Mayın 29-da Azərbaycanın internet məkanında özünəməxsus yeri olan APA TV-nin efir həyatına başlamasının 3 ili tamam oldu. Bu münasibətlə Musavat.com “APA holdinq”dəki həmkarlarını təbrik edərək, onların fəaliyyətləri ilə yaxından maraqlanıb.
İlk olaraq “APA holdinq”in rəhbəri Vüsalə Mahirqızı ilə görüş oldu. V.Mahirqızı musavat.com-a APA TV-nin 3 illik fəaliyyəti və qarşıya qoyduqları məqsədlər barədə danışdı.
V.Mahirqızı bildirdi ki, 3 il öncə artıq internet məkanında oxucu ilə yanaşı, tamaşaçının da formalaşdığını hiss edib və bu səbəbdən də APA TV-ni yaratmaq qərarına gəlib: “Bu baxımdan internet üzərində fəaliyyət göstərən, lakin yayımı tamamilə proqram əsasında həyata keçirilən, özünün “efir setkası” olan televiziya yaratdıq. Hazırda biz hər gün 14 saat tam olaraq efirə çıxırıq. Hər saatda 1 dəfə xəbər buraxılışlarımız var. Yaranışının 3-cü ilində qərara gəldik ki, artıq tamamilə xəbər konseptinə keçək. Qeyd edim ki, APA TV yeni yarandığı zaman burada şou verilişləri, müxtəlif diskussiyalar da var idi. Lakin hazırda telekanalda yalnız xəbərlər və xəbər yüklü proqramlara yer verilib. Bunların arasından “Sosium”, “Manşet”, “Səsli tarix”, “Həyat dərsi” və digər bu kimi verilişlərin adlarını çəkə bilərik. Eyni zaman telekanalımızda dinlə bağlı da veriliş var. Bu, dini diskussiyaların aparıldığı “Yaşıl orta” adlı verilişdir. Bundan başqa səhiyyə ilə bağlı maarifləndirici veriliş də hazırlamışıq. Sadaladığım proqramların hər birində xəbər yükü, insanların məlumatlandırılması üçün informasiya var. Bundan başqa xeyli sənədli filmlər də hazırlamışıq. Hesab edirəm ki, bütün bu filmlər həm APA TV-nin, həm də Azərbaycan teleməkanının arxivi üçün önəmlidir”.
V.Mahirqızı bildirdi ki, gələcəkdə telekanalın peyk üzərindən yayımını da nəzərdə tutublar: “Ancaq peyk üzərindən yayımlanan televiziyalardan indiki halda üstünlüyümüz odur ki, bizim xəbərlərimizə istənilən halda, istənilən şəxs geri çevirərək təkrar baxa bilir. Yəni izləyicilər üçün biz daha əlçatanıq. Bir məqamı da qeyd edim ki, hazırda demək olar ki, təkcə Azərbaycan mediası deyil, bütün dünya üçün əsas məsələ şoudur. Ancaq əgər, bizim “Səsli tarix” verilişinə 50-100 min arası baxış olursa, hesab edirəm ki, bu, ölkəmiz üçün bu kifayət qədər yaxşı göstəricidir. Bu baxımdan, deyə bilmərik ki, bizim ciddi kontentimiz yoxdur. Əksinə, hesab edirəm ki, Azərbaycanda internet məkanında kifayət qədər ciddi kontent var. Elə olur ki, bir gündə ana xəbər buraxılışına 20-25 min baxış olur. Ümumi xəbərlərimizin baxış sayı isə, hər gün 200-300 min nəfəri keçir. Bu, Azərbaycan üçün kifayət qədər ciddi bir kontentdir. Bu baxımdan düşünmürəm ki, bizim tamaşaçı problemimiz var. Hesab edirəm ki, ciddi tamaşaçılarımızın, yaxşı veriliş problemi var. Biz də onu tam olaraq verə bilməmişik. Ümumiyyətlə, media bütün təbəqələrə nüfuz etməlidir. Düşünürəm ki, medianın inkişafı, cəmiyyətin inkişafına adekvat olmalıdır”.
V.Mahirqızı söylədi ki, təkcə internet məkanında olan televiziyaları deyil, peyk və mərkəzi yayımı olan televiziyaları da özlərinə rəqib hesab edirlər: “Onları monitorinq edirik. Bilirəm ki, onlar da bizi monitorinq edirlər. Çalışırıq ki, geri qalmayaq. Qarşıdakı illərdə internet məkanında beynəlxalq media qurumuna çevrilməyimizlə bağlı təkliflər də var. Ancaq bunun üçün çox ciddi hazırlığa və kadr potensialına ehtiyac var. Yaxın gələcək üçün müxtəlif dillərdə yayımlanmağımızla bağlı planlar var”.
Daha sonra APA TV-nin baş direktoru Vüqar Məsimoğlunun otağında olub, onun da fikirlərini aldıq.
V.Məsimoğlu bildirdi ki, hədəflərə çatmaq üçün 3 il az vaxt deyil: “Hədəflərimizdən biri Azərbaycanın internet məkanında öz yerimizi tutmaq, ilk dəfə olaraq, internet televiziya modelini yaradıb, ortaya çıxarmaq idi. Bununla bağlı bəzi cəhdlər olmuşdu. Ancaq həmin cəhdlər təəssüflə deyirəm ki, uğursuzluqla nəticələnmişdi. Azərbaycanda internet məkanında ilk dəfə analoq televiziya tipində internet kanalı yaratmaq istəyirdik. Bu, sırf xəbər kanalı olmalı idi. Ötən üç ildə məqsədlərimizin böyük hissəsinə nail ola bildik. Məqsədlərdən biri Azərbaycanda indiyə qədər olmayan bir modeli ortaya qoyan kollektivi formalaşdırmaq idi ki, bu proses də tam şəkildə başa çatıb. Zaman keçdikcə auditoriyanın nə istədiyini bilmək üçün müxtəlif layihələr həyata keçirdik. Ancaq əsas məqsəd APA TV-ni xəbər televiziyasına çevirmək idi. Xarici təcrübəni də öyrənərək, mərhələ-mərhələ bunu tətbiq etməyə başlamışdıq. Bu gün isə hesab edirəm ki, sırf xəbər üzərində qurulan telekanal yarada bilmişik. Daha dəqiq qiyməti, təbii ki, tamaşaçılar verə bilər. Gün ərzində 9 xəbərlər blokumuz, axşam saatlarında isə ana xəbər blokumuz efirə gedir. Blok şəkilində xəbərlərin dövriliyini gündə 2 dəfəyə çatdırmaq istəyirik”.
V.Məsimoğlu bildirib ki, texniki avadanlıq baxımından da APA TV istənilən telekanalla rəqabətə girə bilər: “Texniki imkanlarımız çox yüksəkdir. 2 studiyamız var və bu, hələlik bizim formatımıza uyğun olaraq, kifayət edir. Bundan başqa xəbər studiyamız da var. Eyni zamanda geniş operator heyətimiz var ki, onlar da dövrün ən müasir kameraları ilə təchiz olunublar. Uğurlarımızda bir qədər də müasir texnologiyalardan istifadə etməyimizin rolu olub. Bundan sonrakı əsas hədəflərimiz də xəbər istehsalı sahəsində rəqabətə dözməkdir. Eyni zamanda televiziya olaraq əlbəttə ki, işimiz təkcə xəbər hazırlamaqdan ibarət deyil. Maraqlı və rəngarəng, auditoriyanın marağına səbəb olan proqramlar hazırlamaq da bizim əsas işlərimizdəndir. İndiyə qədər 50-dən artıq müxtəlif səpkili layihələrimiz olub. Avqust ayından etibarən yeni layihələrimiz də olacaq. Çalışacağıq ki, tamaşaçıları bu layihələrlə öz ətrafımızda daha sıx birləşdirək”.
V.Məsimoğlu ilə söhbətimizdən sonra APA TV-nin studiyalarında olub, texniki avadanlıqları ilə tanış olduq. Daha sonra isə xəbər otağına yollandıq. Burada da hər kəs öz işinin başında idi. APA TV-nin baş direktorunun müşaviri İlqar Rəsulu bir qədər işindən ayırıb, kanalın başladığı yeni yayım siyasəti ilə bağlı fikirlərini aldıq.
İ.Rəsul bildirdi ki, əslində APA TV-də şou və əyləncəyə lap əvvəldən elə də çox yer verilməyib: “Bəzi verilişlər olub ki, əyləncəyə yaxın olub. Ancaq ümumilikdə, bütün verilişlər özündə informasiya daşıyıb. Televiziya işini əvvəlcədən xəbər üzərində qursa da, 20-yə qədər də layihələr var idi. Son olaraq isə yük xəbərə verildiyi üçün həmin layihələrin böyük bir qismini dayandırmalı olmuşuq. İndi xəbərdən başqa bir neçə layihələrimiz var. İndiki halda APA TV internet televiziyasından xeyli irəlidədir. Çalışırıq ki, xəbər yükümüzü artırmaq şərti ilə əlavə verilişlər də etməklə, tamaşaçılara yaxşı televiziya təqdim edək. Ən üstdə gələn məqsədimiz isə mümkün qədər bayağılıqdan qaçmaq və cəmiyyəti korlayan, hamılıqla baxıla bilməyən verilişlərdən uzaq olmaqdır”.
Yuxarıda da qeyd edildiyi kimi, kanal artıq daha çox xəbər və xəbəryüklü proqramlara üstünlük verir. Bu baxımdan demək olar ki, kanalın xəbər müdirinin məsuliyyəti bir qədər də artıb. APA TV-nin xəbər müdiri isə Cavid İsmayıldır.
C.İsmayıl bildirdi ki, internet televiziyanın bir sıra özəllikləri mövcuddur: “Xəbər süjetinin maksimum qısa olması burada əsas şərtlərdəndir. İndi insanlar daha çox informasiyanı internetdən alırlar. Bu baxımdan maksimum qısa xəbərlə insanların informasiya tələbatını ödəməyə çalışırıq. Xəbərlərimizin ən uzağı bir dəqiqə yarım, reportajlarımızın isə beş dəqiqə olmasına çalışırıq. “APA holdinq” bu kanalın yaradılması ilə daha bir uğura nail oldu. İnternet məkanında səviyyəli, peşəkar xəbər təqdimatına ehtiyac var idi. Bu iş də “APA holdinq”in boynuna biçildi. Kanalın fəaliyyətə başlamasının 3 ilinin tamam olması münasibəti ilə Vüsalə Mahirqızı başda olmaqla, bütün APA TV-nin kollektivini təbrik edirəm”.
Sonda APA TV-nin xəbər spikeri Nəsimi Nəbizadənin də fikirlərini aldıq. Onu da qeyd edək ki, Nəsimi Nəbizadə ilə görüşmək bizim üçün elə də asan olmadı. Çünki əksər hallarda Nəsimi bəy səsyazma otağında olur. Elə APA TV-də əksər xəbərləri də məhz Nəsimi Nəbizadə səsləndirir.
N.Nəbizadə bildirdi ki, APA TV ölkədə internet televiziyanın neçə olmasını nümunə kimi göstərə bildi: “Burada bütün kollektivin əməyi var. “APA holdinq”də iş bir sinerji şəkilində təşkil olunub. Mənə gəlincə isə deyə bilərəm ki, APA TV-yə qədər Azərbaycan Dövlət Televiziyasında sırf aparıcı kimi fəaliyyət göstərmişəm. Burada isə deyərdim ki, bir az başqa atmosferə düşmüşəm. Bu, çətin olmadı, ancaq asan da olmadı. Burada aparıcılıqdan əlavə xəbəri hazırlamaq, redaktə etmək işləri də var. Ümumiyyətlə, APA bir xəbər “zavod”udur. Çoxlarına burada işləmək asan gələ bilər. Əslində isə bu, o qədər də asan deyil. Burada işləmək məsuliyyət, bacarıq, savad tələb edir. APA artıq bir məktəb adını qazanmağı bacarıb. Bütün bunlara görə kollektivimizi təbrik edirəm”.