<b>Təhsildə kredit sistemi: kəsri necə ödəməli? – <span style="color:red;">ARAŞDIRMA </b>
14 mart 2014 11:00 (UTC +04:00)

Təhsildə kredit sistemi: kəsri necə ödəməli? – ARAŞDIRMA

0

20 fevral. Bakı Dövlət Universitetinin (BDU) tələbələri təhsil krediti qaydalarının sərtləşdirilməsinə etiraz əlaməti olaraq izdihamlı aksiya keçirdi. Ertəsi gün təhsil nazirinin müşaviri İlham Pirməmmədov, nazirliyin şöbə müdirinin müavini Yaqub Piriyev və rektor Abel Məhərrəmovun iştirakı ilə narazı tələbələrlə görüş keçirildi.

 

24 fevral. BDU-da kredit sistemi ilə təhsil alan tələbə və magistrantların biliyinin qiymətləndirilməsi haqqında əsasnamənin tələbləri ilə əlaqədar rektorluğun genişləndirilmiş iclası keçirildi. Təhsil Nazirliyinin müvafiq məktubunun icrası ilə bağlı keçirilən iclasda 2013/2014-cü tədris ilinin qış imtahan sessiyası zamanı imtahanın nəticələrinə görə 17 və daha çox, semestr ərzində isə imtahan balı da daxil olmaqla, ümumilikdə 51 və daha çox bal toplayan tələbələrin müvəffəq qiymət almaları və nəticələrin onların nəzərinə çatdırılması barədə fakültə dekanlıqlarına müvafiq göstəriş verildi.

 

28 fevral. Prezident İlham Əliyev Kamal Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzaladı. Keçmiş rektor Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edildi.

5 mart. Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev vəzifəsindən azad olundu. Digər sərəncamla onun yerinə Ədalət Muradov rektor təyin edildi. (2004-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olan Şəmsəddin Hacıyev həm də Milli Məclisin Elm və təhsil komitəsinin sədridir – E.S.).

6 mart. Ötən ilin dekabrından başsız qalan Sumqayıt Dövlət Universitetinə də təyinat oldu. Prezidentin sərəncamı ilə Elxan Bahadur oğlu Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olundu. Universitetin əvvəlki rektoru Nadir Qəhrəmanov prezidentin müvafiq sərəncamı ilə tutduğu vəzifədən 2013-cü il dekabrın 16-da azad edilmişdi. Həmin vaxtdan indiyədək rektorun səlahiyyətlərini Elxan Hüseynov icra edirdi.

 

7 mart. Prezident İlham Əliyev Yusif Əmiralı oğlu Yusibovun Gəncə Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzaladı. Yusif Yusibov 2013-cü ilin dekabr ayından universitetin rektoru vəzifəsini icra edirdi.

 

Beləliklə, BDU tələbələrinin fevralın 20-də keçirdiyi aksiya ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən birinə çevrilə bildi. Məhz bu aksiyadan sonra 2 universitetin rektorunun dəyişdirilməsi, faktiki olaraq rəhbərsiz qalan 2 universitetə isə rektor təyinatının reallaşması, heç şübhəsiz, təsadüfi deyil. Yeni təyin olunan rektorların təhsil naziri Mikayıl Cabbarovun şəxsi iştirakı ilə həmin universitetlərin kollektivinə təqdim olunması BDU-dan başlayan tələbə etirazlarının sıradan narazılıq olmadığını deməyə əsas verir. Demək, ortada gerçəkdən düzgün olmayan, insanların sərbəst təhsil almaq hüququnu məhdudlaşdıran, yaxud da bu prosesdə süni və qeyri-qanuni maneə yaradan nələrsə var.  Elə BDU-dakı tələbə etirazından 3 gün sonra, fevralın 24-də rektorluğun genişləndirilmiş iclasında  qış imtahan sessiyası zamanı imtahana giriş balının 25-dən 17-yə endirilməsi də az şey demir.

 

İslahatların növbəti mərhələsi başlanır

 

Təhsil Nazirliyində hesab edirlər ki, 2014-cü il Boloniya sisteminin tələblərinə uyğun islahatların tətbiqi üçün yeni mərhələ olacaq. Artıq start verilmiş bu mərhələdə hər bir universitetdə islahatların daha çevik və sürətlə aparılması qarşıya məqsəd qoyulub. Bu arada daha bir neçə universitetdə rəhbər dəyişikliyinin olacağı barədə məlumatlar dolaşır. Məqsəd təkcə ənənəvi olaraq hər il semestr imtahanları ərəfəsində tələbələr arasında yaşanan bu tip narazılıqların aradan qaldırılması deyil, həm də təhsil sahəsində çoxdan başlanan, lakin olduqca ləng gedən islahatları sürətləndirmək, bu islahatların DÜZGÜN və SƏMƏRƏLİ şəkildə başa çatdırılmasına şərait yaratmaqdır. Bəli, BDU-da baş verən və böyük səs-küyə səbəb olan aksiya Boloniya sisteminin tətbiqi ilə əlaqədar ali təhsildə aparılan islahatların DÜZGÜN həyata keçirilmədiyini ortaya qoyub. Tələbə etirazlarından sonra aparılan araşdırmalarda məlum olub ki, bu islahatlar bəzi hallarda düzgün anlaşılmayıb. Hətta bu islahatların əsas mahiyyət və məqsədinin təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyi də unudulur.

 

Bəs, tələbələr nədən narazıdır? Boloniya prosesinin tələbinə uyğun olaraq universitetlərdə tətbiq olunan kredit sisteminin tətbiqi niyə birdən-birə bu qədər narazılığa səbəb oldu? Ümumiyyətlə, Boloniya prosesi universitetlərin qarşısına hansı öhdəlikləri qoyur?

 

Kredit sistemi tələbəni cəzalandırmaq deyil...

 

Bəri başdan deyək ki, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində Kredit Sistemi ilə Tədrisin təşkilinə dair” qərarına əsasən, hər tələbə təhsil aldığı müddətdə 240-300 kredit, başqa sözlə, hər semestrdə 30 kredit götürə bilər. Əgər tələbə öz istəyi ilə 30-dan artıq kredit götürürsə, bu halda ödəniş etməlidir. Bu qaydalara əsasən, tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda belə, akademik borca və davamiyyət probleminə görə universitetdən çıxarıla bilməz. Yəni kəsiri olan tələbə kontingentdə saxlanılmaqla, ödənişli və ya ödənişsiz əsaslarla oxumasından asılı olmayaraq, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər. Bu halda ödənişin məbləğini xüsusi ixtisaslar üzrə təhsil haqlarını 60-a bölməklə alınan nəticəni tələbənin kreditinin sayına vurmaqla müəyyənləşdirirlər.

 

BDU-da tələbələrin etirazına səbəb olan amil də budur. Çünki bununla bağlı heç bir maarifləndirmə aparılmadan birdən-birə yeni prosesin tətbiqinə başlanıb. Bu prosesin mahiyyəti odur ki, universitet dərs ilinin sonunda, yəni yay tətilində akademik kəsiri olan tələbələri altqrupa bölərək əlavə tədris üçün onlara müəllim ayırır. Bu zaman kəsiri olan tələbə müəyyən edilmiş ödənişi müəllimdən əlavə dərs alması üçün universitetə ödəyir. Halbuki, Boloniya sisteminə qoşulmuş heç bir ölkədə kreditə görə tələbə əlavə ödənişə məcbur edilmir. Yəni tələbə bakalavr təhsilini 3 ilə də, 4 və ya 5 ilə də başa vura bilər. BDU-da isə qayda belədir ki, tələbənin bir semestrdə məsələn, riyaziyyatdan kəsiri varsa və həmin fənn növbəti semestrdə də tədris olunursa, o, növbəti sessiyadakı imtahana buraxılmır. Nəticədə tələbənin avtomatik olaraq əlavə kəsiri də yaranır ki, bu da onun akademik və kredit borclarının artmasına səbəb olur. Belə ki, BDU-da tətbiq edilən qaydalara əsasən, tələbə hər akademik kəsrə görə bir kredit üçün 28 manat ödəməlidir. Bu zaman fənnin krediti 4 olduqda tələbə təkcə bir akademik borc üçün universitetə 112 manat ödəməli olacaq.

 

 

...ona stimul vermək vasitəsidir

 

Azərbaycan 2005-ci ildə Boloniya prosesinə qoşulmaqla təhsil sistemini beynəlxalq miqyasda qəbul edilmiş bu modelə uyğunlaşdırmaq öhdəliyi götürüb. Ölkəmizdə ilk dəfə Xəzər və Qafqaz universitetləri tərəfindən həyata keçirilən bu sistem 2006-2007-ci tədris ilindən etibarən eksperimental qaydada tətbiq edilməyə başlayıb. 2009-cu ildən Azərbaycanda bütün ali məktəblər kredit sisteminə keçib. Boloniya təhsil prosesinin əsas şərtlərindən olan kredit sisteminin əsas məqsədlərindən biri müvəffəqiyyəti mükafatlandırmaq və qeyri-müvəffəq olma ehtimallarını minimuma endirməkdir. Belə ki, bu sistem tələbənin fəallığının, praktik biliklərin və məşğələlərin, seçməli fənlərin, təcrübə saatlarının artırılmasına, tədqiqatçı vərdişlərinin əldə olunmasına təminat verir. Ən başlıcası isə kredit sistemi həm tələbədən, həm də müəllimdən tədris prosesinə daha artıq məsuliyyətlə yanaşmağı tələb edir. Sistem həmçinin təhsildə demokratik prinsiplərin bərqərar olmasına, fənlərin sayının, müəllim və tələbənin nəzəri dərs yükünün həcminin azaldılmasına gətirib çıxarır. Boloniya kredit sistemi zəif tələbəyə də öz potensialından axıra qədər istifadə etmək üçün şərait yaradır, tələbənin hər hansı subyektiv münasibətin, şəxsi-qərəzlik kimi amillərin qurbanı olması hallarının qarşısını alır. Hətta bir fəndən qeyri-müvəffəq qiymət almış tələbə uğurla başa vurduğu digər fənlər sayəsində kursda qalmaq, ali məktəbdən xaric olunmaq kimi sərt cəza tədbirlərindən sığortalanmış olur.

Beləliklə, akademik borca görə tələbəyə öz potensialından maksimim dərəcədə istifadə etməyə və bütövlükdə təhsilin keyfiyyətinin Avropa standartlarına uyğunlaşdırılmasına şərait yaradan Boloniya sisteminin əsas mahiyyəti və məqsədi həm də təhsildə subyektiv münasibətə, təsadüfi hallara və qərəzçiliyə yol verməməkdir. Ancaq görünür, Avropa təhsil məkanına inteqrasiyanın vacib şərlərindən olan kredit sisteminin Azərbaycanın bəzi universitetlərində düzgün tətbiq edilməməsi, bəzi hallarda isə islahatların məqsəd və mahiyyətinin təhrif olunması hökumətin bu məsələyə ciddi müdaxiləsinə zərurət yaradıb.  Son yarım ayda bir neçə ali təhsil müəssisəsinin rəhbərliyində aparılan kadr dəyişiklikləri də məhz bu zərurətin nəticəsi kimi qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7481

Oxşar yazılar