[b]Yayın qızmarında, qışın sazağında, düzün ortasında bir misra Laçın... - MÜSAHİBƏ[/b]
18 may 2014 11:00 (UTC +04:00)

[b]Yayın qızmarında, qışın sazağında, düzün ortasında bir misra Laçın... - MÜSAHİBƏ[/b]

0

Yazqabağı Laçını yada salmaq üçün yolumu Ağcabədidən saldım... O tərəflərdə olmayan adam xəritədən asanlıqla tapa bilər: deməli, barmağınızı Zərdab ərazisindən ehtiyatla Kürün körpüsündən keçirirsiniz. Çəkinməyin. Buralarda erməni-zad yoxdur, döyüş bölgəsi xeyli uzaqdadır. Yastıyol kəndinin altı ilə bir az irəliləyəndən sonra yolun sağında Taxtakörpü adlı qəsəbə görəcəksiniz. Əvvəl bu qəsəbənin çox miskin görkəmi vardı. Ucqar Əfqanıstan kəndlərinə oxşayırdı. Xüsusən yayda. Hər tərəf toz-torpaq, evlər palçıqdan... Amma indi balaca bir şəhər salınıb burada. Qəsəbənin girəcəyindəki yaşıl təpəciyin üstünə qırmızı hərflərlə “Laçın obaları” yazılıb. Bu ərazilər Laçın rayonunun qış yataqları olub və qaçqınlıqdan sonra əhalinin müəyyən bir hissəsi bura pənah gətirib. Yayı isti, qışı sərt keçir bu düzənliyin. Quraqlıq olanda isə əsl cəhənnəmi xatırladır.  

 

Laçın dağılan kimi Taxtakörpünü mərkəz seçdilər. Bu miskin tikililərin yanında iki daş bina ucaldı. Biri icra hakimiyyəti, biri polis şöbəsi üçün. İcra binasının başına üçrəngli bayraq taxdılar. Əslində Aranın xəsis küləklərində xəfifcə yellənən bu bayraq adamların çəkdiyi zilləti sığortalayırdı. Anlayan anlayırdı ki, müstəqillik havayı söhbət deyil. Bunun şəhidi də olacaq, itkini də, qaçqını da! Amma gəlin səmimi danışaq, o vaxt başını qaldırıb bu bayrağa baxmaq çoxunun yadına düşmürdü. Həyat adamı təpiyinin altına salanda işlər şuluq olur.

 

Bu zavallıların içində dünya işığından məhrum olan bir şair də vardı. Gözləri doğma anasının qüssəli üzünü belə görmürdü, nəinki müqəddəs üçrəngli bayrağı. Amma hənirtisindən tanıyırdı: anasını da, bayrağı da! Hələ bu bayraqla anasına təsəlli də verirdi. Anası onun üçün işığı itmiş gözlərini əvəz edirdi. O isə anası üçün hər şeyi...

 

Günlərin birində ölüm anasını da aldı əlindən. Aranın istisi, yoxsulluq və zəlalət, ümidsizlik, məhv elədi onu. Bundan sonra Haqverdi təkcə dünyanın işığından deyil, dünyanın özündən də məhrum oldu. Elə həmin vaxtlar Tanrıya müraciətlə bu asi misrasını yazdı: “Haqverdini al dünyadan, cahana yük eyləmə!”

 

Özü gör necə danışır anası haqqında:

 

Anam yeganə adam idi ki, yükümü çəkəndə narahat olmurdum. İndi hamıya yükəm. Dövlətə də, qohum-əqrəbaya da, dostlara da! Özümü birdən elə yararsız, lazımsız hesab edirəm ki, səmimi qəlbdən ölüm arzulayıram.

 

“Şair, belə danışma! Dünyada gözlərini və yurdunu itirən yeganə adam deyilsən. İnsanın daha dəhşətli itkiləri də olur!”

 

Dirəşirdi Haqverdi. Bəzən isə mübahisə etmir, deyilənlərə razılaşırdı. Amma anasından danışanda heç kim sözünü kəsə bilmirdi.

 

Hər yerə anam əlimdən tutub aparırdı məni. Uşaq vaxtdakı kimi... Burda da hər yer düzənlikdi. Laçında daşın, ağacın, yoxuşun, enişin hənirtisini hiss edirdim. Həm də gözlərim görən vaxtdan bilirdim ki, harda nə var. Əl havasına kəndimizi asanlıqla gəzə bilərəm. İndi də... Amma buraları heç gözlərim görsə belə tanımıram. Hər yan düzənlikdir. Elə bil boşluğun içindəyəm. Ayağımın altındakı torpaqdan başqa heç nə hiss eləmirəm. Anam həm gözlərimin işığı idi, həm də yanımda hərlənən bir parça Laçın! Gördüyünü danışır, məni hər şeydən halı edir, korluğumu unutdururdu. Bir gün anamı itirdim. Gözümün işığı kimi, Laçın kimi... Əllərim düzəngahın ortasında havada qaldı. Hara gedəcəyimi, nə edəcəyimi bilmədim.

 

Hə, bu əhvalı da yazıb bir şeirində:

 

Düzəndə ləliyəm təngnəfəsəm,

Dincliyim dağların yoxuşundadı...

Mən duyan dünyanın bəzək-düzəyi,

Mamırlı daşların naxışındadı...

 

...Həə, yazağzı bax bu adamın ziyarətinə gedirdim. Əvvəlcə zəng vurdum. Gəlişimə çox sevindi. Maşınla Laçın rayon Qarakeçdi kəndinin Baş yatağından keçib Orta yatağa üz tutduq. Evini bir az çətinliklə tapdıq. Həqiqətən də hər yer düzənlik. Hər yer bozluq, hər yerdə biri-birinə oxşayan daxmalar. Burda gözlərin görsə belə karına gəlmir.

 

Sizə deyim, şəraiti pis deyil. Yanında qohumları qalır. Heyvan-filan saxlayırlar, təqaüd alır, iki otaqlı daş evi var. Amma, inanın Haqverdini də incidənlər tapılır bu dünyada. İstər qohum-qonşular, istər məmurlar arasında... Adamın əli üzündə qalır. Amma təbii ki, Laçının işğalının 22-ci ildönümündə mövzumuz bu deyildi. Baxmayaraq ki, bütün günahların baiskarı qaçqınlıqdır.      

 

Çox çalışdım ki, söhbətimiz qüssəli olmasın, bacarmadım. Neyləmək olar... Elə deyəsən bizə qalan qüssə olacaq!

 

- Necəsən? Maşallah, yaxşı görünürsən...

 

- Yaxşıyam, başına dönüm! – Şirin Qarakeçdi ləhcəsində cavab verir.  

 

- Səhhətin necədir?

 

- Bir az gözlərim incidir. Hava isti olanda od tutub yanır. Tez-tez su vururam ki, səbbi alınsın...

 

- Həkim-filan... Niyə getmirsən?

 

- Bezmişəm həkimlərdən.

 

- Mən bildiyim qədər orta məktəbə getmisən, əsgərlikdə olmusan... Hətta riyaziyyatı çox əla bildiyini deyirlər.

 

- Hə... Zehnim yaxşı idi, amma gözlərim o vaxtdan zəif olduğundan əziyyət çəkirdim. Uyğun eynək yox idi. Bir az kasıbçılıq... Bəlkə də müalicə etdirmək olardı, nə bilim.

 

- Bəs bu vəziyyətdə səni əsgərliyə necə apardılar?

 

- Azərbaycanda kim idi ciddi yoxlayan. Soruşdular, mən də dedim, görürəm. Özüm istədim əsgər getməyi. Elə gözlərimə görə getdim. Fikirləşdim ki, Rusiyada müalicə üçün imkan taparam. Leninqrada düşdüm. Ora şübhələndilər, məni xəstəxanaya apardılar və yoxlayıb hərbi xidmətdən azad etdilər.

 

- Şeir yazdığını qaçqınlıqdan sonra eşitdim. Deyəsən, hamı sənin şairliyini Laçından sonra bildi. Yadımdadır, deyirdilər, qaçqınlıq dərdi Haqverdini şair elədi.

 

- Uşaq vaxtı da yazırdım, amma utanırdım üzə çıxartmağa. O vaxt bizim qonşu Şeylanlı kəndindən Möhbalı Quliyev vardı. Gözəl şair idi, ən çox da ondan utanırdım nədənsə. Yazdıqlarımı cırıb atırdım. Sonra başa düşdüm ki, Möhbalı çox mülayim, xeyirxah və mehriban adam olduğu üçün mənə doğru yol göstərər, kömək eləyərdi. Amma mən bunu başa düşəndə gec idi. Laçın dağılmış, Möhbalı kişi əsir düşmüşdü... Heç bir soraq çıxmadı Möhbalıdan. Heyf...

 

Bir də məşhur aşıqların zəhmi basırdı məni. Aşıq Ələsgər, Aşıq Şəmşir. Məşhur şairlərə isə “Kitab şairi” deyirdik. Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Məmməd Araz... Onlardan da halı idim. Özümə indi də şair deməyə dilim gəlmir bunların yanında. Mən sadəcə dərdimi yazıram ki, yüngülləşim. Başqa əlacım yoxdu... Bu da mənimlə həmdərd olan insanların xoşuna gəlir.

 

- Həə... Səni hamı sevir, aşıqlar oxuyur, cavanlar əzbərləyir...

 

- Özün bilirsən ki, biz tərəfdə yaxşı saz-söz mühiti vardı: Aşıq Umbay, rəhmətlik Aşıq Ədalət, Cabbar müəllim, Aşıq Xəlil, Məzahir Qarayev, Ələslan, Adil Cəfakeş... Çox saymaq olar. İndinin özündə də istedadlı uşaqlar yetişir. Amma Laçın bir başa idi.

 

- Kəndinizdən ən çox nə qalıb yadında?

             

- Köhnə pəyələri, yeraltı damları daha çox xatırlayıram nədənsə... Bizim də belə tikililərimiz vardı. Atam tikmişdi... Ata sarıdan da bəxtim gətirmədi mənim. 1 yaşımda ikən rəhmətə getdi. 63-cü ildə...

 

Evimiz tez-tez xəyalıma gəlir. Balaca kasıb evimiz vardı...

 

- Mənim yadımda bir atınız da qalıb. Onun belində çox görürdüm səni...

 

- Həə... Qara, səkil at idi. Yaxşı at idi.

 

- Qarakeçdi igid adamları və yaxşı atları ilə də məşhurdur...

 

- Elədir... Tarixən qoçaq adamlar çox olub bizim kənddə. Onlar haqqında çoxlu əhvalatlar bilirəm. Son dövrlərdə mənim gördüyüm kişilərdən Xudo kişinin, Məhəmmədəlinin, Hümmət kişinin, Üzeyirin, Rizvanın adını çəkə bilərəm. Çoxdur belə kişilər. Yadıma ilk düşənləri dedim. Allah hamısına rəhmət eləsin. İndi, demək olar ki, yoxdu belə adamlar.

 

Saday kişi də qoçaq kişi idi. Atları da məşhur idi. Onun bir “Çayka” adlı kəhər atı vardı, Qarabağın ən yaxşı atlarını onunla müqayisə edirdilər.

 

Nə isə... Getdi o zəmanə. Yaxşı kişilər də getdi, yaxşı atlar da. Geriyə qırıq-quruqlar qaldı.

 

- Sən özün də qoldan babat olmusan. Bir-iki davanı eşitmişəm...

 

- (Gülür) Pis deyildim. Qoruq üstündə sizin kənddən (Ağbulaq) bir nəfəri möhkəm çırpmışdım bir dəfə.

 

- Goplama, şair! Qarakeçdilərdə gop olur bir az...

 

- Yox, canın üçün! Yalan demirəm. Əllərim çox qüvvəli idi. Hərdən mənə elə gəlirdi ki, Hilalı da yıxa bilərəm (yenə gülür).

 

- Hilalı da yox dəəə...

 

- Məsəl üçün deyirəm. Şeirdə buna mübaliğə deyirlər. Hilal bəlkə də Laçının fiziki cəhətdən ən qüvvəli adamı idi. Heç başqa rayonlarda da onunla ayaqlaşan olmayıb məncə. “QAZ 53” maşınının arxasını çiyniylə qaldırırdı. Qaçqınlıq onu da əldən saldı. Qocalığı pis vaxta düşdü. O vaxt kişilərin gücünü də Hilalla müqayisə edirdilər.

 

- Baxıram, kişilərlə atlardan eyni cür danışırsan.

 

- Hə, bizim tərəkəmə camaatında yaxşı kişinin yaxşı da atı vardı. Amma Hilalınkı maşın idi. “QAZ 53”. Sürücü işləyirdi...

 

- Haqverdi, şeirlərini harasa yazdırırsan?

 

- Yox. Hamısını əzbər bilirəm. Yanımda elə adam yoxdu yazsın. Bəzən deyirəm, aşıqlar, şairlər, həvəskar uşaqlar yazırlar. Məsələn, kitabım üçün şeirləri Eynulla müəllimin oğlu (Aşıq Umbayın qardaşı, müəllim) Pərviz yığdı kompüterə. Sağ olsun.

 

- Kitabın çıxır?

 

- Həə... Artıq çapa gedib. Sağ olsun, xeyirxah qohumlar kömək elədilər. Bu günlərdə çıxar.

 

- Ailə həyatın da alınmadı, şair. Bəlkə özündə də günahlar var...

 

- Günahın çoxu məndədir. Çətin adamam.

 

- Oğlun səninlə əlaqə saxlayır?

 

- Gəl bu barədə danışmayaq...

 

- Kənddən necə çıxdınız...

 

- Maşın tapa bilmirdik. Birdən eşitdik ki, bir bahalı sürücü var. Heç kim yaxın durmur. Gedib danışdıq. Çox namərd adam idi. Normal qiymətin 5 qatına bizi Ağcabədiyə gətirdi.   

 

- Aşıq Veysəli tanıyırsan?

 

- Hə... Əlbəttə! Şeirləri də gözəldir, həzin oxumağı da! Gözləri də mənim kimi görmürmüş.

 

- Onun yaşlı vaxtı xəstəliyinin əlacı tapılır... Amma o, gözlərinin açılmasına razı olmur. Deyir, uzun illərdi özüm üçün bir dünya yaratmışam, o dünyanın qəfil dağılmasına dözə bilmərəm...

 

- Mən sevinə-sevinə istəyərəm gözlərim açılsın...

 

- Səncə, Laçına qayıdacağıq?

 

- İnamımı itirməmişəm. Amma, nədənsə ürəyimə damıb ki, ora qayıtmaq mənə qismət olmayacaq. Allaha pənah!      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2314

Oxşar yazılar