Bakının Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması faktına görə başlanmış cinayət işinin istintaqı Baş Prokurorluğun rəhbərliyinin tapşırığına müvafiq olaraq Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsi ilə davam etdirilir. Bu barədə Lent.az-a açıqlamasında Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
Xidmət rəhbərinin bildirdiyinə görə, iş üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanuna müvafiq qərar qəbul ediləcək.
Xatırladaq ki, bu gün Lent.az-da yayımlanan "Yerlə sürüyürdü, bədənimi ütüylə yandırırdı, qarnıma vururdu ki, uşaq düşsün" – BİR GƏNCİN QAN DONDURAN HEKAYƏSİ” yazısının qəhrəmanı Aliyə Mansurova keçmiş əri Rüfət Mehdiyev barəsində dəhşətli faktlar açıqlayıb. 7 aylıq hamilə olan Aliyə Rüfət Mehdiyev tərəfindən çoxsaylı işgəncələrə məruz qalıb.