TuranBank ilə İslam İnkişaf Bankının törəmə təşkilatı olan Özəl sektorun inkişafı üzrə İslam Korporasiyası (ICD) arasında Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi istiqamətində 5 il müddətinə 5 mln. ABŞ dolları məbləğində vəsaitin cəlb edilməsi üzrə yeni müqavilə imzalanmışdır. Məlumat üçün bildirək ki, bu Bankın islam maliyyələşdirilməsi layihələri üzrə imzaladığı sayca beşinci kredit sazişidir.
Ənənəvi bankçılığa parallel olaraq, islam bankçılığının respublikamızın maliyyə sektorunda tətbiqi üçün fəal təşviqat aparan TuranBank "İslam Maliyyələşdirilməsi" istiqamətində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD, İslam İnkişaf Bankı Qrupu) və Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC, İslam İnkişaf Bankı Qrupu) ilə fəal əməkdaşlıq edir. Qeyd olunan beynəlxalq maliyyə institutlarının maliyyə xətləri çərçivəsində TuranBank İslam Bank Məhsulları olan Murabaha (Təkrar Satış), Wakala, iki mərhələli Murabaha və İcarə-ni həyata keçirir.
TuranBankın qlobal miqyasda sürətlə inkişaf edən İslam Bankçılığının tətbiqinə marağı hələ 2006-cı ildə yaranmış və İslam İnkişaf Bankı Qrupu (ICD) ilə əməkdaşlıq çərçivəsində Bankın əməkdaşları 2007-ci ildən ÖSİİK tərəfindən İslam Bankçılığı sahəsində Qazaxıstanın Almata şəhərində keçirilən təlimlərdə iştirak etmişlər. 2008-ci ildə ilk dəfə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasından (ICD) Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi istiqamətində 6 illik müddətə 1 mln. ABŞ dolları məbləğində vəsait (Murabaha) cəlb edilmişdir. İlk kredit sazişinin uğurlu icrası TuranBankın ICD ilə daha iri layihələr çərçivəsində əməkdaşlığı genişləndirməsinə zəmin yaratmışdır.
Daha sonradan ardıcıl olaraq Bank, ÖSİİK-dən 2011 və 2012-ci illərdə ümumilikdə 6 il müddətə 6,5 mln. ABŞ dolları məbləğində əlavə resurslar (Wakala) cəlb etmişdir. Ticarətin şəriət meyarları əsasında maliyyələşdirilməsi istiqamətində isə Bank Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasından (ITFC) 1,3 mln. ABŞ dolları məbləğində vəsait (iki mərhələli Murabaha) cəlb etmişdir. Ümumilikdə Bankın ICD ilə əməkdaşlıq etdiyi layihələr çərçivəsində 13,8 mln. ABŞ dolları həcmində vəsait cəlb edilmişdir.
TuranBank, 2012-2015-ci illər üzrə Strateji Planın əsas hədəflərindən biri olan Kiçik və Orta Sahibkarlığın maliyyələşdirilməsi ilə yanaşı 2015-ci ilə qədər pərakəndə islam bankçılığı məhsullarının bazara geniş çeşiddə təqdim etməyə imkan verəcək islam bankçılığı pəncərəsinin açılması istiqamətində də işlərini davam etdirməkdədir.