Təhsil Nazirliyi Elşad Abdullayevin rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Universiteti bağlandıqdan sonra başqa ali təhsil müəssisələrində təhsilini davam etdirmək istəyən, ancaq indiyə qədər buna nail ola bilməyən tələbələrin durumuna aydınlıq gətirib.
Lent.az-ın verdiyi məlumata görə, Nazirliyin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, 2004-cü ildən sonra müxtəlif xarici ölkə ali məktəblərindən ABU-ya Təhsil Nazirliyinin razılığı olmadan, saxta sənədlər əsasında köçürülən, xaricdə təhsil aldığı ali məktəbin adını belə bilməyən bir çox tələbə təhsilini davam etdirmək üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edirlər: “Belə tələbələrin əksəriyyəti ərizələrində birinci kursda Rusiyanın (Stalski adına Açıq Sosial Universiteti, Ş. Şamil adına Qafqaz Xalqları Universiteti, Dərbənd Humanitar İnstitutu, Moskva Dövlət Sosial Universitetinin Mahaçqala filialı və s.) və ya Ukraynanın (Heyətin İdarəolunması Beynəlxalq Akademiyası və s.) müxtəlif ali məktəblərində təhsil aldıqlarını və sonradan ABU-ya köçürüldüklərini bildirib və onların təhsilini başa vurmalarına köməklik göstərilməsini xahiş ediblər. Lakin Təhsil Nazirliyi tərəfindən onların 1-ci kursda təhsil aldıqları ali məktəbə sorğular göndərildikdə həmin tələbələrin orada təhsil almadığı və ümumiyyətlə, bir çox ixtisasların həmin ali məktəbdə olmadığı göstərilirdi. Nəzərinizə çatdırırıq ki, bu günə qədər bu qəbildən olan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdirilməyiblər. Yalnız belə vətəndaşların şikayəti əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq başa çatdıqdan sonra bu tələbələrlə bağlı istintaqın yekunlarına uyğun qəbul olunmuş qərara əsasən tədbirlər görüləcək”.