Ekspert: “Buraxılış imtahanlarının nəticələri dəhşətli deyil”
10 iyun 2015 18:26 (UTC +04:00)

Ekspert: “Buraxılış imtahanlarının nəticələri dəhşətli deyil”

0

 

Bakı şəhəri üzrə keçirilmiş IX və XI siniflərin buraxılış imtahanlarının nəticələrini dəhşətli statistika adlandırmaq doğru deyil. Buraxılış imtahanlarının nəticələrinə əsasən söylənilən “Azərbaycanda təhsil yox səviyyəsindədir” ifadəsi özünü doğrultmur”.

 

Bunu “XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev Lent.az-a açıqlamasında deyib. Bu il buraxılış imtahanlarında göstərilən nəticələrin ötən illə müqayisədə daha yaxşı olduğunu deyən E. Əliyev bildirib ki, bunu təkcə Bakı şəhərində XI sinif  buraxılış imtahanlarında 3 mindən çox şagirdin ötən illə müqayisədə riyaziyyat fənnindən ”4 və 5” qiyməti alması sübut edır: “Məlumdur ki, hazırda orta məktəblərin IX siniflərində buraxılış imtahanları 2, XI siniflərdə isə 3 fənn üzrə aparılır. Bu da məktəbdə tədris olunan fənlərin kiçik bir hissəsini təşkil edir. Hesab edirəm ki, 2-3 fənn üzrə göstərilən nəticələr məktəb təhsilinin keyfiyyətini tam ehtiva edə bilməz”.

 

 

E. Əliyevin sözlərinə görə, Bakı şəhərində keçirilmiş bu ilki buraxılış imtahanlarında ötən illərlə müqayisədə irəliləmələr var. Bu nəticələr 3-4 il əvvəl keçirilən buraxılış imtahanlarının  nəticələrindən daha yaxşıdır. Biz şagirdlərin nailiyyətlərini təhlil edərkən hər bir qiymət üzrə nəticələri nəzərdən keçirməliyik. Bəzən imtahanda “2” və “3” qiymətləri eyni götürülür.  Bu, doğru deyil. “Buraxılış imtahanlarında “4”, “5” və hətta “3” alanlar imtahandan keçmişlər hesab olunurlar. Təhsilin inkişafı üzrə dövlət strategiyasının icrası nəticəsində hər il buraxılış və qəbul imtahanlarında irəliləyiş gözlənilən olacaq. Strategiya əsasında təhsilverənin peşəkarlığının yüksəldilməsi, məktəb mühitinin yaxşılaşdırılması, məktəb direktorlarının təlimlər əsasında təyin olunması, müəllimlərin əmək haqqının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb.  Sadalananlar keyfiyyətə təminat verən amillərdir.

 

Son iki il ərzində təhsillə bağlı faydalı islahatlardan biri kimi Bakı şəhərində müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsini və bunun əsasında onların əmək haqqının 30-40% artırılmasını misal göstərmək olar.  2013-cü ilə qədər təhsildə aparılan islahatlara 100 milyonlarla manat vəsait ayrılıb. Ancaq nəticələr qənaətbəxş deyil. Son iki ildə aparılan islahatlara hökumətin elə də güclü maliyyə dəstəyi hiss olunmur. Ancaq ortada yaxşı nəticələr var. Bu onu göstərir ki, istək olarsa, çox işlər görmək olar. “Müəyyən vaxtdan sonra islahatların nəticələri özünü aydın göstərəcək. Təhsilin İnkişafı üzrə Dövlət  Strategiyası və “Təhsil haqqında” qanun təhsilimizin  qarşısında böyük vəzifələr qoyur. Bu mürəkkəb vəzifələrin layiqincə yerinə yetirilməsi işində təkcə Təhsil Nazirliyinin gücü yetərli ola bilməz. Cəmiyyətin bütün təbəqələri bu prosesdə aktiv iştirak etməlidir. Vaxtaşırı məktəb tədqiqatları və monitorinqlər aparılmalı və nəticələr ictimaiyyətin diqqətinə çatdırılmalıdır”.

 

 

Gələcəkdə buraxılış imtahanlarında  fənlərin sayının  artırılmasını təklif edən E. Əliyev bildirir ki, bununla şagirdlər daha çox fəndən biliklərinin yoxlanılması imkanını qazanacaqlar: “Bir çox ölkələrdə buraxılış imtahanları 7-8 fənn üzrə keçirilir. Gələcəkdə  buraxılış imtahanının 5 fənn üzrə keçirilməsinin aktuallığı diqqət mərkəzində olmalıdır. Bu həm qəbul imtahanlarına keçidi asanlaşdıra, həm də məktəbdəki tədrisin keyfiyyətinə dəqiq qiymət vermək imkanı yarada bilər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar