<b>Alboma yapışdırılmış sevgi nişanəsi, komandirin cazibədar xanımı, kapitanın intihar</b>ı - <span style="color:red;">“ƏSGƏR GÜNDƏLİYİ”
20 oktyabr 2014 18:19 (UTC +04:00)

Alboma yapışdırılmış sevgi nişanəsi, komandirin cazibədar xanımı, kapitanın intiharı - “ƏSGƏR GÜNDƏLİYİ”

0

Lent.az-ın “Əsgər gündəliyi” rubrikasının növbəti qonağı keçmiş deputat, iqtisadçı ekspert Nazim Məmmədovdur. O, Gədəbəy rayonunun Çayrəsullu kəndində doğulub böyüsə də Sovet Ordusunda hərbi xidmətə 1982-ci il may ayında Bakıdan yollanıb. Çünki ona qədər orta məktəbin 8-ci sinfindən sonra 4 il Bakı Plan uçot texnikumunda oxuyub.

 

Keçmiş sovet rəhbəri ilə eyni sırada

 

Keçmiş əsgər Məmmədovun hərbi xidməti Sovet qoşunlarının Çitada yerləşən tank diviziyasında başlayıb. Rusiyanın bu uzaq şərq əyaləti kəskin şaxtaları ilə seçildiyi üçün, hərbi xidmət üçün də sərtliyi ilə yadda qalıb. Keçmiş əsgər deyir ki, 42-45 dərəcə şaxtanın da şahidi olublar: “Bəzən elə sərt şaxtalar olurdu ki, özümüzü başqa dünyada zənn edirdik”.

 

Onun 6 ay sürən “karantin” müddətinin keçdiyi hərbi hissə SSRİ-də məhşur hərbi hissə olub və çox maraqlı ənənəsi varmış. Həmin hissədə bir vaxtlar SSRİ-nin baş katibi Leonid İliç Brejnev əsgəri hərbi xidmətini keçdiyi üçün hələ də Məmmədovgilin hər səhər sıra yoxlanışında birnci onun adı çəkilirmiş. Yəni hər gün səhər siyahı üzrə sıranı yoxlayan zabit hələ də Məmmədovgildən əvvəl əsgər Brejnevin də “sırada olmasını” yoxlayırmış. Belə desək, Sovet rəhbəri azərbaycanlı eks-deputatla qiyabi də olsa hərbi xidməti bir yerdə çəkiblər.

 

Sovet rəhbərinin şərəfinə düzənlənən bu adət o ölənə kimi davam edib və Brejnev öldükdən sonra hərbi hissəyə onun adı verilib.

 

“Burnumdakı bu nişanə o hadisənin yadigarıdır”

 

Hərbi hissədə qafqazlılar az olmasa da, onunla birlikdə cəmi 10-a yaxın azərbaycanlı olub. Altı aylıq tədris kurslarından sonra göndərildiyi hissədə isə yeganə azərbaycanlı olub.

 

Tədris kursunda əsgər Məmmədovla serjantların işi o qədər də asan keçməyib: “Yenicə əsgər forması geyinmişdik. Bir şeyi deyim ki, mənimlə gedən digər azərbaycanlılardan fərqli olaraq, texnikum illərindən artıq mən rus dilində demək olar ki, sərbəst danışırdım və orada kimin rusca kimi təhqir etməsini yaxşı anlayırdım. Bizi apamışdılar meşəyə fiziki hazırlıq keçməyə. Milliyyətcə ukraynalı olan bir serjant mənimlə düz gəlmirdi. Necə oldusa bu yenə onunla mübahisəmiz düşdü bə mən ona cavab qaytaran kimi qəflətən elə bir yumruq vurdu ki, gözümdən od çıxdı. Hətta zərbə elə oldu ki, serjant özü də bərk qorxdu. Tez əl-ayağa düşüb, yardım elədi. Çox narahat idi ki, zabit heyəti bundan xəbər tutacaq və bunun axırı təbii ki, onun üçün yaxşı qurtarmayacaq. Amma təbii ki, mən bu hadisəni heç kimə bildirmədim... Ümumiyyətlə, belə davalarımız çox olub. Döymüşəm də, döyülmüşəm də... Amma geri çəkilməmişəm”.

 

Burnunun üstündəki zədə yerini göstərir: “Bir ildi xidmətdəydim. Artıq hərbi hissədə “yazar”, həm də serjant idim. Sərt şaxtalı qış günlərindən biri idi. Bizi hərbi təlimə aparmışdılar. Gənc əsgərlərdən bir rusla sözüm çəp gəldi. Çox yekəpər idi. Amma gördü ki, əlbəyaxa mənimlə bacarmır, əlindəki avtomatın qundağı ilə üzümə zərblə vurdu. Burnum az qaldı parçalansın. Burnumdakı bu zədə o hadisədən yadigar qalıb”.

 

“2 ildə bir ölüm hadisəsi oldu, o da...”

 

Nazim müəllim deyir ki, əsgərlikdən əvvəl 3 il yarım Bakıda tələbə olduğu üçün hərbi xidmətə gedəndən sonra “ev üçün darıxmaq”, “gələn məktubları göz yaşı ilə oxumaq” kimi hisslər ona yad olub: “Cəmi bircə dəfə məzuniyyətə gəlmişəm”.

 

Xidməti hissədə yeganə azərbaycanlı olan Məmmədov tezliklə istedadına görə batalyon komandirinin diqqətini cəlb etdiyi üçün hərbi hissənin “piser”i (yazar-katibi) olur və hərbi hissənin bütün yazışmalarının iştirakçısına çevrilir. Hətta səlahiyyətlər onu o qədər arxayın salır ki, bir əsgər olaraq əmrə tabe olmayan vaxtları da olur. Belə hallardan biri az qala onun həbsi ilə də nəticələnə bilərmiş. Hərbi hissəyə yeni təyinat almış leytenant sıra yoxlanışı zamanı Məmmədovu sırada görmür. Katiblik otağına əsgər göndərib, dərhal sıraya gəlməsini əmr edir. Məmmədov əmrə tabe olmur: “get, de ki, işi var”. Zabitin yazdığı raport Sovet Ordusunda əsgərin həbsi ilə nəticələnə bilərdi. Vəziyyətin gərgin anında batalyon komandir Məmmədovu xilas edir. Buna səbəb komandir yanında onun istedadlı əsgər kimi hörməti ilə yanaşı, vaxtında Azərbaycandan gələn yaxşı bir “zənbil”in də rolu az olmur...

 

Keçmiş əsgər deyir ki, xidmət etdiyi tank diviziyası keçmiş SSRİ-nin ən ciddi nizam-intizamlı hissələrindən biri olub: ““Dedovşina” da vardı, amma Sovet ordusunun digər hərbi hissələrində olan qədər yox, çünki buradakı intizam ona mane olurdu. Amma bir dəfə hərbiçi ölümü oldu bizdə, o da bir kapitanın intiharı idi. Ailəsi ilə nə problem olmuşdusa, xidməti otağında tapançasını ilə başından özünü vurmuşdu. Bir kağız parçasına yazmışdı ki, intihar etməyi qərara aldım. Baxmayaraq ki, bu hadisə SSRİ Müdafiə Nazirliyi səviyyəsində ciddi narahatlıq yaratdı, amma onun o kağız yazması xeyli insanı həbsdən xilas etdi...”

 

“O qız üçün çox darıxırdım...”

 

“.....səni çox sevirəm, Nazim. Sənin Məhin” - həmsöhbətim, əsgərlik fotolarından ibarət almobundakı o vaxtdan yapışdırdığı bir məktubu oxuyaraq sonunu bu cümlələr bitirib, izah etdi: “Bu qızla əsgərliyə getməmişdən texnikumda oxuyan vaxtı tanış olmuşduq və bir-birimizi çox sevirdik. Çoxlu məktublar alırdım və məktublar yazırdım. Əslən Neftçaladan idi. Xidmətdən gələndən sonra iki dəfə elçi göndərdim. Valideynləri dedilər “Gədəbəy uzaqdır, ora qız verə bilmərik”. O zaman mən artıq Voronejdə institutda oxuyurdum. İkinci kursdaydım və gördüm bu elçiliklər fayda vermir, xəbər göndərdim ki, mənə “qoşulub qaçsın”. Buna da qız razı olmadı. Mən isə onu bu əzabdan qurtarmaq istəyirdim. Bizim texnikum illərindən ortaq dostumuz vardı. Voronejə gəlmişdi və birinci kursa qəbul olunmuşdu. Onu öyrətdim ki, qıza “artıq Nazim Rusiyada qızlarla gəzir, sən yada düşmürsən” və sair söhbətlər eləsin. O da elə ustalıqla bunu elədi ki, qız məni həqiqətən unutdu və biz yazışmadıq. İndi yoldaşlar vasitəsi ilə eşidirəm ki, ailəlidir və çox xoşbəxtdir...

 

Hərbi xidmət vaxtı maraqlı bir hadisə baş verdi. O vaxt qızlar tərəfindən hərbi hissələrə “xoşbəxt əsgər” adı altında məktublar göndərilirdi. Bu, bir növ bəxti sınamaq kimi bir şey idi. Mən də hərbi hissənin katibi olduğum üçün, təbii ki, məktubların çoxu əlimdən keçirdi. Necə oldusa, Latviyadan bir qız, adı deyəsən Veronika idi, haradansa adımı tapıb “xoşbəxt əsgər” məktubunu mənə göndərdi. Cavab yazdım. O da yenidən mənə yazdı. Xeyli məktublaşdıq. Şəklini göndərdi, mən də göndərdim. Bu qız məni o qədər çəkdi ki, əsgərlikdən sonra ali təhsil almaq üçün Latviyanı seçdim. Amma necə oldusa Bakı-Riqa qatarında yolüstü Voronejdə düşdüm və tam təsadüfən Voronejdə instituta ilk gün verdiyim müsabiqənin nəticəsinə uyğun ixtisasa qəbul olundum. O vaxt texnikumu fərqlənmə diplomu ilə bitirənlər bizim ixtisas üzrə qəbul imtahansız ali məktəbə qəbul olunurdu. Yəni o qızla görüşmək mənə qismət olmadı (gülür).

 

Amma bütün hallarda Azərbaycandan, Neftçaldan sevdiyim o qız üçün əsgərlikdə çox darıxırdım...”

 

Fahişələr, yağışlar və hərbi hissələr şəhərində əsgərlik...

 

Bilmirəm nədəndi, dünyanın bu qədər ölkələri arasında ancaq SSRİ (indi də Rusiya) ordusunda hərbi xidmət keçənlər barədə danışanda ilk olaraq onların qızlar barədə ən şanslı əsgər olmaları daha çox xatırlanır. Əgər biri desə ki, Sovet ordusunda, özü də SSRİ-nin qeyri-müsəlman ölkəsinin hansısa şəhərində xidmət edib, ilk maraqlı mövzu o keçmiş əsgərin qızlarla keçirdiyi vaxtdan ibarət olur. Axı bu tendensiyanın yaranmasına səbəblər də az deyil...

 

Keçmiş Sovet əsgəri Məmmədovla söhbət də bu qənaətə növbəti dəfə haqq qazandırdı: “Hətta o vaxt Çita şəhəri barəsində belə bir deyim vardı: “fahişələr, yağışlar və hərbi hissələr şəhəri”. Buranın çılğın təbiəti kimi, çılğın qızları da vardı. Bunların da üstünə əsgərlər dolu hərbi hissələri əlavə etsək, mənzərə çox aydın olur (gülür).

 

Bizim heç şəhərə çıxmağımıza ehtiyac yox idi. Hərbi hissənin qarşısı daim yerli qızlarla dolu idi. Onların öz dilində desək “çuvak” axtarışına çıxırdılar...”

 

Həmsöhbətim deyir ki, bu qızlar o qədər çox olub ki, onları bir-bir xatırlamaqda çətinlik çəkir: “Hər gün biri ilə tanış olub “uvolnenie” günü şəhərdə yeyib- içirdik, bir neçə görüşdən sonra intim münasibətlər də ola bilərdi. Belə ötəri tanışlıqlar üçün heç şəhərə getməyə ehtiyac da yox idi. Çünki hərbi hissənin yaxınlığında zabitlər üçün şəhərcik vardı və münasibətim yaxşı olan subay zabitlərdən birinin evinin açarını alıb, orada görüşürdük. Subay zabitlərin evi bir növ bizim o qızlarla əyləncə mərkəzi idi... Şəhərdə hərbi formada qızlarla gəzmək o zaman hərbi patrul tərəfindən yoxlanılmaq riski gətirirdi. Bu o demək deyil ki, əsgər xidmətimiz başdan-ayağa belə keçib, belə deyək ki, hərdən cavanlıq etməyə imkanımız olub..” (gülür).

 

Nazim müəllim əsgərlik illəri ilə bağlı daha bir maraqlı xatirəsi: “Hissənin mədəniyyət evinin qərargah rəisinin arvadı idi. Rus idilər. Çox gözəl qadın idi, həmişə də ağ şalvar olmaqla çox şıq geyinərdi. Tərs kimi, hər gün o işə gedəndə bizim batalyondan əvvəl ümumi alayın sıra yoxlanışı olurdu və o qadının işinə getdiyi yol sıranın qabağından keçirdi. O uzun əsgər sırasının qabağından keçənə qədər əsgərlər heç alay komandirinin də əmrinə əhəmiyyət vermirdilər, hamı o qadını iştahla süzürdü. Hərdən zabitlər naəlac qalıb gözləyirdilər o qadın keçsin, sonra komanda verməyə başlayırdılar”.

 

Keşmiş əsgərin əhvalını dəyişən sual

 

Hərbi xidmətdən qayıdandan sonra Voronejdə ali məktəbə qəbul olan Nazim müəllim əsgərliyin töhfəsini orada da hiss edir. Xidmətdə olarkən onunla eyni hissədə iki aylıq toplanış keçən şəxslərlə orada da rastlaşır. Və təbii ki, onlar vaxtında gördükləri hörmətin əvəzini unutmurlar...

 

Daim Rusiya əleyhinə çıxışları ilə tanıdığım Nazim müəllimin Sovet ordusu ilə bağlı çox maraqlı nostalgiyası var. Çox şeyi unuda bilmir, əziz xatirə kimi.

 

- Heç peşman deyilsiniz SSRİ ordusunda xidmət etməyə?

 

- Qətiyyən! Niyə də peşman olum? O bir yol idi keçdik və bununla fəxr edirəm. Çünki mən kişilik yolu adlandırdığımız əsgərliyi, özü də qüdrətli bir dövlətin ordusunda keçmişəm. Əsgərlik mənə elə şeylər verib ki, mən onu həyatın başqa anlarından ala bilməzdim...

 

Kimsə deyirsə ki, guya Sovet Ordusunda əsgər olduğu üçün peşmandır, bağışlayın, bu, riyakarlığa bənzəyir. Mən müddətli hərbi xidmətdə əsgərlərə verilə biləcək ən yüksək rütbəyə “starşina” rütbəsi ilə tərxis olunmuşam”.

 

Söhbətin sonunda bu layihədə bütün həmsöhbətlərimə verdiyim ənənəvi sualı səsləndirdim. Gözlənilmədən susdu, hiss etdim ki əhvalı dəyişdi və sualı təkrarlamağımı xahiş etdi.

 

- Birinci Qarabağ müharibəsində döyüşdünüzmü?

 

Xeyli sükutdan sonra sakit səslə:

 

- Yox döyüşməmişəm... – dedi – Açığı, bu sualı indiyədək gözləməmişəm...

 

- Nə səbəb oldu döyüşlərə qatılmamanıza?

 

Bir xeyli susub, sonra dilləndi:

 

- Nə bilim. Voronejdə universiteti bitirdikdən sonra müdafiə edib, orada müəllim kimi çalışmağa başladım. SSRİ dağıldıqdan sonra iş-güc qurdum. 90-cı il hadisələrindən sonra qeyri-rəsmi diaspor fəaliyyətinə başladıq, Qarabağla bağlı təbliğat aparırdıq. Hətta bir dəfə məni buna görə orada milis də saxladı, lakin imkan vermədik uzunmüddətli həbs etsinlər, 10 günlə kifayətləndilər. Səbəb göstərirdilər ki, bu fəallığımızla “mütəşəkkil dəstə” qurmuşuq, guya silah da alıb Qarabağa göndərirdik... Başımız bu cür işlərə qarışmışdı. Amma həqiqətən bu suala indiyə qədər cavab düşünməmişəm ki, niyə Qarabağda, ümumiyyətlə, Ermənistanın işğalına qarşı döyüşməmişəm? Onu deyim ki, doğulduğum Gədəbəy rayonu da döyüşlər gedən yer idi və arabir Azərbaycana gələndə orada bəzi “könüllülərin” başqa yollara əl atmasını da görürdüm. Bəlkə də münaqişənin ilk aylarında sovet hakimiyyətinin bu prosesi dayandıracağına inamımız olub, bu qədər “başıpozuqluğa” inanmamışam ki, müttəfiq respublikalar arasında mübahisə silahlı qarşıdurmaya çevrilsin və Rusiya Ermənistanın tərəfini tutsun.Ola bilər, bu fikirlər təsir edib... Nə bilim... Niyə döyüşməmişəm? Bilmirəm. Formal olaraq 1992-93-cü ildə mən başqa dövlətin vətəndaşı idim, mülki şəxs idim, Azərbaycan ordusuna əsgər kimi köməyim də çox cüzi ola bilərdi, amma mən həmişə ura-vətənpərvərlikdən uzaq olmuşam, əmələ üstünlük vermişəm... İnşallah, Allah imkan verər, vuruşarıq. 30 yaşlı Nazim Məmmədovdan yaxşı vuruşan döyüşçünü bir neçə aya hazırlamaq mümkün idisə, 50 yaşlıdan hazırlamaq daha da çətinləşir, buna görə nə qədər tez qərar verilsə, mənim də döyüşməyə şansım çoxalır. O zaman da, indi də mənim vuruşmağım, hətta vətən uğrunda şəhid olmağım Qarabağın işğaldan qurtulmasına kömək edəcəksə, bu gün də o ölümə hazıram.

 

Mübariz Aslanov

 

[email protected]

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2757

Oxşar yazılar