"Burda müalicəvi gimnastikayla da məşğul olmaq mümkündür"  - <span style="color:red;">ƏYALƏTDƏ KİM VAR, KİM YOX
02 noyabr 2015 11:26 (UTC +04:00)

"Burda müalicəvi gimnastikayla da məşğul olmaq mümkündür" - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

0

 

Tovuz rayonunun girəcəyində, Tovuz çayının sol sahilində üstünə Olimpiya İdman Kompleksi yazılmış bir bina ucalır. Hər dəfə yolum o tərəfdən düşəndə, fikirləşirdim, görəsən, bu nəhəng və yaraşıqlı bina təyinatı üzrə istifadə olunurmu?

Sirr deyil ki, bəzi rayonlarımızdakı oxşar idman komplekslərinin fəaliyyəti sıfıra bərabərdi.

Bu mənada, maraq məni İdman Olimpiya Kompleksinin binasına apardı.

Binanın geniş foyesində Kompleksin meneceri Sabir Rzayevlə görüşdük. Biz söhbətləşən zaman çiyinlərində idman çantası olan məktəbli uşaqlar yan-yörəmizdən keçib pilləkənlə ikinci mərtəbəyə qalxırdılar. Sabir bəy gəlişimin səbəbini biləndən sonra məni Kompleksin direktoru Mübariz müəllimlə görüşdürdü.

Söhbət əsnasında məlum oldu ki, Mübariz Məmmədov tovuzludu, rayonun Aşağı Quşçu kəndindəndi.

Biz sarı çiçəklə dəmlənmiş çay süfrəsi arxasında İdman Olimpiya Kompleksinin tarixi və fəaliyyəti barədə söhbətləşdik.

 

- Mübariz müəllim, zəhmət olmasa, Kompleksin tarixi haqda məlumat verərdiniz…

 

- Tovuz Olimpiya Kompleksinin təməli Azərbaycan Respublikasının prezidenti tərəfindən 30 may 2007-ci ildə qoyulub. Tikinti işləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılıb. Kompleksin açılışı 9 fevral 2011-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən olub. Tovuz Olimpiya İdman Kompleksi şəhərin ən baxımlı və səfalı yerində, Tovuz çayın sahilində, ümummilli lider Heydər Əliyev adına istirahət parkı ilə üzbəüz yerləşir. Binanın 750 nəfər tamaşaçı yeri olan universal örtülü idman zalı iri miqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirməyə tam imkan verir. Bizdə mini futbol, voleybol, basketbol, həndbol yarışları keçirmək üçün standartlara tam uyğun idman qurğuları da var. Bundan başqa, hər bir komanda üçün ayrıca soyunub-geyinmə otaqları, duş və sauna kabinəsi, masaj otaqları fəaliyyət göstərir. Böyük zalımızda müasir idman avadanlıqları quraşdırıb, müxtəlif səviyyəli boks, taekvando, güləş, sambo, cüdo və digər idman yarışları təşkil etmək üçün hər cür şərait yaradılıb. Həmin zalda şou proqramlı müxtəlif kütləvi tədbirlər də keçirmək mümkündür.  Bunlarla yanaşı, üzgüçülük hovuzu, sauna, kişilər və qadınlar üçün trenajor və aerobika zalları fəaliyyətdədir. Stolüstü tennis və bilyard stolları, Kompleksdə fəaliyyət göstərən idman bölmələrinin (boks, cüdo, taekvondo, sambo, aykido, güləş) hər birinin sərbəst məşğul olması üçün məşqçi-müəllimlərin ayrıca idman zalları və avadanlıqları, açıq sahədə süni örtüklü beynəlxalq standartlara uyğun futbol, voleybol, basketbol, meydançaları və tennis kortu var.  Qonaqların və idmançıların ixtiyarına 35 otaqlı,  70 yerlik 5 mərtəbəli mehmanxana verilir. Mehmanxananın birinci mərtəbəsində  32 nəfərlik yeməkxana və 32 nəfərlik bufet-bar yerləşir. Beşinci mərtəbədə 90 nəfərlik akt zalı və bilyard zalı var. Mehmanxananın qonaq otaqları daimi soyuq-isti su ilə, mini mətbəx, soyuducu, kondisioner, televizor, telefon və internet xətti ilə təchiz olunub.

Kompleksin özünün qazanxanası var, istilik sistemini o təmin edir.

Üzgüçülük hovuzları xüsusi filtrlərlə gündə iki dəfə təmizlənir, və suyuna lazımi temperatur verilir.

Qadınlar üçün müalicəvi gimnastika zalı bütün gigiyenik tələbatlara cavab verir.

Bir sözlə, müxtəlif idman növləri üzrə təlim-məşq toplantılarının təşkili, turistlərin və qonaqların dincəlib istirahət etmələri üçün lazım olan bütün şərait yaradılıb.  

 

- Kompleksdən təkcə Tovuz idmançıları yararlanır, yoxsa?

 

- Xeyr. Tovuz İdman Olimpiya Kompleksi regionda keçirilən bir çox idman yarışmalarına daim ev sahibliyi edib və edir. Məsələn, bu ilin aprelində Təhsil Nazirliyinin xətti ilə “Bakı 2015” I Avropa Oyunları çərçivəsində təşkil olunan məktəblilərin zona yarışmaları bizim olimpiya kompleksində reallaşdı. Həmin vaxt burada 17 şəhər və rayonun təmsilçiləri yarışırdı. Kompleksdə keçirilən digər yarışlar və tədbirlər barədə ətraflı məlumatlarla  saytımızda da tanış ola bilərsiniz.

 

- Mübariz müəllim, şəxsən, özünüzün idmanla hər hansı bağlılığınız varmı, yəni özünüz idmançısınızmı?

 

- Üzgüçülüklə məşğul olmuşam. Bu vəzifəyə təyin olunana qədər isə Ukraynada yaşamışam. Hər iki ali təhsilimi orada almışam. Xarkov Xalq Təsərrüfatı İnstitutunu və Dəmiryol Akademiyasını bitirmişəm. Hazırkı işim də ürəyimcədi, bölgəmizdə idmanın inkişafı, gənclərin səmərəli məşğuliyyəti, gələcək nəslin sağlam yetişməsi üçün əlimizdən gələni edirik.

 

- Bu xeyirxah işdə sizə uğurlar arzulayıram!

 

- Maraqlandığınız üçün təşəkkür edirəm!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar