“Sentral Rusiya kriminal tarixinin özünəməxsus bir hissəsidir, biləsən. Hər kamerası tarixdir. Məsələn, mən bir vaxtlar Budyonnının arvadının yatdığı kamerada qalırdım. Bu həbsxanadan qaçmaq sadəcə mümkün deyil. Tikildiyi 200 ildə buradan bircə dəfə qaçış olub. Onda da Frunze qaçıb. Qırğızıstanın paytaxtı Frunze şəhəri yadında? Onun adını vermişdilər şəhərə. İnqilabçıydı axı. Ona da gözətçilər kömək ediblər qaçmağa. Başqa cür mümkün deyil”.
Şaiqlə elə Vladimir Sentraldan danışacağıq. Onun dəhşətlərindən, orada yatan azərbaycanlılardan və başqa məşhurlardan…
(Əvvəli bu linkdə http://news.lent.az/news/244710)
- Zorlamaya görə yatanlar çox idi Sentralda. Onların yeri bilirsiz də haradır? İkinci yerdə narkotik alverçiləri gəlirdi. Aralarında təsadüfən bura düşmüş azərbaycanlılar da vardı. Bir vardı Şelkovskdan. Rəmziydi adı. Özü satmağı cəhənnəm, arvadını, qızını, 15 yaşlı oğlunu da qoşmuşdu bu işə. Yumşaq davrandılar, vallah, bunları ailəlikcə içəri atmadılar. Arvadını və uşaqlarını deportasiya elədilər, özünə iş vermişdilər təkcə. Amma Sentralda yatanların böyük hissəsi uzun müddət həbsə məhkum olunanlar idi.
Həmsöhbətimizin dediyinə görə, uzun müddət həbs cəzası alanlar ən azı 15 il Sentralda yatmalıydılar. Bundan sonra onları başqa yerə köçürürdülər.
- Ən təhlükəlilərini, belə deyək, residivistləri Permə, “Belıy Lebed”ə göndərirdilər.
“Belıy Lebed” də Sentral kimi çox ağır yer idi. Burada da əvvəllər Stalin repressiyasına məruz qalanlar saxlanılıb. Sizə bir söz deyim, nə qədər qəddar rejim olsa belə, burada qanuni oğruların qoyduqları qaydalar işləyib, obşak olub. Sovet hökuməti fikirləşirdi ki, ən intizamsızları, “bespredelnik”ləri, residivistləri bura islah olunmağa göndərəcək, amma yanılırdı. Çünki oğru qaydaları burada daha çevik işləyirdi. Təsəvvür eləyin, mən yatdığım vaxtlarda Sentrala gündə oradan bir xəbər gəlirdi. Filankəsə “vor” adı verildi. 90-cı illərdə “Belıy Lebed”də 150 nəfərə “vor” adı verilmişdi. Onlardan 3, ya 4-ü azərbaycanlıydı.
Sizə bir söz də deyim. Elə Batyaya, yəni Bəxtiyara “vor” adını verən Vasya Brilyant da “Belıy Lebed”də öldü. Onun ölümü hələ də müəmma olaraq qalır. Deyilənə görə, onu yatdığı yerdə boğub öldürmüşdülər. Amma sonradan onun ölümü özünü asmaq kimi qələmə verildi. Sentraldan təzə aparmışdılar ora. Bəlkə də ölümünü planlaşdırmışdılar.
Şaiq deyir ki, Sentralda belə cinayətlərin baş verməsi sadəcə mümkün deyildi. Çünki həbsxana rəhbərliyi özbaşınalığın baş verməsinə imkan vermirdi.
- Həm də Sentral “Belıy Lebed”ə baxanda nə qədər sərt idisə, bir az da, necə deyərlər, elitar yer sayılırdı. Təsəvvür edin, burada kimlər yatmışdı! Muzeyi var axı oranın, orada görmüşdük. Feldmarşal Evald, feldmarşal Ferdinand Şerner, Berlinin komendantı Helmut Veydlinq, general Paulys, onlardan başqa 40-dan çox əsir alınmış yapon generalı.
Onların qəbirləri bilirsiniz haradadır? Yox, gizli dəfn edilməyib. Elə türmənin yaxınlığındakı qəbiristanlıqdadır. Hamısı da ədəb-ərkanla orada basdırılıb. Sovetin də çox tanınmışı yatıb burada. Mixail Frunze, yazıçı Vladimir Bukovski, Leonid Borodin, Yanoş Kadar. Bilirsən kimdi bu Kadar? Macarıstanını birinci katibi olub 30 il. Danışırlar ki, hər dəfə SSRİ-yə rəsmi səfərə gələndə proqramda dəyişiklik edirmiş. Brejnevdən xahiş edirmiş ki, məni Vladimirə aparın. O, Sentrala gələndə bütün dustaqları kameralara yığırmışlar. Heç kimi buraxmırmışlar. 1 saat, özü də təkcə, heç kimi yanına buraxmadan vaxtyıla əyləşdiyi kamerada oturub, gedərmiş. Vallah, nə üstə tutulub, bilmirəm. Amma yatıb dəqiq. Çünki ondan o qədər əhvalatlar danışırdılar ki! Elə Stalinin oğlu Vasili də burada yatıb. Ondan başqa, Budyonnının arvadı, xeyli şair və yazıçı…
Yazıçı demişkən, Bukovski Vasya Brilyantla çox yaxın olub burda. Vasya Brilyant sonradan türmə yoldaşlarına danışırmış ki, Sentralda Bukovski ilə söhbətlərin birində o, “bratva”nı siyasətə çəkməyə çalışırdı. İstəyirdi ki, oğru dünyası dissidentlərə dəstək versin! “Ona dedim ki, bizim sahibimiz olmur, amma dissidentlərin ağaları Qərbdə əyləşib”.
Şaiq deyir ki, burada çox nadir hallarda qanuni oğrular öz bildiklərini edə bilirmiş.
- Bir-iki ay bundan əvvəl Həmzə ləqəbli bir oğrunun döyülməsiylə bağlı televizorda bir xəbər getdi. Guya bu “qanuni oğru” imiş, həbsxanada bunu bərk döyüblər, qiyam qalxıb, böyük gərginlik yaranıb. Onun döyülməsində həbsxana rəhbərliyi də iştirak edibmiş. Düzü, bu mənə inandırıcı gəlmədi. Çünki döyülən oğru uşağa oxşayırdı. Və ilk dəfəydi ki, belə bir ad eşidirdim. Yəni Rusiya ərazisində tanınmış deyildi. Sentral kimi ciddi rejimli bir yerdə o qədər də tanınmayan bir nəfərə görə bunt qaldırılması mümkün deyildi. Hə, əlbəttə, Vaska Brilyant, elə Bəxtiyara görə də bunt qalxardı, hətta o yana da keçərdi. O dövrün klassik “vor zakon”arı indi yoxdur. Tutaq ki, hansısa nadzor Vaska və ya rəhmətlik Batya ilə kobud danışa bilərdi? Bu mümkün deyildi. Həm də onlar da özlərini o yerə qoymazdılar. Hamısının çəkisi vardı.
Həmsöhbətimizin dediyinə görə, o cəzasını çəkən illərdə “Vladimirskiy Sentral”da 20-yə yaxın qanuni oğru yatırmış.
- Düzdür, aralarında azərbaycanlı yox idi. Çoxu rus və gürcüydü. Heç nəyə qarışmırdılar. Bütün günü kitab oxuyur, nərd oynayır, günlərini yola verirdilər. Stajlı məhbuslar deyirdilər ki, 50-ci illərdən üzübəri “Vladimirskiy Sentral”da ən azı 600 nəfər qanuni oğru cəza çəkib. Yox, onlar klassik oğrular olublar. Heç bir qayda-filan dəyişməyiblər. Sadəcə, cəzalarını çəkiblər, “bespredel”ə imkan verməyiblər.
(Davamı olacaq)