Adil İsmayılov: “Rail Rzayev həqiqətən ölümündən qabaq özünə qəbir qazdırıb” - MÜSAHİBƏ
02 mart 2009 11:30 (UTC +04:00)

Adil İsmayılov: “Rail Rzayev həqiqətən ölümündən qabaq özünə qəbir qazdırıb” - MÜSAHİBƏ

Lent.az-ın “Sən haradasan” rubrikasının bu dəfəki qonağı Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil, “ADİSAD” hüquq firmasının prezidenti Adil İsmayılovdur. 20 ilə yaxındır ölkədə keçirilən səs-küylü məhkəmələr proseslərində onunla rastlaşmışıq. Vaxtilə təsisçisi olduğu qəzetdə və başqa mətbu orqanlarda maraqlı yazılarla çıxış edib. Amma son vaxtlar bu fəallığı bir qədər səngiyib. Özü demişkən, bunun səbəblərindən biri də son vaxtlar cəmiyyətin xüsusi olaraq diqqətini çəkəcək məhkəmələrin də olmamasıdır.

..Əhval-ruhiyyəsinin yaxşı vaxtında çox söhbətcil olur. Vay o gündən ki, vaxtı düzgün seçməyəsən, onda həmsöhbətimizdən bir-iki cümlə qoparmaq çətin olur. Günün birinci hissəsində, hələ məhkəmə salonlarının yorğun aurasına girməmiş onunla görüşdük və hesab edirik ki, söhbətimiz maraqlı alındı:

- Hacı Məmmədovun məhkəməsindən sonra Sizi məhkəmələrdə görmürük...

- Əslində, Hacı Məmmədovun işindən sonra elə bir səsli-küylü məhkəmə də olmayıb. Hətta o səviyyədə olmasa da, ona yaxın olan işlər də hələ ki, yoxdur. Amma bununla belə görünməməyimin səbəbləri müxtəlifdir. Bunlardan biri də odur ki, işə çıxmaq üçün müəyyən maneələr yaradıblar. Məsələn, bir çox hallarda işə mən çıxdığıma görə, işi qəsdən çətinə salırlar. Bu səbəbdən, gələnləri də qəbul etmirəm. İstəmirəm ki, mənə görə kiməsə problem yaransın.

- Belə görünür, bizdə bəzən təqsirləndirilən şəxsə münasibət həm də onun vəkilinin kim olmasından asılıdır...

- Bəli, bizdə belə hallar mövcuddur. Söhbət bir neçə vəkildən gedir. Məsələn, elə Hacı Məmmədovun işində həbs edilən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin sabiq rəisi Zakir Nəsirova mənimlə bağlı dəfələrlə təzyiqlər oldu. Ona deyirdilər ki, vəkilin Adil İsmayılov olmasın. Ona ömürlük cəza verdikdən sonra isə dedilər ki, əgər vəkilin Adil İsmayılov olmasaydı, sənə daha yüngül cəza verilə bilərdi. Z.Nəsirov çox ağıllı adamdır və onlara yaxşı cavabı olmuşdu ki, məni A.İsmayılov yox, siz tutmuşdunuz, kömək etmək istəsəydiniz, heç tutmazdınız. Bu səbəbdən də mən müdafiə üçün yanıma gələn adamlara əvvəlcədən deyirəm ki, əgər istintaqla, məhkəməylə başqa cür dil tapmağa çalışacaqlarsa, onda müqavilə bağlamağa ehtiyac yoxdur.

- Hazırda vəkilliklə məşğulsunuz?

- Bəli, əlimdə işlərim var.

- Vəkil olmadan da yaşaya bilərdinizmi?

- Düşünürəm ki, hətta bir az da yaxşı yaşamaq olardı. Bilirsiniz, vəkillik də həkimlik, dərzilik kimi bir peşədir, amma bu gün bizdə o peşədən ləzzət almaq mümkün deyil. Məsələn, eşidəndə ki, filan vəkil işi belə uğurla başa vurdu, mənə çox inandırıcı gəlmir, çünki orada vəkilin nəsə edəcəyinə inanmıram. Mənim də istədiyim nəticə ilə bitən bir çox işim olub, amma bunlar mənə görə deyildi.

- Elmi işlə məşğul olmaq barədə fikirləşmisiniz?

- Yox. Hərdən sağa-sola baxıb elə doktorlar, namizədlər görürəm ki, doğrudan çox təəccüblənirəm. Sizə adi bir misal çəkim. Hər hansı bir iş üzrə hazırlaşanda qanunları, onlara verilən şərhləri, Ali Məhkəmənin qərarlarını axtarırsan, oxuyursan, sonra məhkəməyə gedib deyəndə ki, bəs filan-filan məsələlərə görə bu iş belə yox, bax bu cür olmalıdır, qayıdıb deyirlər ki, sən nədən danışırsan ey, biz bunları bilirik, sən bizə başqa söz de. Bu cür hallarla rastlaşanda adamın öz üzərində işləməyə heç bir həvəsi qalmır. Çünki bunun mənasını görmürsən. Axır vaxtlarda bir ara boş zamanım oldu və bu müddətdə Cinayət Məcəlləsində rastlaşdığım bəzi hallarla bağlı “Qanuni absurdlar” adlı balaca bir kitab yazdım. Sizə kitabdan bəzi misallar çəkmək istəyirəm: Cinayət Məcəlləsində oğurluğa və adam öldürməyə görə eyni cəza verilir. Quldurluğa, adam oğurluğuna görə cəza, adam öldürməyə görə cəzadan daha ağırdır. Məcəllədə tarixi və mədəni abidələrin qəsdən məhv edilməsinə görə 2 il, başqasının əmlakını məhv etməyə görə isə 7 il həbs verirlər. Yəni belə çıxır ki, tarixi muzeyi partlatsan, sənə iki il verəcəklər, amma birinin qarajını yandırsan 7 il. Bu kimi xeyli faktları toplayıb, yazdım. Fikirləşdim ki, bunları yazandan sonra işin bir nəticəsi olmalıdır. Yazdıqlarımı əvvəlcə müxtəlif adamlara, rəsmi orqanlara göndərdim. O cümlədən, Milli Məclisə, Prezident Aparatına və məhkəmələrə də. Sonra insanlarla görüşürəm, deyirəm rəyiniz nədir, deyirlər, düz deyirsən. Çünki “düz demirsən” demək mümkün deyil, qanun ortadadır. Yəni bu ortadadır ki, ehtiyatsızlıqla əmlakı məhv etmək 1000 manat, qəsdən məhv etməyə görə isə 500 manata cərimə ilə cəzalandırılır. Hətta insanlar mənə deyirlər ki, sənin yazdıqların hələ hamısı deyil, başqa şeylər də var. Şərti maliyyə vahidinə əsasən hesablama aparılırdı və oğurluq, quldurluq zamanı 7700 manatdan çox zərər dəyəndə, bu, artıq küllü miqdar kimi qəbul olunurdu və cəza ağırlaşırdı. Yəni oğurluq, mənimsəmə küllü miqdardadırsa, 12 ilə qədər cəza verilə bilər. Qəsdən adam öldürmənin də cəzası 12 ilə qədərdir. Mən də elə bu meyarla hesablamışdım ki, insanın həyatının qiyməti 7700 manatdır. Bunu yazandan sonra Milli Məclis qərar qəbul etdi və bu 7700-ü 7 minə saldılar. İndi bu kitabı yazmağımın xeyri o oldu ki, insanın həyatı bir az da ucuzlaşdı. Kitabı oxuyan bəzi yoldaşlar dedilər ki, bəlkə davam etdirəsən, amma bu hallarla rastlaşandan sonra davam etdirmək üçün heç bir həvəs qalmadı.

- İndiyə kimi çıxdığınız məhkəmə işindən daha çox yadınızda hansı qalıb?

- İndiyə kimi parlamentin sədri, baş nazir, baş nazirin müavini, nazirlər səviyyəsində, bir sözlə, prezident vəzifəsində olandan başqa hamını müdafiə etmişəm. Hamısı da maraqlı işlərdir. Hətta mən müdafiə etdiklərim arasında sonradan iki nəfər general oldu. Mən vəkilliyə 1991-ci ildən başlamışam. 1978-ci ildən 1991-ci ilə kimi prokurorluqda işləyirdim, onun da son 8 ilini xüsusilə mühüm işlər üzrə prokuror işləmişəm. 1991-ci ildə vəkil kimi nəyisə eləmək mümkün idi. Bu vəziyyət 1996-97-ci ilə kimi davam etdi. 1997-ci ildən sonra isə bu iş get-gedə çətinləşməyə başladı. 2000-ci ildən sonra isə vəkil kimi, ümumiyyətlə, heç nə edə bilmədik. Mən bunu öz təcrübələrimə əsasən söyləyirəm. Bir ara məhkəmədə heç nə edə bilməyən vəkillər artıq mətbuat konfransları keçirib, cəmiyyətə sözünü bu cür çatdırırdı. Özü də deyim ki, bu işlər bir ara əməlli-başlı dəbdə idi. Mətbuat konfransının keçirilməsinin əsas səbəbi isə o idi ki, məhkəmədə sənə qulaq asan yoxuydu.

- Siz Zakir Nəsirovu müdafiə edəndə çoxları təəccüblənmişdi. Çünki onun adı Rövşən Əliyevin qətlində hallanırdı, sizin də mərhumla çox yaxın münasibətlərinizin olduğunu bilirdik. Necə oldu ki, Z.Nəsirovu müdafiə etməyə razılaşdınız, onunla əvvəlcədən münasibətiniz var idi?

- Var idi. Amma Rövşən Əliyevlə münasibət Z.Nəsirovla münasibətdən daha yaxın idi. O vaxt KİV-ə də bu barədə açıqlama verdim. Z.Nəsirovla müqaviləni yalnız bir sualıma səmimi cavab aldıqdan sonra bağladım. Sualım isə R.Əliyevin qətli ilə bağlı idi. Çox təəssüf edirəm ki, Rövşənin qətli açılmadı, bağlı qaldı. Ən çox istədiyim şeylərdən biri də odur ki, bu qətlin üstü açılsın. Elə məhkəmədə də Rövşənin işi ilə bağlı mənim mövqeyim dövlət ittihamçılarının mövqeyindən daha sərt idi. Hacı deyirdi, açaram deyərəm, amma heç nə demirdi. Bir həftə əvvəl də Z.Nəsirovla görüşdük, elə o da deyir ki, mən səni başa düşürəm, nə bacarırdın elədin.

- Demək olar ki, Azərbaycanda baş verən bir çox səsli-küylü kriminal hadisələr barəsində sizin məhkəmələr və ya mətbuat vasitəsilə fikirlərinizi öyrənə bilmişik. Sizin general Rail Rzayevin qətli ilə bağlı fikirlərinizi bilmək də maraqlı olardı...

- Mən çalışıram ki, əmin olmadığım işdən danışmayım. Bu işlə əlaqədar müəyyən fikirlərim var. Amma hesab edirəm ki, bunları açıqlamaq tezdir. Bilirsiniz, bir, hətta üç parametrlə versiya irəli sürmək mümkün deyil. İndi bu qətllə bağlı da qeyri-peşəkar versiyalarla rastlaşırıq. Məsələn, bəziləri deyir ki, bu qətl ya daxildən, ya xaricdən sifariş edilib. Məgər başqa variant da var? Çox gülməlidir. Əgər deyilsəydi ki, məsələn, daxildən məişət zəminində olub, başqa məsələ. Açığı, bu qətllə bağlı durumu heç cür başa düşə bilmirəm. Rəsmi məlumatlar nə üçün bu qədər gizlədilir? Hesab edirəm ki, KİV-ə hər gün bu qətllə bağlı məlumatlar verilməlidir. Məsələn, bir ara söz atdılar ki, general deyilən yerdə qətlə yetirilməyib. Amma çox sağ olsunlar, çıxıb dedilər ki, yox, biz müəyyən etmişik, elə həmin yerdir. Yaxşı, həmən yerdirsə, 4 tərəfdə kameralar, siz nədən bu qətllə bağlı əlavə heç nə deyə bilmirsiniz? Axı indi iddia olunur ki, onu damlardan yox, elə yaxınlaşaraq vurublar. Demək, bu işlə bağlı mütləq videogörüntülər var. Bəlkə həmin görüntülərə düşəni və ya düşənləri kimsə tanıyacaq. Türkiyədə erməni baş redaktor qətlə yetiriləndə həmin qətllə bağlı əldə edilən videolentlər nəinki Türkiyədə bütün dünyada göstərildi.

- Generalın qətldən 3 gün əvvəl Hərbi Prokurorluqda ifadə verməsi ilə bağlı söz-söhbət var. Sizcə, qətlin bu istintaqla bir əlaqəsi ola bilər?

- Əvvəlcə müəyyənləşdirmək lazımdır ki, onun ifadə verməsi nə qədər doğrudur. Bu barədə sözləri kim deyir? Rəsmi orqan? Hələ başqa bir söhbət də var idi. Mənim yanıma gələn bir adam dedi ki, Rail Rzayev ölməmişdən qabaq gedib özünə qəbir qazdırıb. Bu məsələ mənim özümə də maraqlı gəldi və öyrəndik ki, doğrudan da general ölməzdən əvvəl özünə qəbir qazdırıbmış. Bilirsiniz, əgər general hadisədən 3-4 gün əvvəl qəbir qazdırsaydı, burada nəsə axtarmaq mümkün idi. Amma o, bu qəbiri xeyli əvvəl qazdırıbmış. İndi Azərbaycanda ölməzdən əvvəl qəbir qazdırmaq, qəbir yeri götürmək bir dəb halını alıb. Hətta bəziləri başdaşını da hazırlatdırır. Hərbi prokurorluğa ifadə verməklə bağlı fikri təkzib edirlər, yenə bu durumda heç nə söyləmək olmur. Həqiqətən prokurorluqda olubsa, bu, çox ciddi məsələdir. Hacı Məmmədovun işində Ruslan Ukuşov adlı birisinin adı keçirdi. O, 1998-ci il dekabr ayının 16-da Şırxan Abdiyevin ölümü ilə əlaqədar prokurorluqda ifadə verib. Bu adam Şırxanı Hacı Məmmədovun evinə gətirmişdi və orda da öldürmüşdülər. Qətl hadisəsi isə 1998-ci ilin mayında olub. İfadə veridyinin səhərisi günü onu dağdan aşağı buraxmışdı. Yəni sözüm ondadır ki, istintaqa ifadə veribsə, bu məsələni ciddi araşdırmalıdırlar.

- Söhbət Hacı Məmmədovdan düşmüşkən, onunla bağlı aparılan yeni istintaq hərəkətləri nə yerdədir, bu məsələ nə üçün bu qədər uzadır?

- Bəs Hacı Məmmədovu MTN-in istintaq təcridxanasında başqa nə cür saxlaya bilərlər? Hər dəfə təzə bir hal tapıb, mümkün qədər onu MTN-də saxlamağa çalışacaqlar. Qanun-qaydaya əsasən Hacı Məmmədov MTN-in təcridxanasından çoxdan göndərilməliydi. Hesab edirəm ki, növbəti dəfə Novxanıda itkin düşən adamlarla bağlı istintaq hərəkətlərinə başlayacaqlar. Məhkəmədə də biz bu işlə əlaqədar məlumat verdik. Mətbuatda bu barədə yazıldı. Amma istintaq heç bir araşdırma aparmadı.

- Səhv etmirəmsə, iki oğlunuz, var onların hüquqşünas olmağını istəyərdiniz?

- İstəməzdim demək bəlkə doğru olmazdı. Amma onların başqa sənət sahibi olmaqlarını istərdim. Amma böyük oğlum artıq qərar verib, hüquqşünas olmaq istəyir. Gələn il orta məktəbi bitirir. Balaca hələ fikirləşir, hərdən deyir ki, bəlkə diplomat oldum. Mənim atam da hüquqşünas olub. Amma onu deyim ki, mənim daha çox riyaziyyata meylim olub. Bunun da səbəbi o idi ki, anam riyaziyyat müəllimi idi. Amma hüquqşünas oldum. Lakin riyaziyyatı bilməyim həyatda həmişə köməyimə gəlib. 500 səhifəlik cinayət işi oxuyum, ilkin səhifələrdə gördüyüm rəqəmlə sonuncu səhifələrdə rastlaşdığım rəqəmləri tutuşdurub, işdə yeni bir halı ayırd edə bilirəm. Çoxları buna təəccüb edir.

- Siz müstəntiq Adil İsmayılovdan daha çox razısınız, yoxsa vəkil Adil İsmayılovdan?

- Müstəntiqdən... Mən müstəntiq olarkən daha sərbəst və müstəqil şəkildə işimi görə bilirdim. Düzü, yadıma gəlmir, mənə kimsə desin ki, bu işdə filan mərhələdə dayan. Düzdür, bəzi işlərdə mənə deyiblər ki, bu işdə filankəsi tutmaq lazımdır. O zaman da biz həmin adamın tutulmasını əsaslandırmışıq. Əsaslandırmasan, sabah bu işdən Azərbaycandan uzağa da şikayət edə bilərdilər. Amma öz ərizəmlə getmişəm işdən. O zaman düşünürdüm ki, müstəqillik qazanmışıq və normal dövlətdə elə ən yaxşı hüquqşünas vəkildir.

- Bir daha prokurorluğa qayıtmaq istəyərdiniz?

- Müstəntiq kimi yox. Oradan çıxanda da demişəm ki, prokurorluğa bir də baş prokuror kimi qayıdaram. Hər şey mümkündür.

Səbinə Əvəzqızı

# 4997
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar