[b]Təhsildə ikili tabeçilik: nəyi və necə dəyişməli? - ARAŞDIRMA[/b]
31 iyul 2014 16:50 (UTC +04:00)

[b]Təhsildə ikili tabeçilik: nəyi və necə dəyişməli? - ARAŞDIRMA[/b]

0

“Təhsillə bağlı hər şey, hər sahə Təhsil Nazirliyinə etibar edilməlidir. Gənclərin gələcəyi bir çox cəhətdən ancaq Təhsil Nazirliyinə bağlıdır. Heç kəs Təhsil Nazirliyindən onun gücündən və səlahiyyətlərindən artıq heç nə ummamalıdır”.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, əməkdar elm xadimi, professor Şahlar Əsgərov Rayon Təhsil şöbələrinin (RTŞ) ləğv edilməsi və Regional Təhsil idarələrinin yaradılmasına münasibət bildirərkən belə deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyinə əlavə səlahiyyətlər verilməlidir ki, təhsillə bağlı bütün sahələrə mərkəzləşdirilmiş qaydada nəzarət etmək imkanı olsun: “Son vaxtlar təhsildə idarəetmənin təkmilləşdirilməsi istiqamətində atılan addımlar müsbətdir. Bu islahatın kulminasiya nöqtəsi Təhsil Nazirliyinin təhsilin bütün sahələrinə vahid mərkəzdən nəzarət edən, təhsilin təşkilinə və keyfiyyətinə məsuliyyət daşıyan güclü bir struktur kimi formalaşması olmalıdır. Əslində Rayon Təhsil şöbələri çoxdan ləğv edilməli idi. Bu baxımdan Regional Təhsil idarələrinin yaradılması çox müsbət haldır və güman edirəm ki, nəzərdə tutulan dəyişikliklər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə böyük təkan verəcək”.

 

Dövlətin də, vətəndaş cəmiyyətinin də bu işdə Təhsil Nazirliyinə dəstək verməli olduğunu deyən Şahlar Əsgərov hazırda təhsilə, xüsusilə də orta məktəblərə kənar müdaxilələrin olmasından narahatdır. Ancaq onun fikrincə, RTŞ-lərin ləğv edilərək Regional Təhsil idarələrinin yaradılması kənar müdaxilələrin qarşısını əhəmiyyətli dərəcədə azaldacaq: “Bu müdaxilələr təkcə idarəetmədə yox, həm də təhsilin keyfiyyətində problemlər yaradırdı. Ona görə Regional Təhsil idarələrinin yaradılması dəstəklənməli və hər kəs bu işdə Təhsil Nazirliyinə kömək etməlidir. Çünki ən böyük kapital təhsilə qoyulan kapitaldır və düşünürəm ki, ölkənin dayanıqlı inkişafını yalnız bu yolla təmin etmək olar”.

 

Prezident İlham Əliyev iyulun 24-də Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən indiyədək rayon icra hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərən  RTŞ-lər ləğv ediləcək. Bu şöbələrin bazasında 15 şəhər və rayonda (Sumqayıt, Gəncə, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı və Astara) Regional Təhsil İdarələri yaradılacaq. Prezidentin iyulun 24-də imzaladığı digər sərəncamla Təhsil Nazirliyinin strukturu təsdiq edilib. Sərəncama əsasən, 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq Regional Təhsil idarələri birbaşa mərkəzi icra hakimiyyəti orqanına – Təhsil Nazirliyinə tabe olacaq. Bu isə o deməkdir ki, yeni strukturda fəaliyyətə başlayacaq Regional Təhsil idarələrinin rəhbərləri rayon icra hakimiyyətlərindən asılı olmayacaq və onlar birbaşa Təhsil Nazirliyi qarşısında hesabat verəcəklər.

 

Günahkar kimdir: icra hakimiyyətləri, yoxsa nazirlik?

 

Xatırladaq ki, bəzi xırda istisnaları nəzərə almasaq, Təhsil Nazirliyi hazırda orta təhsilin yalnız təşkili və tədrisi funksiyasını həyata keçirir. Hətta regionlarda təhsili idarə edən orqanlara – RTŞ-lərə müdir təyinatı və ya onların bu vəzifədən azad edilməsi də rayon icra hakimiyyəti başçılarının səlahiyyətindədir. Yəni mövcud qaydalara əsasən, icra başçıları Təhsil Nazirliyinin rəyini nəzərə almadan istədiyi şəxsi RTŞ-yə müdir təyin edə və ya onu vəzifədən kənarlaşdıra bilər. Üstəlik müəllimlərin maaşını da rayon icra hakimiyyətlərinə tabe olan Maliyyə idarələri verir. Başqa sözlə, hazırda paytaxt Bakı istisna olmaqla bütün şəhər və rayonların  təhsil müəssisələri yerli büdcədən maliyyələşir. Bu isə o deməkdir ki, Təhsil Nazirliyi yerlərdəki təhsil müəssisələrinin idarə olunmasında faktiki olaraq heç bir səlahiyyətə malik deyil. Məsələ burasındadır ki, orta məktəblərə direktor təyinatı da birbaşa Təhsil Nazirliyinin səlahiyyətində deyil və nazirliyin müvafiq əmri rayon icra hakimiyyətləri razılaşdırılmalıdır.

 

Belə olan halda xeyli dərəcədə maraqlı və düşündürücü suallar ortaya çıxır: yerlərdə orta məktəblərə nəzarət funksiyasını yerinə yetirən RTŞ-lər niyə Təhsil Nazirliyinin deyil, rayon icra hakimiyyətlərinin tabeliyindədir? Niyə RTŞ-lərin müdirlərini, hətta əksər hallarda məktəb direktorlarını icra hakimiyyətinin başçıları təyin edir? Və nəhayət, məktəblərə və RTŞ-lərə nəzarət, hətta məktəblərin maliyyələşdirilməsi rayon icra hakimiyyətlərinin ixtiyarında olduğu halda təhsilin keyfiyyətinə görə məsuliyyəti Təhsil Nazirliyinin üzərinə qoymaq hansı məntiqə sığır?

 

Sabiq təhsil naziri Misir Mərdanovun da tez-tez dilə gətirdiyi bu sualların cavabı prezidentin iyulun 24-də imzaladığı sərəncamda öz əksini tapır. Daha doğrusu, sərəncamdakı əsas müddəalar bu sahədəki boşluqların aradan qaldırılmasına yönəldilib. Elə professor Şahlar Əsgərov da hesab edir ki, sərəncamda nəzərdə tutulan tədbirlər məhz bu tip cavabsız suallara yer qoymayacaq. Onun fikrincə, indiyə qədər mövcud olan qaydalar orta təhsildəki ikili tabelik yaradırdı və bütün bunlar rüşvətə, subyektivliyə, ən sonda isə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarırdı. Lakin Regional Təhsil idarələrinin yaradılması ilə Təhsil Nazirliyi yerlərdə təhsilin idarə olunmasına da nəzarət etmək imkanı qazanır: “Təhsildəki problemləri aradan qaldırmaq üçün ilk növbədə bu problemi yaradan səbəblər aradan qaldırılmalıdır. Tibbi terminlərlə desək, artıq təhsilimizdəki xəstəliyin diaqnozu öz təsdiqini tapıb. Yəni Rayon Təhsil şöbələrinin müdirlərini icra başçıları qoyursa, hətta məktəbə direktor təyinatı da icra başçıları ilə razılaşdırılırsa və Təhsil Nazirliyi bu prosesdə iştirak etmirsə, onda nazirlik təhsilin keyfiyyət məsələlərinə də ciddi nəzarət edə bilmir. Ancaq Regional Təhsil idarələri fəaliyyətə başladıqdan sonra Təhsil Nazirliyi idarəetməni özü qurmaqla yanaşı keyfiyyətə də müdaxilə edə biləcək. Biz təhsil sisteminin işlək mexanizmini bu yanaşmada görürük və fikrimcə, prezidentin imzaladığı sərəncam orta təhsildəki əsas problemləri həll etməyə imkan verir”.

 

Bəs, Regional Təhsil İdarələrini necə formalaşdırmalı ki, bütün gözləntilər özünü tam şəkildə doğrulda bilsin?

 

Bəri başdan deyək ki, ölkənin təhsil ictimaiyyətində böyük rezonans doğuran bu dəyişiklik Azərbaycan üçün heç də yeni deyil. Belə ki, hələ 8 il əvvəl, 2006-cı ildə paytaxtın 11 rayonunun təhsil şöbələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) birləşdirilməsi ilə bu sahədə kifayət qədər təcrübə qazanılıb və nəticə də ortadadır. Prezident İlham Əliyevin 31 mart 2006-cı il tarixli sərəncamı ilə BŞTİ də Bakı Baş Təhsil İdarəsinin bazasında, paytaxtdakı RTŞ-lərin ləğvi hesabına yaradılmışdı. Həm də nəzərə alsaq ki, BŞTİ eksperiment layihə olaraq yaradılmışdı və gələcəkdə belə qurumların regionlarda da formalaşdırılması nəzərdə tutulurdu, onda Təhsil Nazirliyi bu dəyişikləri həyata keçirməkdə ciddi problemlərlə üzləşməməlidir. Artıq prezidentin bu sərəncamından dərhal sonra Təhsil Nazirliyində işçi qrup da yaradılıb. İşçi qrup RTŞ-lərin ləğv edilərək onların əvəzində Regional Təhsil İdarələrinin yaradılması ilə əlaqədar Təhsil Nazirliyinin üzərinə düşən vəzifələrlə bağlı müvafiq təkliflər hazırlayacaq.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin uğur modeli

 

Beləliklə, 8 il əvvəl bir növ pilot şəklində olsa belə, BŞTİ-nin timsalında Regional Təhsil İdarələri kimi kifayət qədər təkmil və özünü doğrultmuş bir qurum yaradılıb. Yəni artıq belə bir model var və Regional Təhsil İdarələrinin formalaşdırılması üçün BŞTİ-nin hansı mərhələlərdən keçdiyini izləmək, onun əldə etdiyi nəticələrə baxmaq kifayətdir.

Bəs, Bakı şəhərində mərkəzləşdirilmiş təhsil qurumunun yaradılması orta təhsil sisteminin inkişafına nə verdi?

 

BŞTİ-nin yaradılması hər şeydən əvvəl digər icra strukturlarının məktəblərə yersiz müdaxilələrini minimuma endirdi. Azərbaycan təhsilində müəllimlərin mərkəzləşdirilmiş imtahanla işə qəbulu, məktəbli formalarının ilk dəfə tətbiqi də BŞTİ tərəfindən həyata keçirilib. Sonradan isə bu müsbət təcrübələrin hamısı mərhələ-mərhələ ölkənin digər regionlarını əhatə etməyə başlayıb. Bakı şəhərində vahid idarəetmə nəticəsində tətbiq olunan bu dəyişikliklər təhsilin keyfiyyətinin yüksəldilməsinə də şərait yaradıb. Statistik rəqəmlərə baxaq: 2006-cı ildə Bakı şəhərində 33 min 491 nəfər pedaqoji işçi var idisə, 2012-ci ildə bu göstərici 29 min 100 nəfərə enib. Bu, o deməkdir ki, BŞTİ yarananadək Bakı məktəblərində çalışan pedaqoji işçilər arasında 3-5-6 saata işləyən çoxlu sayda müəllimlər olub və paytaxtda süni sürətdə müəllim sıxlığı yaradılmışdı. Yaxud 2006-cı ildə Bakı məktəblərində sinif komplektləri olmayan və yalnız yığma saatlar hesabına işləyən 1400 ibtidai sinif müəllimi olub. 2012-ci ildə paytaxtda yığma saatlar hesabına işləyən ibtidai sinif müəllimlərinin sayı 0-a endirilib (Bu, həm də Bakıda müəllimlərin ağrısız attestasiyası anlamına gəlir. Halbuki həm Təhsil Nazirliyi, həm də bütövlükdə pedaqoji ictimaiyyət müəllimlərin attestasiyası məsələsinə son dərəcə ehtiyatla yanaşır –E.S.). Bunun nəticəsində Bakıda müəllim-şagird sıxlığı 10,3-dən 11-ə qaldırılıb və bütün bunlar təhsilin keyfiyyətinə təsir göstərməyə bilməz.

 

Təhsilin keyfiyyətinin müəyyən edilməsinin əsas kriteriyalarından biri də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə qəbul üçün keçirdiyi imtahanların statistik nəticələridir. TQDK-nın elmi-statistik təhlillərində BŞT-nin yaradılmasından sonrakı 8 il müddətində paytaxt məktəblərini bitirən məzunlar arasında ali məktəblərə qəbulolma faizinin yüksəldiyi açıq şəkildə görünür. Məsələn, 2006-cı ildə paytaxt məktəblərinin məzunları arasında “tələbə” adını qazananların sayı respublika üzrə bütün abituriyentlərin 34 faizini təşkil edirdisə, 2013-cü ildə bu göstərici 57 faizə qalxıb. Son 8 ildə bu göstəricinin iki dəfəyə yaxın artması heç şübhəsiz, 2006-cı ildə eksperiment kimi yaradılan BŞTİ-nin fəaliyyətinin nəticəsidir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin formalaşmasında əvvəldən sonadək iştirak etmiş, bu qurumun əldə etdiyi nəticələrdə əvəzsiz xidmətləri olmuş pedaqoq, BŞTİ-nin strateji təhlil, planlaşdırma və kadrların idarə olunması sektorunun müdiri vəzifəsində çalışmış Bəhmən Nəbiyev də qazanılmış nailiyyətlərin asan başa gəlmədiyini deyir. Onun sözlərinə görə, 8 ildə Bakı məktəblərinin məzunlarının əldə etdiyi 23 faizlik yüksəliş təhsilin keyfiyyətində digər regionların məzunlarını üstələməsi hesabına əldə edilib: “Bu, digər regionlarla müqayisədə Bakı şəhərində təhsilin keyfiyyətinin sürətlə yüksəlməsinin nəticəsi idi. Yəni Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılması və 8 illik fəaliyyətinin nəticəsidir ki, bu cür yüksək nailiyyətə nail olundu. Bircə fakt deyim ki, 2006-cı ilə Bakı məktəblərinin tələbə qəbulu imtahanlarında topladıqları orta bal 230 idisə, 2012-ci ildə orta bal 260-a qalxmışdı. Bu fakt da Bakı şəhərində təhsilin keyfiyyətinin yüksəldilməsinin göstəricisidir”.

 

Bəhmən Nəbiyev hələ 2006-cı ildə eksperiment kimi yaradılan BŞTİ-nin bu nailiyyətlərinin indi regionlarda da tətbiqinin vaxtı çatdığını düşünür və hesab edir ki, bölgələrdə RTŞ-lərin ləğv edilərək Təhsil Nazirliyinin tabeliyində Regional Təhsil İdarələrinin yaradılması barədə qərar əslində gözlənilən idi. Bu qərarı təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm amil kimi dəyərləndirən pedaqoqun fikrincə, prezidentin 24 iyul 2014-cü il tarixli sərəncamı gələcəkdə təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm amil olacaq: “Çünki 8 il əvvəl Bakı Baş Təhsil İdarəsi ləğv olunanda əsas məqsədlərdən biri təhsildə idarəetməni normal, yəni keyfiyyətə yönəlik işlək hala gətirmək idi. Biz hələ Bakı Şəhəri üzrə Təhsil İdarəsini formalaşdırarkən qarşıya belə bir məqsəd qoymuşduq ki, mərkəzi idarəetmə sisteminin qurulması da, pedaqoji kadrların seçimi də, əməkhaqqı, məktəblərdə davamiyyət və nizam-intizam məsələləri də - hər şey təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət etməlidir. Biz müəllimlərin işə qəbulunun kriteriyalarını işləyib hazırladıq və əsassız yollarla işə götürülənləri məktəblərdən kənarlaşdırdıq. Bütün bunlara kənar müdaxilələrdən uzaq güclü idarəetməni qurmaqla nail olduq”.

 

Bəhmən Nəbiyev bölgələrdə RTŞ-lərin indiyədək yerli icra hakimiyyətlərinə tabe olması və bu qurumların rəhbərlərinin də icra hakimiyyəti tərəfindən vəzifəyə təyin olunmasının təhsilin idarəçiliyi ilə yanaşı keyfiyyətinə də mənfi təsir göstərdiyini gizlətmir. O qeyd edir ki, bu cür idarəçilik təhsilə kənar və yersiz müdaxilələr üçün geniş imkanlar yaradırdı. Bu cür müdaxilələr isə nəticə etibarilə təhsilin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxarırdı: “Baxmayaraq ki, təhsil vahid bir sistemdir və onun nə dərəcədə keyfiyyətli olması ilk növbədə təhsili idarə edən adamlardan asılıdır. Ona görə də bu sahə bütöv bir sistem olaraq təhsili idarə edən qurumların səlahiyyətinə verilməlidir. Amma bu o demək deyil ki, digər qurumlar kənarda qalmalıdır. Yəni təhsil elə bir sahədir ki, bütün cəmiyyət bu sahədə yaranan problemlərlə məsğul olmalı və hər kəs öz köməyini göstərməlidir. Təhsilin keyfiyyəti, təhsil sistemi o zaman uğurla inkişaf edəcək ki, bütün cəmiyyət və aidiyyəti qurumlar ölkəmiz üçün prioritet olan bu sahəyə öz dəstəyini əsirgəməsin”.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3340

Oxşar yazılar