1977-ci il, 4 sentyabr. Sverdlovsk vilayəti partiya komitəsinin birinci katibi Boris Yeltsin şəhərin mərkəzindəki tarixi binanın sökülməsi barədə sərəncam imzalayır. Sərəncamın icrası üçün isə müvafiq strukturlara bir həftə vaxt verilir. Sentyabrın 6-da əraziyə texnika yeridilir. Bir həftədən sonra isə həmin binanın, necə deyərlər, tozu da qalmır. Amma…
Amma elə səhəri gün, ərazini təmizləyən süpürgəçilər gördüklərindən dəhşətə gəlirlər. Sökülən ərazidə gecə kimlərsə yüzlərlə şam yandırmış, asfalta güllər düzmüşdü. Məsələ çox ciddiydi. Yerli KQB dərhal hərəkətə keçmişdi. Hətta bir neçə nəfər də saxlanılmışdı. Amma çox dərinə getməmişdilər. SSRİ hələ şam yandırmağa görə kiməsə cinayət işi qaldıracaq qədər absurd qanunlar dövlətinə çevrilməmişdi. Bütün bunlara rəğmən, həmin ərazini hasarlayırlar. Və… və bir müddət həmin ərazidə milis keşik çəkməyə başlayır…
2016-cı il, 6 noyabr. Yekaterinburq. Şəhərin mərkəzində yerləşən “Qanlı məbəd”in qarşısındayıq. Bu məbədin yaşı, uzaq tarixə gedib çıxmır. Tikintisi 13 il əvvəl başa çatıb. Açılışına da minlərlə adam qatılıb. Onlardan biri də elə həmin Yeltsin idi. Rusiyanın keçmiş prezidenti. Bu vilayətin keçmiş rəhbəri. İndilərdə isə sadəcə fəxri təqaüdçü. Onun xatırlayacağı çox şeylər var idi. Axı məbədin tikildiyi ərazidə yerləşirdi həmin ev. O ev ki 26 il əvvəl sökülməsinə məhz onun özü sərəncam vermişdi. Yeltsin onu da gözəl bilirdi ki, elə həmin ev də, elə bu məbəd də sadə yekaterinburqluların ziyarət yeri olub və olacaq. Çünki vaxtıyla həmin evdə, daha doğrusu evin zirzəmisində 20-ci əsrin ən böyük cinayətlərindən biri törədilmişdi. 300 ildən çox Rusiya boyda imperiyaya başçılıq etmiş Romanovlar sülaləsinin sonuncu çarı ailəsiylə birgə güllələnmişdi. Bolşeviklər Nikolayın xəstə oğlu Alekseyə belə, aman verməmişdilər...
***
- Bax, burda, məhz burda basdırmışdılar onları. Orada isə edam etmişdilər, bu məbədin yerləşdiyi yerdə. İpatovun evi olub ora. Mühəndis İpatovun. Gəl gedək içəridə şam yandıraq.
Darısqal bir yerdi. Hər tərəfdə çarın və ailəsinin şəkilləri. Hə, bir də müqəddəs ikonalar.
- Birini də sən yandır.
“Dinim icazə vermir”. Yarızarafat deyirəm.
- Tanrı birdir, oğlum.
75 yaşı var Yekaterina Yakovleva deyir, hər bazar bura gəlir. Həm Romanovların, həm də adaşı çariça Yekaterinanın ruhuna şam yandırır.
- Tarixin ironiyasıdır, oğlum. Çariçanın nəvə-nəticələri onun adını daşıyan bir şəhərdə qətlə yetiriliblər.
***
Çar İkinci Nikolay taxt-tacdan qovulduqdan sonra ailəsiylə birgə Aleksandrovsk yaxınlığındakı malikanələrin birinə aparılıb. Daha sonra isə Romanovlar Tobolska gətirilirlər. Bir müddət də bu şəhərdə qalırlar. Leninin göstərişiylə Romanovlar Moskvaya aparılmalı, əvvəl məhkəmələri qurulmalı, sonra edam olunmalıydılar. Amma bolşeviklərin rəhbəri məhkəməyə risk etmir. Çar və ailəsinin qaçırılacağından narahat olurlar. Onda bolşeviklər qərara gəlirlər ki, ailə Tobolskdan Yekaterinburqa aparılsın. Yekaterinburqda isə ailə mühəndis İpatovun evində xüsusi mühafizə altında saxlanılır.
“Düzdür, onları incitmirdilər, işgəncə vermirdilər. Amma evdən bayıra buraxmırdılar. Təmiz hava üzünə belə həsrət idilər. Həmin vaxt gənc şahzadə Aleksey hemofiliya xəstəsi olub. Ona belə icazə vermirdilər havaya çıxmağa. Bundan başqa, bolşevik mühafizəçilər çar ailəsinə məxsus sandıqçalara müxtəlif bəhanələrlə tez-tez baxış keçirirdilər. Qiymətli əşyaları oğurlayırdılar. Çar özü bir dəfə baş mühafizəçiyə şikayət edibmiş ki, bu, əclaflıqdır, əxlaqsızlıqdır. Bax, xatirələrində də yazıb bunları. Bu, kitablarda var” - deyir Yekaterina nənə.
***
O kitablarda başqa məqamlar da var. Məsələn, ikinci Nikolayın qaçırılma planı. Bu barədə əslində ona xəbərdarlıq edilib. Nikolaya sadiq zabitlər qaçırılma planını bir dəfə Tobolskda, bir dəfə isə elə Yekterinburqda təklif ediblər. Amma çar hər dəfə belə cavab verib: “Biz nə qaçmaq, nə də qaçırılmaq istəyirik. İlahi ədalətə inanırıq”.
Çar elə bilirmiş ki, bu gizli məktubları təşkil edən bolşeviklərdir. Təxribata getmək istəməyib. Amma əslində elə bolşeviklərin içərisində belə, çara rəğbət bəsləyənlər vardı. Bu gizli məktublar isə Nikolayın sadiq zabitləri tərəfindən ötürülürdü, necə deyərlər, əlaqə yaradılırdı.
Yeri gəlmişkən, onların arasında iki azərbaycanlı da olub: Hüseyn xan Naxçıvanski və Kərim bəy Novruzov. Naxçıvanskinin aqibəti faciəli olub. Çarın ən yaxın silahdaşlarından sayılan Hüseyn xan həbs edilib və güllələnib. Kərim bəy Novruzov - o Novruzov ki, çar sarayının mühafizə xidmətinə rəhbərlik edirdi, onun sonrakı taleyindən isə ümumiyyətlə məlumat yoxdur.
“İyulun 16-dan 17-nə keçən gecə, saat ikidə onları yuxudan oyadıblar. Komendant çar ailəsinin həkimi Botkinə əmr verib ki, yarım saata hamı hazır olsun. Elə biliblər, yenə harasa köçürürlər. Əyinlərini geyinmək istəyiblər. İcazə verməyiblər. Çarı, xanımı Aleksandra Fyodrovanını, oğlu Alekseyi, qızları Olqa, Mariya, Tatyana və Anastasiyanı, habelə şəxsi aşpazlarını və qulluqçu Anna Demidovanı aşağı, zirzəmiyə düşürüblər. Aleksandra Fyodrovna xəstə Aleksey üçün stul istəyib. Amma rədd ediblər. Əvvəl çarı güllələyiblər. Sonra o birilərini. Qızlardan ikisi həmin an ölməyib. Onları sonradan süngüylə vurublar” - kövrəlir Katya nənə.
***
1991-ci ilin iyulunda çar ailəsinin meyitlərinin qalıqları tapılıb. Amma hamısının yox. Deyilənə görə, meyitlərin qalıqlarını xüsusi kimyəvi maddəylə yandırıblarmış. Aleksey və bacısı Mariyanın meyitinin qalıqları isə 2007-ci ildə aşkar edilib.
Deyilənə görə, İpatevin evində, zirzəmidəki divarlarda öldürülənlərin qanları ötən əsrin ortalarına qədər qalmışdı. O dövrdə pionerləri edam yerinə apararaq, onlara çarın edam edildiyi otağı göstərirmişlər. Bununla çar hakimiyyətinə nifrət aşılayırmışlar. Sonra həmin yer muzeyə çevrilir. Amma bir neçə ildən sonra muzey də ləğv edilir. Çarı ümumiyyətlə unutmaq üçün.
***
İndi “Qanlı məbəd”in yerləşdiyi bu ərazi təkcə rusların yox, bura gələn turistlərin də ziyarət etdiyi əsas məkanlardandır. Ərazidə məbəddən əlavə, əzəmətli kilsə də var. Ətrafında isə çar ailəsinin böyük portretləri yerləşdirilib. Bir qədər aralıda isə “Yeltsin mərkəzi”nin yerləşdiyi Yeltsin küçəsi başlayır. Mərkəzin qarşısında isə onun heykəli ucalıb, ağ mərmərdən. Qarşısında həmişə iki polis dayanır. Bu da səbəbsiz deyil. Bir neçə dəfə heykəli rəngli məhlulla korlayıblar. Əslində, bu da tarixin ironiyasıdır.
Və sonda
Bolşeviklərin hakimiyyətə gəlməsindən sonra ikinci Nikolayın əmisi oğlu, böyük knyaz Kirill Vladimiroviç özünü sülalənin varisi elan etdi. Avropada yaşayan knyazın yanında, onun ideoloqu sayılan və məsləhətçisi olan şəxs isə kim olsa yaxşıdı?! Hə, təəccüblənəcəksiz, Mirzə Kazım bəyin nəvəsi.
Bu isə artıq tamam başqa bir yazının mövzusudur.
Səbuhi MƏMMƏDLİ, Yekaterinburq