Biz onların yalnız rəsmi tərəfini görüb, tanıyırıq. Ancaq rəsmilərin də qeyr-rəsmi tərəfləri olur. Lent.az-da yeni layihə olan “Rəsmilərlə qeyri-rəsmi söhbət” layihəsində rəsmilərin qeyri-rəsmi tərəflərini göstərməyə çalışacağıq. Onların rəsmilikdən kənar tərəflərini öz dilindən eşidəcəyik. Beləliklə, Lent.az “Rəsmilərlə qeyri-rəsmi söhbət”ini təqdim edir. Növbəti qonağımız isə tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının üzvü, AMEA-nın yeni yaradılan Dünya Siyasəti İnstitutunun direktoru Musa Qasımlıdır. M. Qasımlı 1957-ci il oktyabrın 28-də Yardımlıda anadan olub. 1974-cü ildə orta məktəbi tərifnamə ilə bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının aspiranturasında oxuyub. 1986-cı ildə namizədlik, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə edib. Ölkədə ən gənc tarix elmləri doktoru olmuşdur. Beynəlxalq münasibətlər tarixi üzrə ixtisaslaşıb. 1986-1992-ci illərdə BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasında müəllim, baş müəllim,dosent, tarix fakültəsinin dekan müavini vəzifələrində çalışıb. BDU-nun Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının professorudur.
“İşin ağırlığını və məsuliyyətini dərk edirəm”
- Dünya Siyasəti İnstitutuna direktor təyinatı mənə göstərilən böyük etimaddır. İşin ağırlığını və məsuliyyətini dərk edirəm. Bizdə indiyədək belə bir elmi-tədqiat institutu olmayıb. İş sıfırdan başlayır. İlk işim institutun strukturunu, başlıca tədqiqat istiqamətlərini və fəaliyyət sahələrini müəyyənləşdirmək, savadlı, bacarıqlı kadrlar seçməkdir. Formalaşmanın birinci mərhələsi başa çatdıqdan sonra inanıram ki, biz ilk elmi məhsulumuzu təqdim edə biləcəyik.
“Təhsil şöbələri təhsilimizə keyfiyyət gətirməlidirlər”
- Dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Azərbaycan təhsili – həm orta, həm ali, həm də texniki-peşə təhsilimiz böyük bir inkişaf yolu keçib. Biz sovet təhsil sistemindən yeni bir sistemə keçmişik. Müvafiq qanunlar qəbul edilib, normativ-hüquqi baza yaradılıb. Nəinki iri şəhər və rayonlarımızda, hətta ən ucqar kəndlərdə, 20 ev olan kəndlərdə belə, ən müasir tələblərə cavab verən, müvafiq maddi-texniki bazası, idman zalları və s. ilə məktəb binaları tikilib istifadəyə verilib. Bu, bizim tariximizdə görünməmiş işlərdir. Hamısı Azərbaycan vətəndaşı üçün edilib. Dərsliklərimiz hazırlanıb. Artıq şagirdlərimiz özümüzün milli dərsliklərimiz ilə məktəbə gedirlər. Hətta rus bölmələrində təhsil alan şagirdlərimiz də milli dərsliklərimizlə təmin edilib. Dövlət məktəbləri ilə yanaşı özəl məktəblər, litseylər açılıb. Ali təhsilimiz də böyük bir yol keçib. Yeni universitetlər açılıb. Demək olar ki, tədris olunan bütün fənlər üzrə dərsliklərimiz tərtib edilib və ya yazılıb. Texniki-peşə məktəblərimizdə də bir canlanma vardır. Dövlət təhsil işçilərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür. Hesab edirəm ki, hazırda əsas iş Təhsil Nazirliyinin, şəhər və rayon təhsil şöbələrinin, həmçinin bilavasitə məktəb direktorları, direktor müavinləri və müəllimlərin üzərinə düşür. Onlar təhsilimizə keyfiyyət gətirməlidirlər. Şagirdlərin daha yaxşı bilik almalarına çalışmalıdırlar. SSRİ dağıldıqdan sonra məktəblərimizə təhsildən uzaq olan bəzi şəxslər, nə qədər acınacaqlı olsa da, hətta keçmiş kolxoz sədrləri, sovxoz direktorları gəlib doluşdular təhsilə, məktəb direktorları oldular və məktəbə tamam fərqli meyarlarla baxmağa başladılar. Hesab edirəm ki, indi təhsilimzdə ciddi kadr islahatları getməlidir. Məktəblərimiz təhsilə yad olan şəxslərdən təmizlənməli, təhsil sistemimizdə bilavasitə bu işə könül bağlayan şəxslər işləməlidir. Müəllim əməyinin qiymətləndirilməsində sosializm qalığı olan bərabərliyə son qoyulması istiqamətində işlər görülməlidir. Müvafiq icra orqanı tərəfindən bunun mükəmməl meyarları hazırlanmalıdır ki, əməyin qiymətləndirilməsində heç bir subyektivliyə yol verilməsin.
“Təvazökarlıqdan uzaq olsa da...”
- Elmimizin vəziyyətinə müqayisədə qiymət vermək doğru olar. Sovet dövründə Azərbaycan müstəqil deyildi, elmimiz əsasən Moskva, Leninqrad və digər şəhərlərə çıxdıqda fəxr duyulardı. Bir tarixçinin Moskva, Leninqrad və b. şəhərlərdə əsərinin nəşr olunması hadisə sayılardı. Azərbaycan alimlərini xaricə buraxmazdılar və ya çox az buraxardılar. Dövlət müstəqilliyi bərpa edildikdən sonra isə elmimizin müstəqil inkişafı üçün əlverişli şərait yarandı. Doğrudur, bu proses ağrısız olmadı. Ermənistanın ölkəmizə qarşı təcavüzü, onun ağır nəticələri, bəzi rəsmi şəxslərin akademiya elminə laqeyd yanaşaraq, AMEA-nı bağlamaq istəmələri, maaşların azlığı və s. İndi isə fərqli bir mənzərə yaranıb. Artıq Azərbaycan alimləri xarici universitetlərdə mühazirələr oxuyurlar, əsərləri nəşr edilir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim 13 xarici ölkədə 11 kitabım, 50-dən çox elmi məqaləm və tezisim ingilis, rus, rumın, ispan, türk, polyak, fars və b. dillərdə işıq üzü görüb. Sovet dövründə bu, mümkün olan bir şey deyildi. Son illərdə prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində Azərbaycan elminin inkişafında yeni bir mərhələ başlayıb. AMEA-nın elmi kitabxanası, Azərbaycan Milli Ensiklopediyası üçün müasir binalar tikilib. Akademiyada struktur islahatları həyata keçirilir. Yeni institutlar yaradılır. Elmi araşdırmaların istehsalata tətbiqi üçün işlər görülür. Universitet elmi də yenidən qurlur. Prezident yanında Elmin İnkişafı Fondu qurulub. Artıq hər bir istedadlı gənc aktual hesab etdiyi problem üzrə layihəni əsaslandırıb fonda təqdim edə və qrant uda bilər. İndi xarici ölkələrdə Azərbaycan alimlərinin əsərləri – monoqrafiyaları, məqalələri nəşr edilir, universitetlərdə dərs verirlər və s. Onlar Azərbaycanda təhsil alıb və çoxu dissertasiya işlərini ölkəmizdə müdafiə ediblər.
“Xarici dilləri bilən gənc elmə deyil, xarici şirkətdə işləməyə üstünlük verir”
- Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. İndi bir çox gənclər həyatını sürətli şəkildə daha tez və yaxşı qurmaq üçün çalışır. Daha çox əmək haqqı olan yerdə işləməyə gedir. Əgər bir gənc xarici dilləri yaxşı bilirsə, elmə deyil, xarici şirkətlərdə, özəl müəssisələrdə və dövlət orqanlarında işləməyə üstünlük verir. Bildiyiniz kimi, akademiya sistemində maaşlar yüksək deyil. Hesab edirəm ki, əmək haqqının ödənilməsi sistemində sosializm qalığından – əməyin nəticəsinin bərabər ödənilməsi prinsipindən imtina etmək zamanı gəlib çatıb. Hər bir alimin əməyinin qiymətləndirilməsi işin nəticəsinə, verdiyi məhsula görə olmalıdır. Bunun üçün zəruri olan standartları işləyib hazırlamaq lazımdır. Yeni sistem tətbiq edilərsə, o zaman hər bir alim biləcək ki, nə qədər elmi məhsul veribsə, ona uyğun da əmək haqqı alır. Bununla elmimizə sağlam rəqabət gələcək, xaricdə əsərlər daha çox nəşr ediləcək, elmə ayrılan büdcə xərcləri, az və ya çox olsun, fərqi yoxdur, lazımi yerə xərclənəcək, alim də narazı qalmayacaq.
“ABŞ-ın xarici siyasətində olan ikili standartlar...”
- Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi başlayarkən təbliğat və ideoloji hazırlıq baxımından ermənilərin öndə olması, bizim hazırlıqsız yaxalanmağımız, erməni lobbisi və diasporasının qatı antitürk, antiazərbaycan fəaliyyəti, bir çox Avropa dövlətlərinin və ABŞ-ın xarici siyasətində olan ikili standartlar, onların regionu yaxşı bilməmələri, ermənilərin həmin ölkələrdə saxtakarcasına din amilindən istifadə edib, guya “müsəlmanlar arasında sıxışmış vəziyyətdə qalmalarını” təbliğ etmələri, müsəlman, xüsusən ərəb ölkələrində isə münaqişənin din ilə bağlı olmadığına dair yalan təbliğat aparmaları, regionda maraqları olan dövlətlərin mənafelərinin toqquşması ilə və s. Amma son illərdə prezident İlham Əliyevin “hücum diplomatiyası” taktikasını irəli sürməsindən sonra biz iki əsrdən çox müddətdə davam edən erməni yalanına qarşı öz həqiqətlərimizi qoya, keçdikləri yolu qısa müddətdə keçərək xeyli işlər görə bilmişik.
“SSRİ-nin yenidən yaradılması mümkün deyil”
- SSRİ-nin və ya adı fərqli olsa da, ona bənzər bir qurumun yaradılması həm obyektiv, həm də subyektiv amillər səbəbindən mümkün deyil. Hər şeydən əvvəl, ona görə ki, yeni müstəqil dövlətlərin xalqları və dövlətlərini idarə edənlər təzədən kiminsə hökmranlığı altında yaşamaq istəmirlər. Bunun acı təcrübəsinin nə olduğunu bilirlər. Onlar müstəqil olaraq özləri öz talelərini həll edirlər. Təbii sərvətlərini milli sərvətə çevirib, milli inkişafları üçün istifadə edirlər. İkincisi, dünya indi tamam fərqli bir dünyadır. Daha heç bir ölkə SSRİ kimi bir ölkənin yenidən dünya siyasəti meydanına çıxmasına və hökmranlıq etmək cəhdlərinə imkan verməz. Üçüncüsü, 80-ci illərin sonlarında və 90-cı illərin əvvəllərində Rusiyanı idarə edənlər ədalətsiz və qərəzli davranmaları ilə xaqların yaddaşında çox pis xatırlanan pozulmaz izlər qoyublar.
“Bütün zənglərə cavab verirəm”
- Ölkədə olarkən həftədə bir və ya iki dəfə Sumqayıta gedirəm, seçicilərimlə görüşürəm. Dəvət olunaramsa, toy məclislərində iştirak edirəm. Yas məclisləri haqqında xəbər tutduqda gedib iştirak edirəm. Telefonum 24 saat açıq olur. Tanıdım, tanımadım, fərqi yoxdur, bütün gələn zənglərə cavab verirəm. 2010-cu ildən bəri seçildiyim dairədəki bütün orta məktəblərdə olmuşam, mikrorayon və məhəllələrə baş çəkmişəm. İnsanlarla küçədə dayanıb söhbət etmişəm, Milli Məclisə gələnləri dərhal qəbul etmişəm, gözləməyə qoymamışam. Hamı üçün əlçatan deputat olmuşam. Görüşlər zamanı deputat səlahiyyətlərinə aid olan və olmayan məsələlər qaldırılır. Seçicilərin istəkləri əsasən şəhərdə elektrik kabellərinin açıq havada olmasının təhlükəli olması, məhəllələrin abadlaşdırılması və s. ilə bağlı olub. İnsanlarımızın bu günün dünənkindən, sabah isə bu günkündən yaxşı yaşamaq istəyini normal qarşılayıram. Bu yaxşıdır. Həyat standartları yüksəlib. Dünənədək dağılmış, bərbad halda olan böyük küçələrin asfalt olmasını istəyən sakinin heç bir ay keçməmiş həyətdəki asfaltın dəyişdirilməsini, məhəllənin abadlaşdırılmasını və binanın bloklarına girişinə təzə qapıların qoyulmasını istəmələri təkcə səbirsizlik deyil, eyni zamanda indiki hakimiyyətə inamın və etimadın bir nümunəsidir. İnsanlar Azərbaycan hakimiyyətinə inandıqları, etibar etdikləri və yerinə yetiriləcəyi üçün istəklərini dilə gətirirlər. Ancaq bütün bunlar üçün vəsait və zaman lazımdır. Hamısını birdən-birə etmək mümkün deyil. Sovet dövründə deyildiyi kimi, axı, Moskva bir gündə tikilməyib. İndiyədək heç bir seçicinin telefon zəngini və müraciətini cavabsız qoymamışam.
“Özəl elmi-tədqiqat müəssisələrinin yaradılması elmi araşdırmalara rəqabət gətirər”
-Özəl elmi-tədqiqat müəssisələrinin yaradılması elmi araşdırmalara rəqabət gətirər, ziyanı deyil, yalnız faydası olar. İndi onsuz da ölkəmizdə araşdırma mərkəzləri və elmi-tədqiqat işlərinin aparılmasını öz proqramlarına daxil edən QHT-lər var. Elə gənclərimiz var ki, qazandıqları pulları tariximiz və mədəniyyətimizə dair xarici ölkələrin arxivlərində saxlanılan sənədlərin ölkəmizə gətirilməsinə, müxtəlif dillərə tərcümə etdirilməsinə, kitabların nəşrinə xərcləyirlər. Onların özəl elmi-tədqiqat müəssisələri yaratmasının nə ziyanı ola bilər ki?
“Zənglər edirlər, məktub da gəlir”
-Doğulub, boya-başa çatdığım rayondan çoxlu müraciətlər olur. Zənglər edirlər, məktub da gəlir. İmkanlarım daxilində köməklik göstərir, xeyir-şər məclislərində iştirak etməyə çalışıram.
“Hər bir mövzu tədqiq edilə bilər”
- İndi tariximizin tədqiq edilməsi üçün ölkəmizdə ideal bir şərait vardır. Arxivlər təmir edilib, fondlarda olan sənədi almağa heç bir əngəl törədilmir. Xaricdə əsər nəşr etmək imkanları vardır. Sovet dövründə bütün bunlar yox idi. Tarixdə öyrənilməsi qadağan edilən mövzular yoxdur. Hər bir mövzu tədqiq edilə bilər. Ancaq fikrimcə, biz dövlətçilik tariximizin problemlərinin dərindən araşdırılması məsələləri ilə dərindən məşğul olmalıyıq.
“Din dərslərinin keçirilməsinə lüzum yoxdur”
- Azərbaycan islam ölkəsi, dünyəvi dövlətdir. Ölkəmizdə din dövlətdən ayrıdır. Dövlət dindarlar üçün bütün lazımi şəraiti yaradıb. Ölkəmizdə dini təhsil verən məktəblər, hətta Bakı İslam Universiteti fəaliyyət göstərir. Hesab edirəm ki, dövlət və özəl orta məktəblərimizdə və litseylərimizdə din dərslərinin keçirilməsinə lüzum yoxdur. Dinlərlə bağlı məlumatlar “İnsan və cəmiyyət” fənni keçilən zaman onsuz da verilir. Məktəbdə bir din haqqında dərs keçirilərsə, onda gərək digərləri haqqında da keçirilsin. Bu, bizim milli-dövlət maraqlarımıza nə dərəcədə uyğundur? Biz şagirdlərimizə dünyəvi bilikləri verməliyk, hamını azərbaycanlı adı altında birləşdirməliyik, milli və dini birliyimizi parçalamağa yönələn hallara yol verməməliyik . Orta məktəbi bitirən və ruhani olmaq istəyən hər hansı bir gənc Bakı İslam Universitetinə daxil ola, sonra xarici ölkələrdə təhsilini davam etdirə bilər.
“Xeyirxahlıq etməyə çalışıram”
- Peşimançılıq insana xas olan bir hissdir. Geniş bir məfhumdur. Uşaqlıqdan böyüklərimiz bizə deyərdilər: “Axşam yatarkən yorğanınızı başınıza çəkəndə bir fikirləşin: nəyi düzgün, nəyi səhv etmisiniz?”, “Yaradının Ucalığına və Böyüklərin ədalətinə inanın, dünya ədalətli insanların çiyinlərində dayanıb”. Mən özümə hesabat verən, günün sonunda nəyi düzgün, nəyi yanlış, nəyi ədalətli, nəyi ədalətsiz etdiyimi özümdən soruşan bir insanam. Peşimançılıq deyil, “necə daha yaxşı edə bilərdim” üzərində düşünənəm. Xeyirxahlıq etməyə çalışıram. Kim müraciət edirsə, gözümün önünə mənə edilən təmənnasız xeyirxahlıqları gətirib, ümidsiz geri qaytarmamağa çalışıram. Ağlım kəsəndən bəri etdiyim müşahidələr göstərir ki, işi düşdüyü üçün maskalanaraq qapılarda yatanların, gecə yarısı zənglər edərək işinə kömək üçün xahiş edənlərin bəziləri işini “aşırdıqdan” naxələf çıxırlar, nankor olurlar. Bu, kökdən, gendən, ailədən, alınmış tərbiyə və dünyagörüşdən gələn məsələlərdir. Belələrinə sadəcə gülümsünüb, keçib gedirəm.
Uşaq vaxtı bizə deyərdilər: “Həmişə yaxşılıq et, baxma ki, unudulur. Pislik etmə, o heç bir zaman unudulmur”. Əvvəllər bu fikrin dərinliyini dərk etməzdim. İllər keçdikdən sonra başa düşdüm ki, həqiqətən də edilən pislik unudulmur, edilən yaxşılıq isə qısa müddətdə “unudulsa” da, onu edən insanın övladlarından hansısı ilə üz-üzə gəldikdə belə, edilən xeyirxahlığı xatırlayırsan və həmin insanı, onun övladını özünə doğma bilirsən, edilən xeyirxahlığın əvəzini çıxmaq istəyirsən...