"Vəkillərin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər xüsusi önəm kəsb edir. Vəkillik institutu son illər çox inkişaf edir və bu sahədə böyük işlər görülür".
Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, prezidentin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamda da Vəkillər Kollegiyasına üzvlərinin sayının artırılması, eyni zamanda gənc hüquqşünasların vəkilliyə qəbulu ilə bağlı dəyərli tövsiyələr mövcuddur:
"Vəkillər Kollegiyası bu tövsiyələri diqqət mərkəzində saxlayır. Bu gün Vəkillər Kollegiyasının həyatında önəmli gündür. Belə ki, ilk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb. Ölkədə 1039 nəfər vəkil fəaliyyət göstərir. Bugünkü andiçmə mərasimində yazılı imtahanı, şifahi müsahibəni, tədrisi uğurla keçən 90 nəfər namizəd təntənəli sürətdə Vəkillər Kollegiyasına qəbul olunub. Bu namizədlər respublikanın bütün regionlarında fəaliyyət göstərəcək, insanlarımıza yüksək keyfiyyətli hüquqi yardım göstərəcəklər. Çalışırıq ki, bu işi daim davam etdirək. Hazırda kollegiyaya qəbul davam edir. Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayırıq. Kollegiyaya qəbul edilən namizədlərin 80 faizə qədəri 40 yaşına kimi olan hüquqşünaslardır. Bu onu göstərir ki, hazırda vəkilliyə gənc hüquqşünaslar böyük maraq göstərirlər. Bu da sevindirici haldır".