Dünyada 4 milyondan biri: “Oğlumla eyni yaşdayam”  - MÜSAHİBƏ
28 fevral 2018 12:40 (UTC +04:00)

Dünyada 4 milyondan biri: “Oğlumla eyni yaşdayam” - MÜSAHİBƏ

0

Sabah 29 fevraldır. Yox, sabah martın biridir. Yarımçıq ayın 29-cu günü isə 4 ildən bir təqvimdə görünür. Bunun da səbəbi var. Və artıq bu barədə, yəni məsələnin astroloji tərəfləri barədə çox yazılıb, sizi yormaq istəməzdik. Amma burda bir məqamı xüsusi qeyd etməliyik. Biləsiniz ki, 29 fevral ad günü ilə doğulmaq şansı 1461-dən 1-dir.  Və bu gün dünyada 4 milyondan bir qədər çox insan var ki, doğum gününü məhz 29 fevral kimi rəsmiləşdirib. O 4 milyondan biri də Natiq Səfərovdur.

 

Səfərov Natiq Məhəmmədli oğlu 1984-cü il fevralın 29-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 34 yaşı var. Amma özünün də dediyi kimi vur-tut 8 dəfə qeyd edib ad gününü. Zarafatca da deyir ki, “hələ 8 yaş 6 aylığam”.

 

- Ad gününü nə vaxt qeyd edirsən, fevralın 28-də, ya martın 1-də?

 

- Məhz fevralın 29-da. 4 il gözləyirəm səbirsizliklə. Niyə başqa gündə qeyd edim ki?

Bir söz də deyim, ad günüm çatanda hamıdan fərqli olaraq çox sevinirəm. Çünki hamı kimi 1 il yox, 4 il gözləyirəm.

 

- Bəs yaş kağızında doğum tarixin rəsmi necə yazılıb? 28-i, ya martın 1-i?

 

- Fevralın 29-u.

 

- Səncə dünyada yaş kağızında fevralın 29-u yazılan neçə nəfər var?

 

- 50 milyon olar?

 

- Yox, 4 milyondan bir az çox.

 

- Deməli mən dünyada 4 milyondan biriyəm də?

 

 

-  Yunanların inancına görə, fevralın 29-da doğulanlar başqa dünyanın adamlarıdırlar. Paralel dünyadan gəlmələrdir...

 

- Yunanlar düz demir. Elə bu dünyada anadan olmuşam. Burada da öləcəm hamı kimi. Sadəcə təsadüfdür ki, məhz 29 fevralda anadan olmuşuq.

 

- Özün kimi fevralın 29-da doğulan tanışın, qohumun var?

 

- Düzü yox. Amma belə bir tanışım olsaydı, maraqlı olardı. Baxma da, nadir şəxslərik axı? (Gülür)

 

 

 

 

- 29 fevral dünyada nadir xəstəliklər günü kimi qeyd edilir.

 

- Bunu bilmirdim. Amma şükürlər olsun nadir xəstəliyim-filanım yoxdur.

 

- Bəs 29 fevralda doğulan məşhurları tanıyırsan?

 

- Düzü maraqlanmamışam. Amma Vikipediyada axtarıb taparam. Özümə də maraqlı gəldi.

 

- Bu gün sənə ad günün mübarək deməyək?

 

- Yox, təbrikləri ancaq iki ildən sonra qəbul edəcəm. 9 yaşımda. Yeri gəlmişkən oğlumun da 9 yaşı tamam olacaq. (Gülür)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 670

Oxşar yazılar