[b]Tovuzlu Novruz:[/b] ““İmperator Qavanı” şəhərinə gedib çıxdım" – ƏYALƏTDƏ KİM VAR, KİM YOX
11 noyabr 2015 16:50 (UTC +04:00)

[b]Tovuzlu Novruz:[/b] ““İmperator Qavanı” şəhərinə gedib çıxdım" – ƏYALƏTDƏ KİM VAR, KİM YOX

0

 

Kiçik qardaşım, anamın son beşiyi Novruz Rusiyanın Port-Vanino şəhərində yaşayır. Hazırda qardaşımın 44 yaşı var. Rusiya vətəndaşı Olqa Maqdanova ilə ailəlidi. Səbinə və Həlimə adında iki qız övladları var. Uşaqlar anamın və müəllimə bacımın himayəsində yaşayır, kəndimizdə orta məktəbdə oxuyurlar. Novruzla Olqa isə dolanışıq üçün Uzaq Şərqdə yaşayır, fürsət düşən kimi kəndə, ata yurdumuza qayıdırlar.

Bu yaxınlarda qardaşım həyat yoldaşı ilə kəndə, anama, uşaqlarına baş çəkməyə, adəti üzrə bir-iki ay Azərbaycanda yaşamağa gəliblər. Düşündüm ki, doğma qardaşım olanda nə olar, bu dəfə də sayt üçün Rusiya vətəndaşı olan qardaşımdan, onun ailəsindən yazım. Fikrimi onlara bildirəndə həvəslə razılaşdılar.

- Novruz, neçənci ildən Rusiyadasan?

- Bilirsən ki, əsgərliyimi sovet ordusunda, Leninqrad və Moskva ətrafında çəkmişəm. Əsgərliyi başa vurub kəndə qayıtdım, işsizlikdən bezib xırda ticarətlə məşğul olmaq üçün Xabarovsk şəhərinə, kəndçilərimin yanına getdim. O vaxt  demək olar ki, tay-tuşlarımın hamısı pul qazanmaq üçün Rusiyaya gedirdi. Beləcə, kəndli dostlarımla bazar alverilə məşğul oldum. Elə böyük pullar qazanmasaq da, birtəhər başımızı dolandırır, kənddəkilərə yardım edirdik. Beş ilə yaxın Xabarovsk vilayətində yaşayası oldum. Onda işsizlikdən əziyyət çəkən rus gəncləri də bizim kimi bazarlarda alverə başlayıb özlərinə xırda biznes yaradırdılar. Sən demə, Olqa da orta məktəbi bitirdikdən sonra bazarda alver eləmək qərarına gəlir və bu işə meyvə, göbələk satmaqdan başlayır. Biz beləcə, 1997-ci ildə təsadüfən bazarda tanış olduq və getdikcə biri-birimizə bağlandıq. Onun utancaq, saf, həm də qoçaq bir kənd qızı olması məni çox çəkirdi. Beləliklə, biz alverimizi birləşdirib vətəndaş nigahında yaşayası olduq. 1998-ci ildə ilk övladımız Səbinə dünyaya gəldi. Nə bilim, sonralar dolanışıq bizi Xabarovskdan da uzaqlara, hazırda yaşadığımız Vanino adlı liman şəhərinə aparıb çıxardı. Port-Vanino Sovet Qavanı adlanan şəhərin bir əyalətidi. Çar Rusiyası dövründə “İmperator Qavanı” adlanıb. Əvvəllər okean vasitəsilə gəmilərdə yapon maşınları, elektron avadanlıqlar gəlirdi, indi hər şey Rusiyanın özündə istehsal olunur.

- Yəni Yaponiya ilə ticarət dayanıb?

- Yox, dayanmayıb. Bizdən Çinə, Yaponiyaya, Koreyaya xammal göndərilir. Kömür daşıyan nəhəng gəmilər var ki, qatar vaqonları onların yanında kibrit çöpü kimi görünür. Texnika birbaşa vaqonları qaldırıb çevirərək yükünü gəmilərə boşaldır.

- Bir vaxtlar şəhərdə taksi sürürdün. Bəs, indi nə ilə məşğulsan?

- Hə, bir ara firmada taksi sürücüsü işlədim. Şəhərdə demək olar, hamı məni tanıyır. Taksilik işi olanlar firmaya zəng edib, adətən məni soruşar, mənim maşınımda getməyi arzulayırdılar. Çünki araq içməyən, siqaret çəkməyən adamam,  müştərilərə, xüsusən yaşlılara ehtiramla yanaşar, yüklərinə kömək edər, mənzil başına dəqiq çatdırardım. Yapon texnikasıdı, adam o maşınları bir barmağı ilə də idarə edə bilir. Taksidə qalan, itən əşyaları - ən çox da telefon düşərdi - sahibinə qaytarırdım.

- Gecə taksi sürmək qorxulu deyildi ki? Sərxoş sərnişin, filan...

- O mənada bizim şəhər çox sakitdi. Əksinə, müştəri sərxoş olanda pulu bir az da artıq verir. Orda polis qəddarlığı, OMON özbaşınalığı kimi şeylər görməzsən. Elə sakit yer olduğuna görə də uzaqlığına dözürük. Qazancımız bir şey olmasa da, artıq oraya öyrəşmişik.

- Azərbaycanlılar çoxdumu orda?

- Hər növ sənət sahibi olan azərbaycanlı var: ticarətçi, polis, həkim, hərbçi, dənizçi, maşın ustası, aşpaz...

- Ermənilər də çoxdumu?

- Var, kifayət qədərdi. Ordakı ermənilər bizimlə heç vaxt konfliktdə olmurlar, heç bunu arzulamırlar da. Biz də eləcə.

- Hazırda nə iş görürsünüz?

- Biz Olya ilə həmişə birgə çalışmışıq. Mən taksi sürəndə Olya mağazada işləyib. Yaxud, mən mal daşımışam, Olya satıb. Taksidən çıxdıqdan sonra bir mağazanın içində meyvə satmaq üçün ayrıca guşə kirayələmişik, soyuq vaxtlarda belə eləyirik. İsti olanda isə açıq havada alverə üstünlük veririk. Yəni bütün çətinlikləri həmişə birgə qarşılamışıq.      

- Orada darıxmırsınız?

- Darıxmağa vaxt tapanda darıxırıq, sözsüz. Əsasən, uşaqlar, doğmalar üçün darıxırıq. Əlbəttə, telefon, Skayp danışıqları adamın özünü əvəz edə bilməz. Bəzən evdə oturub onların uşaq vaxtlarını xatırlayır, özümüzü ovuduruq. Yollar çox uzaqdı, təsəvvür elə, Gəncədən dörd saat yarıma uçursan Novosibirskə, ordan da təzədən dörd saat uçursan Xabarovska, Xabarovskdan da qatarla bir sutka gedirsən ki, Vaninoya çatasan. Hələ yolpulunu demirəm. Yadındadı daa, arada gəlmişdik kəndə, uşaqlar böyüyüb dil açana qədər burda yaşadıq. Sonra baxdıq ki, əkinçiliklə bir şey eləyə bilməyəcəyik, məcburən Rusiyaya qayıtdıq...

Söhbətin bu yerində Olqa da bizə qoşulur.

Olqa:

- Burda yaşayanda inək saxlayırdıq, hamı kimi kartof əkirdik. Sacda çörək bişirir, yağ-pendir tuturdum. Ancaq Rusiyadan gələn dost-tanışlar Novruzu ayağı rezin çəkməli görüb dedilər, qayıt yanımıza. Axırda getməyə qərar verdik. Burda uşaqlar azərbaycanca danışırdılar. Ora çatan kimi Vaninoda bağçaya qoyduq, bircə aya ruscanı öyrəndilər. Sonradan yenə 2010-cu ildə Səbinəni beşinci, Həliməni isə dördüncü sinifdən çıxarıb kəndə gətirdik. Azərbaycan dilini bilmədiklərinə görə, məktəbdə bir sinif aşağıya götürdülər. İndi sərbəst danışır, dərslərinə davam edirlər. Eyni zamanda rusca da danışırlar.

- Bəs uşaqların özləri harda yaşamaq istəyirlər, Azərbaycanda, yoxsa Rusiyada?

Səbinə söhbətimizə qoşulur.

Səbinə:

- Əvvəlləri deyə bilmərəm, çünki yadımda deyil, ancaq indi yalnız Azərbaycanda yaşamaq istəyirəm. Həlimə də mənim kimi həmişə Azərbaycanda qalmağı arzulayır. Oraları gedib gəzmək olar, ancaq yaşamaq üçün buraya üstünlük

- Olya, bəs sən indi özünü hansı millətdən hiss eləyirsən, azərbaycanlısan, yoxsa rus?

- Mən azərbaycanlıyam, Novruz isə rusdu.

- Həə, sənin azərbaycanlı olduğunu bilirəm, bizim yeməkləri də çox dadlı bişirirsən. Novruz söyləyir ki, Kürdəmirdən olan qonşumuz Akif dayı deyir, Olya təmiz Tovuz ləhcəsində danışır. Bəs Novruz necə rusdu?

- Novruz qanunpərəstdi. Ancaq bizim azərbaycanlılar qanunu pozmağa çox meyllidi.

- Demək, sən özün, artıq, bir azərbaycanlı kimi  qanun pozmağa hazırsan?

- Yoox, qanun məsələsində rusluğumu saxlamışam. Bu mənada Novruz da çox şeylərdə azərbaycanlılığını saxlayıb.

- Bəs, ikilikdə olanda dalaşdığınız vaxtlar olurmu?

- Heç vaxt dalaşmırıq, mübahisədən o tərəfə keçməmişik. Biz biri-birimizi sevib evlənmişik. Hazırda Rusiyada doğma bacılarım da yaşayır, ancaq mənim üçün ən doğma insanlar övladlarım və Novruzdu. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar