Bir zamanlar polis olmaq istəyən Muradın indi gələcəklə bağlı heç bir arzusu yoxdu. Daha doğrusu, ümidi. Məktəbə belə getməkdən imtina edən Murad son bir ildə evdən bayıra çıxmaq da istəmir. Bütün günü divanda uzanıb, internetdən yüklədiyi müxtəlif oyunlar oynayır.
Muradın ailəsi Ağdamdan məcburi köçkündür. Atası Adil Məmmədovla anası Vəfa Məmmədova müvəqqəti sığındıqları Bərdə şəhərində ailələrin razılığı ilə ailə qurublar. 1996-cı ildə. Adil Məmmədov Qarabağ uğurunda gedən qızğın döyüşlərdə iştirak edib və aldığı xəsarətlərə görə müalicə alırmış.
Vəfanın övlad həsrətinə 4 ildən sonra son qoyulur. Lakin ilk hamiləliyini normal başa çatdıra bilmir – döl inkişafdan qalmış və bədənə zəhərlənmə vermişdi. Həkimlər gənc ananın həyatını zorla xilas edirlər. Eyni zamanda, ərinin qəbul etdiyi dərmanların növbəti hamiləliyi yarıda qoya biləcəyi barədə xəbərdarlıq edirlər. Lakin övlad istəyi üstün gəlir və Vəfa 6 aydan sonra təkrar hamilə qalır. Evdə toy-bayram qurulur. Özünə toy belə edə bilməyən Adil bu dəfə evində məclis qurub övladının şərəfinə qonaqlıq verir. Və 9 aydan sonra onlar muradlına çatırlar. Vəfanın oğlu olur. Adını Murad qoyurlar.
İllər ötür, Muraddan kiçik qardaş-bacısı doğulur, yeriyir, danışır. Amma Murad 4 yaşı olmasına baxmayaraq, hələ də qucaqda gəzir, bir kəlmə söz belə danışmır. Rayon xəstəxanasında Murada raxit diaqnozu qoyulur. Adilin qazandığı pul ancaq ailəsinin boğazına yetir. Həkimin reseptə yazdığı dərmanlar isə od qiymətinə. Dərmanlardan birini alanda, digərinə pul çatmır. Yenə də ailə təslim olmur. Vəfa da işləməyə başlayır. Qonum-qonşuda təmizlik işlərinə gedir. Topladığı pulla Muradın çatışmayan dərmanlarını alır. Müalicələrdən sonra Murad yeriməyə və danışmağa başlayır. 2006-cı ildə birinci sinfə gedir.
Rayonda xeyli müalicə alsa da, Muradın tam sağalmasına yetmir. Yaşıdları böyüyür, Murad isə hələ balaca qalmışdı. Uşaq kimi danışır, uşaq kimi davranırdı. Ailə 2007-ci ildə Bakıya köçür. Paytaxtda daha savadlı həkim tapmaq ümidiylə... Bakıda ona hipofiz diaqnozu qoyulur.
Tibbi arayış: Hipofiz lobya böyüklükdə girdə ya oval formada tək üzvdür. Hipofiz müxtəlif vəzifə ifa edir. Ön payı vücudun inkişafına, boyatma prosesinə təsir edən somatotrop hormon ifraz edir. Bundan əlavə, ön pay qonadotrop adlanan hormon ifraz edir. Bu hormon cinsiyyət üzvlərinin differensasiyasını stimulə edir. Hipofizin ayrı-ayrı paylarının vəzifəsi pozularkən orqanizmdə bu və ya başqa patoloji əlamətlər meydana çıxır. Ön pay az miqdarda hormon ifraz etdikdə orqanizm boyatmadan qalır – cırtdan boyluluq, ətrafın zəif inkişaf etməsi və infantilizm deyilən hal meydana çıxır.
Həmin pay artıq miqdarda hormon ifraz etdikdə boyatma prosesi pozulur. Əgər bu hadisə boyatma dövründə olarsa, o zaman divlik (giqantizm), yetişmiş dövrdə olarsa akromeqaliya deyilən hal meydana çıxır.
Bu gün Murad 17 yaşının içində olsa da, fiziki göstəriciləri 9 yaşa uyğun gəlir. Düzgün müalicə olunarsa, Muradın boyunu 155 santimetrə çatdırmaq olar. Hazırda onun boyu 134 santimetrdir. Anasının sözlərinə görə, İrandakı həkimin təyin etdiyi iynə vurulandan sonra Muradın boyu bir ildə 3 santimetr uzanıb.
- Bakıya gələndən sonra 3 il kirayə yaşadıq. Sonra bir yaxşı adam bizə bu evi tapdı. 3 minə yaxın pul ödədik. Az-az.
Ev dediyi yer Mərdəkanın “Abşeron” sanatoriyasının 6-cı korpusunda yerləşir. İki iç-içə otaqdır. Ev həyətin ümumi ayaqyolunun yanında olduğundan müsahibə müddətində qapını kip-kip bağladılar ki, içəri dolan üfunət qoxusu nisbətən azalsın. Bu balaca evdə Məmmədovlar ailəsi 3 övlad böyüdür. Muradın özündən yaşca kiçik, boyca böyük qardaşı Tural doqquzuncu sinifdə oxuyur. Bacısı Sevinc isə altıncı sinifdə. Sevinc dərsdə olsa da, Tural müsahibə boyunca qardaşının yanında oldu. Ən böyük arzusu xanəndə olmaq olan Tural anasına söz verib ki, böyüyəndə Muradı müalicə etdirəcək. Lakin Turalın əli çörəyə çatana qədər Murad üçün gec olacaq. Sümükləri bitişdikdən sonra onun böyüməyi tamam dayanacaq və bildiyimiz liliputlardan olacaq.
Bu gün isə Muradın sağalması üçün ümid var. Ayda 5-6 dənə “Norditropin” iynəsi vurulmalıdır. İynənin qiyməti isə son devalvasiyadan sonra 260 manata qalxıb. Ailə aylıq imkanlarını üst-üstə qoyub, bu iynədən ayda birini ala bilir. Lakin bu, çox azdı.
- Yoldaşım fəhləlik edir, mən də onun-bunun qapısında təmizlik işi görürəm. Bu günümüzə də şükür! Balalarımın boğazından haram çörək keçirtməmişik. Nə etmişiksə, halal zəhmətimizlə qazanmışıq. Amma yetmir... (kövrəlir)
Müsahibə boyunca fikri telefondakı oyunlarda olan Murad anasının səsini eşidib başını qaldırır. Ağlayan anasına tərəf boylanır. Anasına tərəf gəlir və ayaqlarını qucaqlayır. Sanki xəstəliyi ilə anası incitdiyi üçün ondan üzr istəyirdi. Ana-balanın bu mənzərəsinə tab gətirmək ürək istəyir...
Bir il olar, Murad məktəbə getmir. Artıq fərqli olduğunu özü də hiss edir. Yaşıdlarının onu uşaq kimi əzizləməsindən çox inciyir. Ancaq rəsm dərslərinə getmək üçün evdən bayıra çıxır. Qalan vaxtlar bütün günü evdədir.
Ona vaxtında kömək etməsək, belə də davam edəcək. Bu gün anası zəng eləmişdi. Dünən evlərində olub bu yazını hazırlamağımızdan sonra Murad çox ümidlənib. Deyib, ana, mən sağalacam!
Murada yardım etmək istəyənlər üçün Vəfa Məmmədovanın bank hesab nömrəsini sizə təqdim edirik.
Gəlin, Muradın ümidini reallaşdıraq!
KAPİTAL BANKIN XƏZƏR FİLİALI
KOD: 200178
VÖİN: 9900003611
MÜXBİR HESAB: AZ37NABZ01350100000000001944
SWİFT BİK: AİİBAZ2X
Müştəri adı: Məmmədova Vəfa Fərhad q.
Plastik kart hesab: AZ32AIIB45810019441700005117