Azərbaycan Respublikasının Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi“Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətimizə tanıdılması” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində ilkin olaraq cəbhə bölgəsində Ağdam, Bərdə və Tərtər rayonlarında gənclərlə görüşlər keçirilib.
Lent.az-ın məlumatına görə, növbəti iki görüş isə Bakı şəhərində Nərimanov rayonu 39 nömrəli tam orta məktəbdə və Nəsimi rayonu 151 nömrəli tam orta məktəbdə keçirilib. Bakı şəhərində keçirilən görüşlərdə Nərimanov rayonu 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova, Nəsimi rayonu 151 nömrəli tam orta məktəbin direktoru Kifayət Tanrıverdiyeva, "Qarabağ Əlilləri və Veteranları" İctimai Birliyinin sədri Növrəstə Yusifova, “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyinin sədr müavinləri ehtiyyatda olan polkovnik Hikmət Ağayev, ehtiyyatda olan polkovnik Həsən Əmirov, 2016-cı il aprel döyüşlərinin iştirakçıları, ehtiyyatda olan baş leytenant Məmmədov Loğman, gizir Ağayev Elməddin iştirak edib.
Görüşlər şəhidlərimizin ruhunun bir dəqiqəlik sükütu və dövlət himnimizin səsləndirilməsilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli layihə haqqında məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş hərbçilərimizin gənclər arasında təbliğ olunmasından və gənclərimizdə vətənpərvərlik ruhunun artırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsindən ibarət olduğunu vurğulayıb. Çıxışına davam edən layihə rəhbəri şəhidlərimizin cəmiyyətə tanıdılması, hər daim onların xatirələrinin əziz tutulması, onların qəhrəmanlıqlarının və həyat yolunun təbliğ olunması istiqamətində keçirilən tədbirlərin müharibə şəraitində olan ölkəmizin cəmiyyəti üçün mühüm olduğunu ifadə edib. Qeyd olunub ki, məhz bu kimi tədbirlər xüsusən orta ümümtəhsil məktəblərində mütəmadi olaraq keçirilməlidir çünki məktəbli uşaq və yeniyetmələrin bir vətəndaş kimi böyüməsində ailənin, cəmiyyətin, ümumilikdə, mühitin rolu böyükdür. Bizlərdə vətəndaş cəmiyyəti inistutları olaraq yetişən gənc nəslin vətənpərlik ruhunda böyüdülməsinə bu kimi tədbirlərlə töhfələr verməliyik. Layihə rəhbəri bu gün şəhid ailələrinə göstərilən dövlət qayğısından da söz açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq son 15 ildə müharibə əlillərinin, şəhid ailələrinin eləcədə bu kateqoriyadan olan digər insanların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalanıb, bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir.
Digər çıxış edənlər keçdikləri döyüş yolundan, şəhidlərimizin qəhrəmanlıqlarından o cümlədən Azərbaycan Ordusunun qüdrətindən danışaraq bu kimi tədbirlərin mütəmadi keçirilməsinin gənclərimiz arasında vətənpərvərlik ruhunun artırılması işinə mühüm töhfə olduğunu bildirdilər. Tədbirlər məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya və sənədli film nümayişi ilə yekunlaşdırılıb. Sonda layihə çərçivəsində hazırlanmış bukletlər görüş iştirakçılarına paylanılıb.