Hər il noyabrın ilk günü “Şərq” qəzeti il dönümünü qeyd edir. Bu gün milli mətbuatımızda özünəməxsus yeri olan və bəndənizin də jurnalistika fəaliyyətinə başladığı mətbu orqan 17 yaşına qədəm qoyur. Bu münasibətlə, Lent.az “Şərq”in baş redaktoru Akif Aşırlıdan müsahibə alıb...
- Əvvəlcə “Şərq” qəzetinin tarixinə nəzər salardınız...
- “Şərq” qəzetinin çapı rəsmən 1996-cı il noyabrın 1-dən göstərilsə də, əslində 1994-cü ildə çıxmışıq. 19 il öncə mart-aprel aylarında qəzetimizin 6 sayı işıq üzü görmüşdü. Sadəcə, təcrübəsizliyimiz və senzuranın daha kəskin formada olması “Şərq”in fəaliyyətini davam elətdirməyə imkan vermədi. Nəticədə “7 gün” qəzetindən ayrılan bir qrup gənc jurnalist elə həmin qəzetə qayıtdı. “Şərq”i 2 il sonra bərpa elədik və o gündən qəzetimiz ardıcıl nəşr olunmağa başladı. İlk dəfə 4 səhifə həcmində idik, 1997-ci ilin sonlarından həftədə 2 dəfəyə keçdik. Tədricən həftədə 3 dəfə olmaqla 8 səhifə və 16 səhifə çıxdıq. 2001-ci ilin martından isə qəzet həftədə 5 dəfə nəşr olunmağa başladı. Qəzetdə çox sayda işinə peşəkarlıqla yanaşan junalistlər çalışıb, formalaşıblar. Vaxtilə qəzetdə çalışan insanların bir çoxu fəaliyyətlərini başqa- başqa KİV-lərdə davam etdirirlər. Eyni zamanda ayrı-ayrı dövlət strukturlarında çalışanlar var. Qəzetimizin baş mühasibi Fazilə Məmmədova həm də kadrlarla işi həyata keçirir. O, 1996-cı ildən bəri “Şərq”də çalışan 3 nəfərdən biridir. Məmmədovanın əmr kitabçalarından statistik çıxarışı var. Dünən elan etdi ki, 1996-cı ildən bəri “Şərq” qəzetində 103 nəfər çalışıb. Hazırda 17 əməkdaşımız qalıb. Qalan sabiq əməkdaşlarımızdan hazırda fəaliyyətlərini başqa kollektivlərdə davam etdirən, dünyasını dəyişənlər var. Biz onları “Şərq”çi hesab edirik. Həmişə müxtəlif tədbirlərdə də onları yada salırıq və həmişə onlarla fəxr edirik. Fəxr edirik ki, “Şərq”in belə yetirmələri var”.
- “Şərq” qəzeti üçün pik nöqtə kimi hansı dövrü sayırsınız?
- “Şərq”in həm eniş, həm də yüksəliş dövrləri olub. 1998-2001-ci illər qəzetimizin ən pik dövrü idi. 30 min tirajla nəşr olunurduq və demək olar ki, ölkədə reytinq göstəricisinə görə 1-2-ci yerləri bölüşürdük. Təbii ki, 2001-ci ildən sonrakı proseslər – çap mətbuatına oxucuların bu və ya digər dərəcədə inamının azalması və ya başqa səbəblər qəzetin tirajına və iş prosesinə təsir etdi. Qəzetimizin pik nöqtəsini təhlil etsək, həmin dövrdə peşəkarlıqla bir araya sığmayan, gəncliyimizdən, emosiyalarımızdan doğan yazılar üstünlük təşkil edirdi. Görünür, cəmiyyət də o dövrlərdə bu yazıları daha yaxşı qəbul edirdi. İnsanın bir yaş dövrü olduğu kimi, hər bir qəzetin də gənclik, orta yaş və müdriklik dövrü olur. Hesab edirəm ki, “Şərq” qəzeti 2001-ci ildən sonra hadisələrə, proseslərə emosiyasız yanaşma yolu tutub. Daha çox cəmiyyəti qıcıqlandıracaq, emosiyalar doğuracaq yazılardan, sözlərdən uzaq durması nə qədər yüksək dərəcədə qəbul olunsa da, müəyyən kəsim insanlar “Şərq”in əvvəlki dönəmini daha məqbul hesab edirlər. Təbii ki, hərənin öz baxışı var. Hesab edirəm ki, hazırda “Şərq”in elə bir dönəmidir ki, burada sensasiyalara, hadisələrin daha tünd boyalarla verilməsindən daha çox cəmiyyətin sakit axarda inkişafının, təkamülün tərəfdarı olmalıyıq. Bu yolda da “Şərq” qəzetinin itirəcəklərini normal qəbul etmək lazımdır və edirəm.
- Peşəkarlıqdan danışdınız. “Şərq”in hazırkı kollektivini nə dərəcədə peşəkar sayırsınız?
- Siz özünüz də “Şərq”də formalaşmısınız. Bilirsiniz ki, “Şərq” qəzeti kənar kollektivlərdən çox az sayda əməkdaş qəbul edib. Jurnalistika fakültəsində çalışan tələbələri redaksiyamıza dəvət etmişik, onların sıfırdan başlayaraq peşəkarlaşma mərhələləri “Şərq”in özünün kollektivində, yaradıcılıq atmosferində mümkünləşib. Təbii ki, müəyyən bir zaman kəsiyində qəzeti tərk edən peşəkar jurnalistlərimiz də olub. Onların sosial problemlər, maddiyyat və digər qurumlarda çalışması baxımından vəziyyəti nəzərə alaraq bunları normal qəbul etmişik. Bu da bir həyatdır. Tələbələri, gəncləri, qələmi püxtələşməmiş, hadisələrə daha geniş aspektdən baxmaq imkanı hələ tam formalaşmamış jurnalistləri dəvət edirik. Həmin gənclər də burda formalaşırlar, qələmləri püxtələşir və onların tanınmaları baxımından imkanlarımız var. Bu gün “Şərq”in əsas kontingenti gənclərdir. Həmin gənclərin formalaşması, redaksiyadakı ənənələrin ötürülməsi məhz ilk gündən indiyədək qalan 4 əməkdaşımızın üzərindədir. Təbii ki, jurnalistikaya gələn gənclər informasiyaları daha tez əldə etmək və ötürmək baxımından üstünlükləri var. Biz də çalışırıq ki, onların peşəkarlaşması üçün nə lazımdırsa, edək. Bu gün kollektivimizin əsas hissəsi gənclərdən ibarətdir.
- Bəzi nəşrlər get-gedə daha da böyüyür, əlavələr, sahə saytları açırlar. Amma ötən 17 ildə “Şərq”in heç bir əlavəsi olmayıb. Bu, nə ilə əlaqədardır? Gələcəkdə belə bir planınız var?
- 1990-cı illərin sonlarında hətta ən ciddi qəzetlər əlavələrlə çıxış etdilər, krossvordlar, ailə, şou-biznes, idman sahələri üzrə əlavə nəşrlər hazırladılar. Həmin vaxt internet Azərbaycana yeni-yeni gəlirdi. Biz həmin dövrdə də öz “Şərq”imizə sadiq qaldıq və əlavələrimizi buraxmaq istəmədik. Bu, o demək deyil ki, “Şərq” qəzeti və onun rəhbərliyinin genişlənmək, yeni layihələrlə çıxış etmək fikri yoxdur. Sadəcə, ölkəmizin ictimai-siyasi yönümlü qəzeti kimi əyləncə buraxılışlarını nəşr etdirməyi özümüzə uyğunlaşdıra bilmədik. Amma ötən illərdə belə düşündük ki, qəzetin veb-səhifəsindən fərqli sayt açaq. Belə bir planımız var. Onu da deyim ki, ötən il qəzetin onlayn versiyasını ortaya qoyduq. Orada informasiyaları dəqiqəbədəqiqə yerləşdirmək imkanları var. Hətta videomaterialları da yerləşdirə bilirik. Sadəcə, bəzən görürsən ki, arzular çox, onları reallaşdırmaq imkanları məhdud olur. O baxımdan, arzular, fikirlər, ideyalar var. Mən bir şeyi xatırladım ki, vaxtilə “ŞərqTV” rubrikamız var idi. O vaxtlar belə fikirləşirdik ki, gələcəkdə bu adda televiziya yarada bilərik. Sonradan gördük ki, arzular yaxşı şeydir, amma reallaşdırmaq imkanları çox çətindir. Təkcə kollektivin formalaşdırılması, istedadlı insanların cəlb olunması baxımından yox, ortada digər məsələlər də var. Maddi və texniki məsələlərin həlli üçün çox böyük əziyyətlər çəkmək lazımdır, eyni zamanda çox böyük dəstəyə ehtiyac duyulur. İnanıram ki, nəzərdə tutduğumuz arzuları, layihələri gələcəkdə həyata keçirmək mümkün olacaq. Bu gün “Şərq” qəzetinin 17 yaşı tamam olur. Az yaş deyil. Bu, gəncliyin ən yaxşı dövrü hesab olunur. İnternet mediasında çalışan insanların keçmişinə baxsaq, görərik ki, ən peşəkarları çap mediasından gəlib. On-layn medianın inkişafı sırf yazılı mediada yetişənlərlə bağlı məsələdir. Məsələ onda deyil ki, internet jurnalistikasının özünün sırf kadr bazası, potensialı olmayacaq. Söhbət ondan gedir ki, daha peşəkar, daha ciddi Azərbaycan jurnalistikası, mətbuatı, azad söz və o sözə münasibətdə çap mediası 138 illik tarix ərzində formalaşıb. İndi isə yeni media yaranır. Bu medianın yaranışı çap mediasının rəqabət imkanlarına yenidən baxmağa sövq edir. Düşünürəm ki, Azərbaycanda həmişə çap mediasının ən bariz nümunələri yaşayacaq. Bunlardan biri də “Şərq” qəzeti olacaq. Bu qəzetdə indiyədək çalışmış inşanların hər birini təbrik edir, işlərində uğurlar arzulayıram.