlar da yaddan çıxmayıb

 

“ASAN xidmət” mərkəzinin ilk mərtəbəsində uşaq baxıcısının olduğu uşaq əyləncə guşəsi də var. Valideyn hansısa sənəd üçün 20-30 dəqiqə gözləyirsə, uşağını rahatca əyləncə mərkəzinə qoyub, rahatca sənədləşmə məsələləri ilə məşğul ola bilər. Agentlik uşaq əyləncə mərkəzini Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi ilə birgə yaradıb. Komitə uşaq əyləncə mərkəzini əməkdaşla, Agentlik isə avadanlıqla təmin edib. Uşaq əyləncə mərkəzində hər gün kiçik yaşlı uşaqları görmək olar.  Poçt isə hər bir mərtəbədə var və mərtəbələrin hamısında ödəniş etmək mümkündür. Pay-Point aparatları da qoyulub.

Bu mərtəbədə “Özünəxidmət” guşəsi də var. Vətəndaş bu guşədə qoyulan internetə qoşulmuş kompüterlərdə “ASAN xidmət” mərkəzində göstərilən dövlət xidmətləri və rüsumlar barədə məlumat ala bilər. Burada şəxsiyyət vəsiqəsi almaq istəyən vətəndaşlar üçün fotostudiya, tibb məntəqəsi də var.

 

Ümumiyyətlə, ilk mərtəbədə şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun verilməsi, bu sənədlərin, o cümlədən sürücülük vəsiqəsinin dəyişdirilməsi, məhkumluğun olmaması barədə arayış verilməsi ilə bağlı xidmətlər göstərilir. Bu xidmətlər aidiyyatı orqanlarının əməkdaşları tərəfindən həyata keçirilir.

 

Mərkəzdə xidmətin səviyyəsi ilə bağlı bura müraciət edən insanlara da sual ünvanladıq.

 

Əbülfət Əliyev adlı vətəndaş sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etdiyini, 15 dəqiqə ərzində ona təzə sürücülük vəsiqəsinin təqdim olunduğunu bildirdi. Digər vətəndaşlar da xidmətin səviyyəsindən razı qaldıqlarını dilə gətirdilər. 

 

İkinci mərtəbədə Milli Arxiv İdarəsi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Miqrasiya Xidməti, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları müvafiq xidmətləri təşkil edirlər.

 

Üçüncü mərtəbədən başlayaraq isə Agentliyin mərkəzi aparatı, şöbələri yerləşir. Agentliyin fevralın 1-də fəaliyyətə başlayan Çağrı Mərkəzində də olduq. Azərbaycanın istənilən bölgəsindən mobil, yaxud şəhər nömrəsindən 108 yığaraq “ASAN xidmət” mərkəzlərindəki sənədləşmə ilə bağlı suallarla müraciət edib, cavab almaq olar. Eyni zamanda irad və təkliflər də bildirilə bilər. Hər gün Çağrı Mərkəzinə 300-dən çox zəng edilir.

 

Gələcəkdə “ASAN xidmət” mərkəzləri üçün nəzərdə tutulmuş binaların maketi ilə də tanış olduq. Gələcəkdə həm də Agentliyin mərkəzi aparatı üçün ayrıca binanın tikilməsi də planlaşdırılıb.

 

Nadir Adilov deyir ki, rəhbərliyin tələbi odur ki, hər gün çatışmazlıqları qeyd edin və onları da aradan qaldırın. Hər gün keçirilən iclaslarda  özümüz çatışmazlıqları aradan qaldırmağa çalışırıq ki, vətəndaş gələndə narazı qalmasın, sözün həqiqi mənasında vətəndaş üçün asan olsun”.

 

Reportaj hazırlayarkən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olmaq, Agentliyin rəhbərliyi ilə görüşmək üçün oraya gəlmişdi. Şahin İsmayılov Lent.az-a açıqlamasında bildirdi ki, könüllülər hər bir ictimai qurumun aparıcı qüvvəsi sayılır. Onun sözlərinə görə, könüllülər üçün əsas məsələ yaxşı təcrübə qazanmalarıdır ki, gələcəkdə bu təcrübədən karyera qurmaq üçün istifadə edə bilsinlər: “ASAN xidmət” mərkəzində kifayət qədər könüllü çalışır. Gələcəklə Agentlik ilə könüllük fəaliyyəti ilə bağlı bir əməkdaşlıq memorandumu imzalayacağıq. Gənclərin “ASAN xidmət” mərkəzlərinə cəlb olunmasını həyata keçirəcəyik, eyni zamanda birgə layihələr həyata keçirməyi düşünürük. Tələbələrlə, gənclərlə dövlət arasında çox gözəl münasibət yaranacaq, onlara həqiqi qayğının olduğunu hiss edəcək və vaxtını səmərəli keçirəcək”.  

 

Qeyd edək ki, asan.gov.az saytında “Xidmətlərin siyahısı” bölməsində “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin siyahısı və bununla bağlı dövlət rüsumları əksini tapıb. “ASAN xidmət” mərkəzinin üstünlüklərindən biri də həftənin 6 günü səhər saat 10:00-20:00-a qədər fasiləsiz, bazar günü isə saat 11:00-dan 17:00-a kimi fasiləsiz işləməsidir. Yəni vətəndaş həftənin digər günləri işdə olduqda, işdən icazə alıb çıxa bilmədikdə şənbə və bazar günləri bu mərkəzlərdə sənədləşmə işlərini həll edə bilər.

 

Bu qədər. İndi isə xidmətin gördüyü işlər üzrə tarifləri təqdim edirik: 

 

 

1 saylı Bakı ASAN Xidmət Mərkəzi

vətəndaşların rüsumlar barədə

məlumatlandırılması ilə əlaqədar

 

Təqdim edir

 

 

Asanı qoyub çətinə getməyin...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7074

Oxşar yazılar